Azərbaycanın tanınmış hüquqşünası, "Şöhrət" ordenli İkram Kərimov Avropanın Fəxri Hüquqşünası seçilib...

Bu barədə "Təzadlar"a qocaman hüquqşünasın yaxın dostu, hüquqşünas-politoloq Adil Minbaşı məlumat verib.
Beləliklə, Azərbaycan Vəkillər Kollegiyası Ağsaqqallar Şurasının sədri İkram Kərimov insan haqlarının müdafiəsi sahəsindəki səmərəli və uzunmüddətli xidmətlərinə görə MDB ölkələri arasında ilk hüquqşünasdır ki, Avropanın Fəxri Hüquqşünası seçilib. Bu barədə Avropa İnsan Haqları Təşkilatı qərar qəbul edib.
Qocaman hüquqşünas, peşəkar ədliyyə veteranı İkram Kərimovu ürəkdən təbrik edir, ona uzun ömür və can sağlığı arzulayırıq.

***

İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olub. 1959-cu ildə Kürdəmir şəhər orta məktəbini bitirib. 1959-1961-ci illərdə sovxozda fəhlə işləyib. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olub və hüquqşünaslıq ixtisası alıb. İşlə təmin olunmaq üçün Azərbaycan SSR Prokurorluğunun sərəncamına göndərilib. 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub. Dəfələrlə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında Dövlət İmtahan Komissiyalarına sədrlik edib.

14 aprel 2017-ci ildən Azərbaycan Respublikasının Bank ombudsmanıdır.

Ailəlidir, üç övladı, doqquz nəvəsi var.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN