Bu gün Azərbaycan xalqının görkəmli şəxsiyyətlərindən biri, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi(1950-2009), professoru(1965-2009) və müdiri (1970-1971), Xalq şairi, dramaturq və ədəbiyyatşünas, Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət mükafatı laureatı (1984), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990-1995), Milli Məclisin deputatı (1995-2005), akademik Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925-2009) anadan olmuşdur.
Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində anadan olmuşdur. 1934-cü ildə onun ailəsi Bakıya köçmüşdür. Burada orta məktəbi bitirdikdən sonra BDU-nun Filologiya fakültəsində təhsil almışdır (1942–1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. Bəxtiyar Vahabzadənin yaradıcılığı poeziyamızın mütərəqqi ənənələri ilə bağlı olan həyəcanlı, mənalı, ahəngdar yaradıcılıq olmuşdur. O, fikir söyləyən, hadisənin mahiyyətinə nüfuz edən surətin daxili aləmini açmağı bacaran, poemada epik təsviri lirik haşiyələr və kəskin dramatik münaqişələrlə üzvi şəkildə bağlamağı sevən şairdir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur.
Bəxtiyar Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.
Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Bakı çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.
1990-cı ildə Rus imperiyasi önündə əli yalin dayanan, saysiz-hesabsız səhidlər verən xalqımızın çətin günlərində sinəsini qabağa verib açıq mübarizə aparan nadir şəxslərdən olmuşdur. Onun «Şəhidlər» poeması Azərbaycan milli istiqlal ədəbiyyatının kamil nümunəsidir. Qüdrətli söz ustası, cəsarətli publisist, ədəbi-bədii prosesin təşkilatçısı kimi tanınan B.Vahabzadə ömrünün son illərində xalqı düşündürən bir çox məsələlərdə, o cümlədən uydurma Qarabağ problemi ilə əlaqədar məsələlərdə ağsaqqal kimi ciddi fəaliyyət göstərmişdi. Həmçinin o, ana dilimizin saflığı, təmizliyi uğrunda ömrü boyu yorulmadan mübarizə aparıb.
Respublika Ali Sovetinin sessiyalarında, universitet auditoriyalarında, ictimai-siyasi məclislərdə, kütləvi informasiya vasitələrindəki çıxışlarında o, xalq mənafeyinin əsl müdafiəçisi, həqiqi vətənpərvər və ictimai xadim kimi hamının dərin hörmət və məhəbbətini qazanıb. Yaradıcılığı boyu xalqın istək və arzularını tərənnüm edən, bu arzuların həyata keçməsinə çalışan vətəndaş şair üçün xalqın mənafeyi onun şəxsi mənafeyinə çevrilib.
Böyük şəxsiyyət şikayət dolu məktublar alanda da, milyonların alqışı ilə çıxış edəndə də, ünvanına yönələn qərəzli yazılar qəzetlərdə işıq üzü görəndə də, mitinqlər baş verəndə də, qonşunun - düşmənin xalqımıza qarşı iftiralarını eşidəndə də, qanlı yanvar hadisələrində sovet imperiyasının generalıyla Azərbaycan televiziyasında üz-üzə gələndə də əsl ziyalı, qətiyyətli vətəndaş, qeyrətli Azərbaycan oğlu olmuşdur.
Görkəmli alim və şair Bəxtiyar Vahabzadə 2009-cu il fevral ayının 13-də, 83 yaşında Bakıda vəfat etmiş, cənazəsi fevralın 14-də Prezidentin iştirakı ilə Bakı Dövlət Universitetində keçirilən təntənəli dəfn mərasimindən böyük izdihamla götürülərək Birinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Allah rəhmət eləsin!
***
Bəxtiyar Vahabzadə
Axı dünya fırlanır
Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığıımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasın, axı, dünya fırlanır.
Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.
Dünən düz sandığımı bu gün əyri sanıram.
Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,
Niyə də fırlanmayım, axı, dünya fırlanır…
Çox əyilən görmüşəm, əyilməyən başları.
Sular duruldu, gördük dibindəki daşları
Ünvanmı dəyişdi dünənin alqışları;
Niyə də dəyişməsin, axı, dünya fırlanır…
Necə dönür bu dövran, necə dönür bu gərdiş,
Tazılarm üstünə dovşanlar da gülərmiş.
Dünya bina olandan hər şey dəyişilərmiş,
Dəyişməsin neyləsin, axı, dünya fırlanır.
Əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım,
Bütlər gəldi və getdi, birinə inanmadım
Niyə inanmalıyam, axı, dünya fırlanır.
Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanm xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.
Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır,
Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,
Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.
***
...Yeri behişt olsun!
Təqdim etdi: Asif MƏRZİLİ