Qüdrət Həsənquluyev: “ABŞ bu müharibəyə ona görə imkan verdi ki, Rusiyanı zəiflətsin, Avropa İttifaqını və NATO-nu isə öz ətrafında sıx birləşdirsin”
Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin “Xalq cəbhəsi” qəzetinə müsahibəsi...
- Qüdrət bəy, ABŞ-da 19 şagirdin və 2 müəllimin 18 yaşlı bir gənc tərəfindən güllələnərək qətlə yetirilməsinə münasibətinizi bilmək istərdik.
- Bu hadisəyə çox üzüldüm, Allah bu günahsız insanların yerini behiştlik, buna şərait yaradan siyasətçilərə isə lənət eləsin.Təəssüf ki, bu nə birinci hadisədir, nə də sonuncu olmayacaq. Mövcud ABŞ siyasi sisteminin korrupsiyalaşması, iki partiyalı sistemin çürüməsi göz önündədir. ABŞ Konstitusiyasına görə insanların silah əldə etmək hüququna istinad edib, qanunla silah əldə etmək hüququnun məhdudlaşdırılmaması ABŞ siyasi elitasının əksər üzvülərinin Amerika Silah Assosiasıyasından qidalanmasından və faydalanmasından qaynaqlanır. Hər belə hadisədən sonra ABŞ Prezidentləri, konqres üzvüləri timsah kimi yalandan göz yaşı tökürlər,başqalarını ittiham edirlər, amma özləri real olaraq heç bir addım atmırlar. Konstitusiyanı dəyişmək də mümkündür, əgər istək olarsa. Amma Konqres üzvüləri korporativ maraqlarından çıxış edərək bunu etmirlər, çoxsaylı kütləvi etirazlara, ictimai təzyiqlərə baxmayaraq. Bəlkə öz övladlarının başına gələ onda ola bilsin mövqelərini dəyişələr.
- Ukraynada müharibənin başlamasından 3 ay keçdi... Hadisələrin gedişi barədə nə deyə bilərsiniz?
- Əvvəllər də söyləmişəm ki, döyüş meydanında kimin qalib gələcəyindən asılı olmayaraq artıq indididən demək olar ki, strateji və insan itkiləri baxımından, hər iki tərəf uduzub. Bu müharibədən qaçmaq lazım və mümkün idi. Təəssüf ki, bunu edə biləcək şəxslərin buna müdrikliyi çatmadı. ABŞ tərflərdən heç birinin qalib olmasında maraqlı deyil. Ukraynanın qələbəsi Rusiyanın parçalanmasına və proqnozlaşdırılması çətin olan hadisələrə yol aça bilər. Rusiyanın qələbəsi isə ABŞ -a olan inamı sarsıdar və ABŞ-ın özünün dağılmasına yol açar. Ona görə Ukraynaya o həddə kömək ediləcək ki, Rusiya onunla masa arxasında əyləşsin. Hadisələrin gedişi onu göstərir ki, Qərb Ukraynanı güzəştə məcbur edəcək. ABŞ bu müharibəyə ona görə imkan verdi ki, Rusiyanı zəiflətsin, Avropa İttifaqını və NATO-nu isə öz ətrafında sıx birləşdirsin. Çünki onu əsas rəqibi olan Çinlə böyük toqquşma gözləyir.
- Bakı səmasında keçirilən hərbi təyyarələrin təlimlərinə münasibətiniz necədir?
- Qürurvericidir, amma qəza ehtimalı və sakinlərin təhlükəsizliyi baxımından doğru saymıram.
- Ermənistanın 22 mayda Brüsseldə əldə olunmuş razılaşmaları yerinə yetirəcəyinə ümidiniz varmı?
- Çox istərdim ki, Ermənistan yeni qarşıdurmadan qaçmaq üçün beynəlxalq hüquqa hörmət etsin. Amma o müstəqil dövlət deyil və böyük güclər təəssüf ki, münaqişənin həllində hələ ki, maraqlı görünmür. Bürüsseldə əldə olunmuş razılaşmaların rəsmi sənədlə təsdiq olunmaması da dediklərimin əyani sübutudur. Münaqişənin həlli hazırda daha çox özümüzdən və Rusiyadan asılıdır. Biz ermənilərə təzyiqləri artırmalı, Rusiya ilə daha çox işləməliyik. Şarl Mişel də bilməmiş deyil ki, Ermənistan Rusiyasız heç bir qərar qəbul edə bilməz. Bundan başqa Türkiyə 44 günlük savaş dönəmində olduğu kimi Azərbaycanın öz ərazisində suverenliyinin bərpa olunması məsələsini tez-tez gündəmə gətirməli, Qarabağda Azərbaycanla birlikdə iri miqyaslı, bütün qoşun növlərinin iştirakı ilə hərbi təlimlər keçirməlidir. Azərbaycan sürətlə peşəkar ordu quruculuğunu başa çatdırmalı, əlavə müasir silahlar alınmalıdır...