Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, çərşənbə günü İstanbulda keçirilən dördtərəfli danışıqların iştirakçıları Ukrayna taxılının dəniz yolu ilə ixracı üçün koordinasiya mərkəzinin yaradılması barədə razılığa gəliblər.
Tezadlar.az bildirir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb. Sitat: “Dördtərəfli görüşdə liman çıxış nöqtələrində ortaq nəzarət, köçürmə yollarında gəliş və naviqasiya təhlükəsizliyi kimi texniki məsələlərdə razılıq əldə olunub”.
Hulusu Akarın sözlərinə görə, gələn həftə Ukrayna və Rusiya nümayəndə heyətləri bütün detalları razılaşdırmaq və müvafiq sazişi imzalamaq üçün yenidən Türkiyədə görüşəcəklər. Daha əvvəl BMT-nin sözçüsü Farhan Haq bildirmişdi ki, Təşkilat danışıqları “müsbət bir şey” hesab edir.
Məlum olduğu kimi, Rusiya, Ukrayna və Türkiyə hərbi nümayəndə heyətləri qlobal ərzaq böhranının kəskinləşməsi fonunda Ukraynanın taxıl ixracının bərpasına dair danışıqlar üçün çərşənbə günü İstanbulda BMT rəsmiləri ilə görüşüb. Rusiyanın malların daşınması ilə bağlı atəşkəsə razılıq verməsi planlaşdırılır və Türkiyə BMT-nin dəstəyi ilə Rusiyanın silah qaçaqmalçılığı ilə bağlı narahatlığını aradan qaldırmaq üçün gəmiləri yoxlayacaq.
Danışıqlar zamanı hansı irəliləyişin əldə olunduğu hələlik məlum deyil. Xarici işlər naziri Dmitri Kuleba isə bildirib ki, Ukrayna limanlarından taxıl ixracı gəmi sahibləri, yük sahibləri və müstəqil dövlət kimi Ukrayna üçün təhlükəsizlik zəmanəti olmadan bərpa olunmayacaq.
A.Məmmədli