Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Xanlar Cəfərovun məhkəmə prosesi hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutub.
Bu cinayət işi üzrə 9 nəfər zərərçəkən şəxs qismində tanınıb. X.Cəfərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. Məlumata görə, X.Cəfərov zərərçəkmişlərə mənzil satarkən onlara qarşı dələduzluq edib. Bir mənzil bir neçə nəfərə satılıb. Bildirək ki, Xanlar Cəfərov hazırda ev dustaqlığındadır. Sonuncu prosesdə şahid qismində Azad Əfəndiyev ifadə verib. O deyib ki, Xanlar Cəfərovdan aldığı evi başqa bir şəxsə satan zaman problemlə üzləşib: "Xanlardan aldığım evimi Namiq Hüseynova satmışam. Onda məlum oldu ki, ev iki nəfərə satılıbmış. Həmin iş də artıq həllini tapıb. Məhkəmə qərarı ilə problem həll olundu". Prosesin davamında məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi iyulun 22-də davam etdiriləcək.
Qeyd edək ki, X. Cəfərov bundan əvvəl də dələduzluqda və vergidən yayınmaqda təqsirli bilinərək həbs edilib. O, 2018-ci ilin sonunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq azadlığa buraxılıb. "Avro Qrand" şirkətinin sahibi Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.