Xəbər verdiyimiz kimi, bu gün səhər Azərbaycanın İrandakı səfirliyinə hücum olub.
Azərbaycan XİN baş verən hadisə ilə bağlı məlumat yayıb.
“27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Allah şəhidimizə rəhmət eləsin!”, - deyə Azərbaycan XİN-in məlumatında bildirilir.
Qeyd edək ki, son zamanlar, İranın rəsmi şəxslərinin Azərbaycan əleyhinə açıqlamaları, hədəvari ultimatumları, Ermənistanda etdikləri çıxışlar zamanı qıcıq yardacaq ismarıcları... ölkələrarası münasibətlərə kölgə salmış, Azərbaycan tərəfi də xəbərdarlıqlarını etmişdi. Vəziyyətin düzələcəyi düşünüldüyü bir vaxtda Səfirliyimizə edilən bu xain hücum, əksinə münasibətləri daha da gərginləşdirdi...
Xatırladaq ki, sentyabrın 18-də bir qrup erməni tör-töküntüsü də Fransadakı Azərbaycan səfirliyinə hücum etmişdilər. İndiyədək cinayət məsuliyyətinə cəkb edilən yoxdur.
Hansı ki, ortada diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyini qəbul edən ölkə tərəfindən təmin edilməsi öhdəliyi var.
Y.MƏMMƏDLİ