Tanınmamış Cənubi Osetiya respublikasının hazırkı prezidenti Anatoli Bibilov ölkədə referendum keçirilməsi barədə fərman imzalayıb.
Qeyd edək ki, Bibilov Cənubi Osetiyanın Rusiyaya birləşməsi ilə bağlı referendumun keçirilməsi haqqında fərman verib. Sənəd Cənubi Osetiya rəhbərinin saytında dərc olunub.
Referendumun keçirilmə tarixi iyulun 17-dir. Fərman imzalandığı gündən qüvvəyə minir.
İndi isə tarixə qısa nəzər salaq:
Xatırladaq ki, 14 sentyabr 1993-cü ildə Cənubi Osetiyanın iqtisadi infrastrukturunun bərpası ilə əlaqədar Rusiya-Gürcüstan hökumətlərarası sazişi imzalandı. Həmin sazişdə planlaşdırılırdı ki, 1993-1997-ci illər ərzində hər iki tərəf Cənubi Osetiyanın bərpa edilməsi üçün vəsait ayıracaq. Lakin faktiki olaraq bu saziş yerinə yetirilmədi. Osetin tərəfi gürcüləri vəsait ayırmamaqda ittiham edirdi. Ancaq faktiki olaraq Gürcüstanın o zamankı iqtisadi durumu bu vəsaitlərin ayrılmasını imkansız edirdi ( Bu sazişdən 7 il keçdikdən sonra Rusiya və Gürcüstan arasında analoji bir saziş imzalansa da onun aqibəti birincidən heç nə ilə seçilmədi).
1994-cü ildə gürcü-osetin münaqişəsində fəaliyyət göstərən sülhməramlıların əsasnaməsi təsdiqləndi. Qarışıq qüvvələrin komandanı Rusiya idi. 1995-ci ilin oktyabrında Şimali Osetiyanın paytaxtında gürcü, Rusiya və hər iki osetin tərəflərinin və ATƏT-in nümayəndələrinin iştirakı ilə protokol imzalandı. Bu sənədlərin imzalanmasında vasitəçi kimi iştirak edən Rusiya əslində gürcülərin çıxılmazlığından istifadə edirdi.
2003-cü ildə Gürcüstanda baş verən Narıncı İnqilab sonrası vəziyyət daha da gərginləşdi. Mixail Saakaşvili hakimiyyətinin yürütdüyü qərbyönümlü siyasət və NATO -nun şərqə doğru genişlənməsi Rusiyanı narahat edirdi. Cənubi Osetiya və Abxaziya sakinlərinə Rusiya pasportları verilməsi sürətlənirdi. Qərbin dəstəyini hiss edən Gürcüstan prezidenti 31 may 2004-cü ildə osetin-gürcü münaqişə zonasına daxili qoşun birləşmələrini göndərir. 2004-cü ilin iyul ayında münaqişə zonasında atəşkəs tez-tez pozulmağa başlayır. Gürcüstan rəsmilərinin bəyanatlarında rusların Transqafqaz yolu ilə osetin separatçılarına yardım göstərdikləri haqqında fikirlər səslənirdi. Bunun əsas tutaraq 19 avqust 2004-cü ildə gürcü hərbi birləşmələri bu yolun yaxınlığındakı bir kəndi tutdular. Lakin gürcülər bu irəliləyişlərini davam etdirə bilmədilər. ATƏT və Rusiyanın təzyiqləri nəticəsində gürcülər öz qoşunlarını Cənubi Osetiya yaxınlığından geri çəkdilər.
1 avqust 2008-ci ildən etibarən Cənubi osetiyalı separatçılar gürcü kəndlərini atəşə tutmağa başladı.Təhlükəsizliyi bərpa etmək məqsədilə 7 avqust tarixində Gürcüstan Ordusunun bölmələri Cənubi Osetiya münaqişə zonasına göndərildi. Bir neçə saat ərzində gürcü qoşunları separatçıların əsas dayaq məntəqəsi hesab edilən Tsxinvalinin böyük bir hissəsinə nəzarəti ələ keçirdi.
Rusiya qoşunları qeyri-qanuni olaraq Rusiya-Gürcüstan dövlət sərhədini keçdi və 7 avqustda gürcülərin cavab həmləsindən əvvəl Cənubi Osetiya münaqişə zonasına daxil oldu. Rusiya hökuməti Gürcüstanı "Cənubi Osetiyaya qarşı aqqresiyada" təqsirləndirdi və 8 avqust tarixində "sülhü təmin etmə" əməliyyatı adı altında havadan, qurudan və dənizdən Gürcüstan ərazisinə genişmiqyaslı hücuma başladı.
Gürcüstan hökuməti 10 avqustda birtərəfli atəşkəs elan etdi. Cənubi Osetiyada yerləşən gürcü qoşunlarının bu ərazidən çıxarılacağı açıqlandı. Buna baxmayaraq, Rusiya bu atəşkəs təklifini qəbul etmədi.12 avqustda Fransa prezidenti Nikola Sarkozi ilə müzakirə olunan atəşkəs razılaşmasından sonra hərbi əməliyyatlar həmin gün saat 15:00-dan etibarən dayandırıldı, lakin rus qoşunları hələ də hücumu dayandırmamışdı.
İşğal 22 avqusta qədər davam etdi...
JASMİN