...Xatırlayıram, Sevinc Osmanqızı əlində layihəsi Bakıda qapılar döydü, ona şərait yaradılmadı. O da getdi vətənini satdı, ailəsini dağıtdı. Əlindəki layihəsini də millətinin, dövlətinin siyasi hakimiyyətin maraqlarına qarşı var gücü ilə istifadə elədi. Üstəlik ciddi auditoriya yığdı. Auditoriyası yoxdur deyib, özünüzü və kimisə aldada bilərsiniz. Amma bir qanun var bu informasiya siyasəti işində, düşmənin də, rəqibin də ən xırdasını belə küçümsəməyəcəksən.
Bizim Xədicə İsmayıl. Ona sevə-sevə toppuş da deyirdim mən zamanında. O qədər yaxın ünsiyyətimiz yox idi. Amma o qızın istedadı və qələmi kimsəyə sirr deyildi. Xədicənin də məsələsini təkrarlamıram. O söz dedi, qarşı tərəf hədələdi, təhqir elədi. O layihə verdi, qarşı tərəf dışladı. Sonunda da ona bir qadına edilə biləcək ən alçaq işi elədilər. Nəticə? Nəticə o ki, Azərbaycanı ən yüksək səviyyədə xaricdə təmsil edə biləcək bir imzanı Azərbaycan dövləti, xalqı və mediası itirdi. Hətta düşmənə çevirdi. Özünə və həmkarlarının çoxuna qarşı. Sonra Xədicənin qardaşı balası şəhid oldu 44 günlük sonuncu Qarabağ savaşında. Bu isə o deməkdir ki, adamın üzdə sərgilədiyi siyasi mövqe içindəkindən fərqli imiş. Çünki o uşağı böyüdənlərdən biri də Xədicə idi. Amma o içində elə incik idi ki, dövlətinə ailəcə nifrət etdikləri təəssüratını yaradırdı kənar üçün. Evinin içində vətənpərvər bir bala yetişdirirmiş qardaşı ilə birgə.
Qənimət Zahid. O mənim redaktorum olub, dəyərli imzalarından biri idi məmləkətin. Bir anlaşılmayan məsələ üzərindən, adamın şəxsi həyatının nə qədər gizlini vardı, hamısını sosial şəbəkələrə tökdülər ən eybəcər formada. İndi Fransadan məmləkətinə od püskürür.
Rauf Mirqədirov. Ona indi də sayğım var. Hətta bunu bir dəfə TV efirindən demişəm. Haqq üçün dövləti və milləti əleyhinə heç bir söz demir, elə burda dediyini deyir xaricdə də. Amma adamı burda danışdığı, söz dediyi üçün tutdular. Min əzabdan keçirdilər. Rauf anasının dəfn mərasiminə belə qatıla bilmədi. Halbuki ölkədə rusdilli yazar, analitik deyəndə ilk ağıla gələn az sayda adamlardır.
Bu dörd adı niyə çəkdim? Onlar düşmən, rəqib olmaya bilərdilər. Bizlərlə də Azərbaycanın siyasi hakimiyəti, dövləti ilə də. Gedib başqa dövlətdə yaşamaya da bilərdilər. Və əmin olun, onların qarşısında nə Simonyan durardı, nə də başqaları. Sizə lazım olmadıqları üçün, onları dövlətin ali rəhbərliyinin də gözündən saldınız zamanında. Bu adamları media siması, insan kapitalı kimi də özünüz xərcləmisiniz, özünüz satılmasını istəmisiniz, baş götürüb getməsinə şərait yaratmısınız. İndi isə deyirsiz ki, media yoxdur.
Növbədə kim var və ya varmı? Bəli, var və mən o moderatorları, imzaları görürəm, bilirəm, hara, necə, niyə dəvət edildiklərindən də xədərdaram. Sadəcə adlarını yazmıram. Əmin olun, onlar düz məmləkətin ortasında çalışacaqlar, kimsə də bir söz deyə bilməyəcək onlara. İstiqamətlər İran, Rusiya, Avropa və sair.
İndi yazıram ki, sonra vicdanım ağrımasın. Siz də deməyəsiniz ki, biz bilmirdik axı. Bu gün Azərbaycanın üzdə olan bütün stajlı, sanballı imzalarına xaricdən təkliflər gəlir. QHT-lər və onlayn KİV- lər yaratmaq üçün. İstiqamətlər Qarabağ, Zəngəzur, təhsil, sosial, insan və söz azadlığıdır. Bu işin qarşısına zamanında çıxın. Sanballı imzaları qoruyun. Dövləti müdafiə edən imzaları sürüyürlər sosial şəbəkələrdə, onları tək qoymaq olmaz. Hər kəsin bir siniri, yox, yetər, dediyi an var. Ölkədə artıq o an yetişib. Bu Azərbaycan dövləti üçün böyük uğursuzluq olacaq. Belə uğursuzluğa və biabırçılığa məhkum etmək olmaz ölkəni də, medianı da, lap elə siyasi hakimiyyəti də.

Jalə Mütəllimova-Seyidli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN