...2002-ci ilin mart ayı olardı, dissident-yazar, həyatını Azərbaycanın azadlığına və istiqlalına həsr etmiş Oqtay Eldəgəz ağır xəstə yatırdı. Bu barədə "Təzadlar" qəzetində məlumat dərc etdik...

Xalq şairi, ustad Bəxtiyar Vahabzadə mənə zəng etdi, bu xəbərdən pis olmuşdu (Həmin dövrlərdə Oqtay Eldəgəzin araşdırma məqalələri "Təzadlar"da müntəzəm  çap olunurdu). 

Bəxtiyar müəllim təklif etdi ki, Oqtay bəyin ailəsi ilə danışım, birlikdə gedib baş çəkək... Və səhəri gün Oqtay Eldəgəzin Suraxanıdakı (Əmircan) evində onu ziyarət etdik... Vəziyyəti yaxşı deyildi. Bəxtiyar müəllim gətirdiyi sovqatı təqdim etdi, Oqtay bəyə xeyli ürək-dirək verdi, keçmiş illəri xatırladılar...

Xudahafizləşəndə Bəxtiyar müəllim ona yaxınlaşdı, dedi ki, Oqtay Əfəndi, ürəyin nə istəyir alıb göndərim?

-Bəxtiyar, ürəyim bircə şey istəyir... Ağdam, Mərzili işğaldan azad ediləndə mən əvəzdən Xudu Məmmədlinin evini ziyarət elə, qapısındakı quyudan bir parç su iç, ikimizə də rəhmət oxu! -deyib ağladı Oqtay Eldəgəz... 

Bəxtiyar müəllim yaman kövrəldi, bir-birini qucaqladılar... 

*** 

...Bunu niyə xatırladım: neçə gün əvvəl Oqtay Eldəgəzin həyat yoldaşı Rəfiqə Rəfili mənə zəng etmişdi... Xeyli söhbət etdi, Oqtay bəyin həyat və yaradıcılığına həsr olunmuş kitablar yazdığını danışdı... Sonra Oqtay Eldəgəzin yuxarıdakı vəsiyyətini xatırlatdı...

 Oqtay bəyin ruhu şaddır, Ağdam da, Mərzili kəndi də işğaldan azad olunub. Amma təəssüflər olsun, Bəxtiyar Vahabzadə bu günü görə və Oqtay bəyin vəsiyyətini yerinə yetirə bilmədi.

Allahdan hər iki Vətən-Azərbaycan sevdalı ustadlara rəhmət diləyirəm!

*** 

Qeyd edim ki, Oqtay Eldəgəz 1934-cü ildə Bakının Əmircan (Xilə) kəndində dünyaya gəmişdir. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə BDU-nin əyani dilçilik bölümünün filoloji fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, texnikumlarda, orta məktəblərdə dil-ədəbiyyat fənnlərini tədris etmişdir. Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb, “Eldəgəz” təxəllüsünü ona görə götürüb. 1937-ci ildəki repressiya onun yaralı yeri idi. Həmin illər Əmircandan çoxlu adamlar sürgün edilmişdi. Stalin rejiminin qurbanları olan dövlət xadimləri, hüquq işçiləri, müəllimlər, həkimlər, neft ustaları, alimlər sürgün edildilər. Onun tez-tez təkrar etdiyi bir cümlə hər şeyı aydınlaşdırırdı. “Elə bir yerə düşərik ki, oranın əzabından qurtula bilmərik”. O, qəlb ağrılarını da çəkə bilmirdi. Sonralar 1956-cı ildən Uzaq Sibirdən, Ufa, Novosibirski, Maqadan, Perm, Orenburq və b. həbs yerlərindən bəraət qazanıb qayıdanlarla söhbətlər aparır, yazılarına məlumatlar toplayırdı. Oqtay Eldəgəz 2002-ci il may ayının 16-da öz doğma kəndində vəfat etmişdir.

***

MAQ 1957-ci ildə SSRİ-yə qarşı 95 nəfər Azərbaycan ziyalısının gizli yığıncağında yaradılıb. 1982-ci ilin dekabr ayının 12-də Ağdamın Mərzili kəndində öz fəaliyyətini dondurub. 1958-ci il may ayında Sumqayıtda baş verən kütləvi mitinqlərin təşkilatçılarından biri olub. 1962-ci ilin dekabr ayından Milli Azadlıq Qərargahının (MAQ) 25 il sədri olub. MAQ-çılar iş-vəzifə dəyişənləri yapmış, işdar əvəzlənmə icra etmiş, işə bərpa əməliyyatları yerinə yetirmişlər. O bu müddət ərzində Sumqayıtda keçirilən mitinqə rəhbərlik etmişdir.

 MAQ-çılar Sumqayıt təşkilatlarında, idarə və müəssisələrində, təhsil, səhiyyə qurumlarında kök salmış, daşnak-hayk və rus şovinistlərinin işdən çıxarılmasını təşkil etmiş, onların yerinə azərbaycanlıların təyin edilməsinə nail olmuşlar. Oqtay Eldəgəz ictimai gerçəkliyin azərtürkləşdirilməsi yolundan sapmayaraq milli oyanış və istiqlal amallarımızda təkrarsız xidmət göstərən, gizli ümumxalq qurumunun, yəni Milli Azadlıq Qərargahının (MAQ) 1962-ci ildə 95 nəfər ziyalının iştirak etdiyi gizli yığıncağında Oqtay Rəfili (Eldəgəz) sədr, görkəmli alimimiz Xudu Məmmədli isə sədr müavini seçilirlər.

 1994-cü ildə “Gənclik” nəşriyyatı onun ilk hekayələrinin nəşr edilməsini plana salır, hətta redaktor rəyi də yazılır. Sovet dövrü yaradıcılığında bir sıra hekayə, povest, novella, oçerkləri “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan pioneri”, “Göyərçin”, “Azərbaycan” jurnallarında çap olunub. 1997-ci ildə O.Eldəgəzin məqalələri “Təzadlar”, “Azadlıq”, Şərq”, “525-ci qəzet”, “Nəbz”, “168 saat”, “Ədalət”, “Ulus”, “Müsavat”, “Azadlıq” və s. qəzet və jurnallarda dərc edilmişdir.

***

...1996-cı ildə "Təzadlar" qəzetinin redaksiyası 414 nəfərlik oxucu arasında keçirilən sorğuda ilin "Superulduz yazar"ını müəyyən etmək üçün elan verir. Bu titulu almaq Oqtay Eldəgəzə nəsib olur. Bu barədə olduqca maraqlı xatirəm var, yeri gəldikcə oxucuların ixtiyarına təqdim edəcəyəm...

Həyatı boyu arxiv və kitabxanalarda işləyən, yorulmaq bilməyən bu ədəbi xadim, bütün qəzetlərdə müxtəlif yazılarla tez-tez çıxış edirdi, yazıları dərc olunurdu. Arxivlər açılır, qaranlıq səhifələr işıqlanır, onun qadağan olunmuş hadisələr haqqında yazıları xüsusi yer tutur.

Asif MƏRZİLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN