AMEA prezidentinin “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda xəlvəti elmi konfransı akademiyada narazılıqla qarşılandı…

 Mətbuatdan bəlli olduğu kimi, dünən-yanvarın 10-da AMEA Rəyasət Heyətinin Böyük zalında “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib. AMEA-nın rəsmi saytının yaydığı məlumatda bildirilir ki, «Azərbaycan Milli Elmlər Akademiyasının və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən büstü önünə tər güllər düzülüb. Sonra AMEA alimlərinin müəllifliyi ilə nəşr olunmuş əsərlərdən ibarət sərgiyə baxış keçirilib. Elmi konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Heydər Əliyev İli”nin çağırışları və Azərbaycan elminin vəzifələri” mövzusunda giriş nitqi ilə açaraq bildirib ki, bu gün keçirilən elmi konfransla Milli Elmlər Akademiyası “Heydər Əliyev İli” üzrə keçiriləcək tədbirlərə start verir…».

 Bu gün AMEA-nın institutlarında çalışan alimlərdən bir neçəsi «Təzadlar»a göndərdikləri məlumatda bəzi məqamlara narazılıqla aydınlıq gətiriblər. Məlumatda qısa olaraq qeyd edilir ki, «…Ümummilli Lider Heydər Əliyev dünyada qəbul olunan görkəmli dövlət xadimlərindən biridir. Elə isə belə bir dahi şəxsiyyətin adına keçirilən elmi konfrans niyə əvvəldən elan edilməyib? Və nədən belə tələm-tələsik, xəlvəti keçirilir? Ən maraqlısı, H.Əliyev haqqında yazılan kitablar sırasında Ramiz Mehdiyevin «Heydər Əliyev mənim həyatımda» kitabını başda görəndə çox təəccüblü olduq. Kitabın Ramiz Mehdiyevin himayəsində olan, indiyədək heç bir elmi məqaləsi olmayan Bəxtiyar Sadıqov tərəfindən tərtib olunması da gülməli idi. Yəqin elə buna görədir ki, Ulu Öndərlə uzun illər birgə çalışmış akademik Ramiz Mehdiyev özü konfransda iştirak etməyib və onun xüsusi xahişi ilə Bəxtiyar Sadıqov əvəz edib… Hətta bizə bəlli olur ki, Bəxtiyar Sadıqovun xüsusi dirənişi ilə Ramiz Mehdiyevin iki kitabı stenddə ən yuxarıda yerləşdirilib... (Foto təqdim edilir). Belə çıxır ki, İsa Həbibəyli hələ də əlaltı Ramiz Mehdiyevin tapşırıqlarını yerinə yetirir?! Belə olmasaydı, elmi konfransların keçirilməsinin qaydaları var, buna riayət edilərdi. Niyə bu konfrans əvvəlcədən elan edilmədi ki, alim və siyasətçilərimiz konfransa öz töhfələrini versinlər… Konfransın təşkilat komitəsi, Elmi Şurası elan edilməli idi. Həmçinin konfransın mövzu ilə bağlı tezisləri müəyyən edilməli idi. Göstərilməli həm də o idi ki, məruzələr, tezislər hansı tarixədək hazırlanmalıdır, bəlli deyildir. Belə alayarımçıq konfransın keçirilməsinin nəticəsi idi ki, konfrans zalının heç 30 faizinə alimlər, ziyalılar, siyasətçilər toplanmadı. Bunu «Heydər Əliyev İli»nə yaraşdırmırıq. Hansı ki, bu il cənab Prezidentin Sərəncamı ilə elan edilib… Əcaba, İsa Həbibəyli indi kimlərin tapşırığını yerinə yetirir??? Məqsədi nədir???».

Bəli, məlumat belə bir sonluqla bitir. Amma nə deyək?! Nəticə çıxarmaq qarşı tərəfin və oxucuların ixtiyarında…

E.Məmmədli

isa-heb-1

isa-heb-3

isa-heb-5

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN