Azərbaycanın Gürcüstandakı Səfirliyi xəbər portallarından birində Şalva Natelaşvilinin təxribat xarakterli bəyanatlarına münasibət bildirib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə 24News.ge xəbər portalına Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfirliyin bəyanatında deyilir: "İctimai həyatda belə bir qanunauyğunluq var: siyasətçilər illər keçdikcə təcrübə toplayır, siyasətbazlar isə cılızlaşır. Göründüyü kimi sənədlərdə ətalətlə “Gürcüstan Leyboristlər Partiyasının lideri” adı ilə qeyd olunan Şalva Natelaşvili qəti şəkildə özünü təlxək statusunda göstərmək qərarına gəlib. Onilliklər ərzində onun bütün fəaliyyəti populizm janrında davam etmişdir. Lakin bu onun seçki nəticələrinə zərrə qədər də töhfə verməmiş və yekun olaraq rəhbərlik etdiyi partiyaya seçicilər rəğbətinin statistik qüsur dərəcəsinə enməyə səbəb olmuşdur. Təbii ki, bu və ya digər qrupun davranış xəttinin seçimi üzvlərinin zövqünə bağlıdır. Bununla belə, əbədi bir imperativ də var ki, birinin azadlığı digərinin azadlığının hüdudlarına qədər uzana bilər. Beynəlxalq münasibətlərdə isə bu postulat ümumiyyətlə əsas təşkil edir, beynəlxalq hüququn bütün fundamental prinsipləri və dövlətlərin birgəyaşayış adətləri məhz ondan qaynaqlanır. Hüquq fakültəsini və SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının aspiranturasını bitirmiş şəxs isə heç olmasa nəzəri olaraq bu başlıca həqiqətləri ötəri şəkildə xatırlamalıdır. Amma bunun əksi oldu... Fevralın 6-da Ş.Natelaşvili özü haqqında bir daha xatırlatmaq qərarına gəlib. Həm də adi qaydada deyil, elə bir şəkildə ki, daha gur və qalmaqallı olsun. Bu dəfə, o, Gürcüstan siyasətinin mövcud cari məsələləri ilə bağlı kifayət qədər uzun sükut saxladıqdan sonra birdən “əsas problemi” tapdı. Həmin problem qismində isə Gürcüstanın çoxəsrlik qədim və onilliklər ərzindəki müasir tarixi ilə sınanmış strateji tərəfdaş və mehriban qonşusu olan Azərbaycan elan edildi. Təbii ki, marginal siyasətbazların kifayət qədər qeyri-standart və məntiqsiz baxışları ola bilər, lakin onların da həddi olmalıdır. Heç kimə ölkəni, onun rəmzlərini, dövlət başçısını təhqir etməyə icazə verilmir. Bu, eyni zamanda, beynəlxalq siyasətin və sadəcə olaraq insan vicdanının tabusudur. Dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki ölkədə müvafiq qurumlararası komissiyalar çərçivəsində peşəkarlar tərəfindən baxılan məsələlərə dair gülünc doğuran “ağıllı fikirlər” söyləmək isə mənəvi cəhətdən qəbuledilməz, siyasi baxımdan təxribatçı və diplomatik nöqteyi-nəzərdən səriştəsiz yanaşmadır. Bu komissiyaların işi peşəkar yanaşma və sükut tələb edir. Həmin prosesi şərh etmək üçün istənilən populist cəhd xəstəxananın cərrahiyyə şöbəsinin işinə səs-küylü həvəskarın müdaxiləsinə bənzəyir. Nəticə də eyni olmalıdır – davakarı qovurlar. Bütün bunlar dövlətçilikdə sadə “əlifba” həqiqətləridir. Bəs sual doğurur: “baş leyborist” niyə məhz indi Orta Dəhliz məntiqi çərçivəsində Gürcüstanla sıx əməkdaşlıq edib böyük strateji layihələri gerçəkləşdirən Azərbaycana qarşı hücuma keçdi? Niyə o, Gürcüstanın, Azərbaycanın və bütün regionun obyektiv maraqlarına məhəl qoymadan ucuz tamaşa və xaos yaratmaq cəhdlərinə əl atır? Zənnimizcə, əsl siyasətçi və diplomat xarici tərəfdaşlarla, ilk növbədə, əsas qonşularla münasibətlərin keyfiyyətini yüksəltməyə çalışır. “Natelaşvili və partnyorları” adlı sirkin taleyinə isə ancaq və ancaq xırda səs-küy və siyasi təlxəklik qalır".