Bu gün ürəyi Azərbaycan boyda olan, Azərbaycana sevgisi sərhəd tanımayan dünya şöhrətli alim və sadəliyi ilə hər kəsə nümunə -Professor Rafiq Əliyevin doğum günüdür...

Professoru Qarabağ ab-havası və dünyaya göz açdığı Novruzlu yurdunun xoş ovqatı ilə ürəkdən təbrik edir, uzun ömür və sağlığı arzulayıram!

XXX 

...Professir Rafiq Əliyev tərifi sevməz. Bunları nəzərə alıb tərifdən çox uzaq bir məqamı demək istəyirəm: O, bir çox elmi titullara layiq görülüb, dünyanın aparıcı elm mərkəzlərinin nüfizlu mükafatlarını alıb, indeksli jurnalların səhifələrində yer alan çoxsaylı elmi məqalələrin müəlifidir və s. Amma 44 günlük Vətən müharibəsinədək olan söhbət və müsahibələrimizdə əgər ən böyük arzularından danışırdıqsa, o, heç vaxt hansısa bir yüksək mükafatın verilməsinin, elmi ad almanın və s. adını belə çəkməzdi. Bircə sözü var idi: "...Mənim üçün ən böyük mükafat doğulduğum Novtuzlunun kəhrizindən bir stəkan sərin su içmək, Ağdamı, Şuşanı... görməkdir!".

 Bu, ürəyi Vətən sevgisi ilə dopdolu, adı dünya ilə bir olan alimin qəlbindən keçən ən böyük arzu, Tanrıdan bir dilək, Vətındən umacaq  idi... Şükürlər olsun ki, professor Rafiq Əliyev artıq üçüncü ildir 30 il yuxularında gördüyü Ağdamı indi aşkarda görür və artıq düşməni öldürüb yurdumuzdan qovmaq barədə yox, 30 illik yurd həsrətini yenidən bərpa edilmiş Ağdamda dəfn etmək, Ağdamlı günlərini bundan sonra kədərsiz və nisgilsiz yaşamaq barədə düşünür...

XXX 

R.Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1992-ci ildən Təbriz Universitetinin, 1999-cu ildən ABŞ-ın Corciya Dövlət Universitetinin, 2000-ci ildən Almaniyanın Siegen Universitetinin, 2003-cü ildən Yaxın Doğu Universitetinin professorudur, “Lütfi Zadə irsi və Süni intellekt” Assosiasiyasının prezidentidir.

Və nəhayət, 1942-ci ildə Ağdam rayonunda anadan olan R.Əliyev 1967-ci ildə texnika elmləri namizədi, 1975-ci ildə texnika elmləri doktoru, 1976-cı ildə professor, 1989-da Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü statusuna yiyələnib.
O, 1971-ci ildə elm sahəsində Azərbaycan Lenin komsomolu mükafatı laureatı olub, 1983-də isə Elm və Texnika üzrə SSRİ Dövlət mükafatını, 1997-ci il ABŞ-ın Fulbright mükafatını alıb.
Onun əsas elmi nailiyyətləri aşağıdakılardır:

  • Çoxölçülü və kombinə olunmuş determiristik, stoxastik (1967), qeyri-səlis (1981) idarəetmə sistemlərinin invariantlıq şərtlərinin formalaşdırılması;
  • İntellektual sənaye sistemlərində qərar qəbuletmə və idarəetmə proseslərinin inteqrasiya prinsiplərinin formalaşdırılması (1969);
  • Stoxastik dəyişən strukturlu sistemlərin sintez metodlarının işlənməsi (1976);
  • Çoxsəviyyəli paylanmış istehsalat sistemləri üçün koordinasiya nəzəriyyəsinin işlənməsi (1980);
  • AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması (1984-1986);
  • Qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması (1984);
  • Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi (1986);
  • ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi (1987);
  • Qeyri-səlis paylanmış intellektual sistemlər konsepsiyasının formalaşdırılması (1988), onların yaradılma metodlarının işlənməsi (1993);
  • Agentləri arasında rəqabət və kooperasiya olan Soft Kompütinq əsaslı çoxagentli intellektual sistemlərin yaradılması (1997);
  • Qeyri-səlis neyron şəbəkələrinin genetik alqoritmlərə əsaslanan öyrənmə metodunun işlənməsi (1997);
  • Genetik alqoritmlər əsasında qeyri-səlis reqressiya təhlilinin yeni konsepsiyasının işlənməsi (1998);
  • Qeyri-səlis-xaos sinerci əsasında adaptiv idarəetmə sistemlərinin təklif olunması (2001);
  • Qeyri-səlis zaman sıraları əsasında yeni proqnozlaşdırma üsullarının yaradılması (2002);
  • Ümumiləşmiş dayanıqlıq nəzəriyyəsinin yaradılması. Dinamik sistemlərin dayanıqlığının Zadə və Əliyev tərifi və meyarının təklif olunması (2003-2007) və s.

BU DA DÜNYA ALİMLƏRİNİN PROFESSOR RAFİQ ƏLİYEV HAQQINDA SÖYLƏDİKLƏRİ:

 

dünya alimlərinin ürək sözlərini təqdim edir.

1. Professor L. Zadə (ABŞ):

Rafiq Əliyev öz sahəsində aparıcı alimlərdən biridir və bununla beynəlxalq nüfuz qazanmışdır. Bizim birgə elmi diskusiyalarımızda və müzakirələrimizdə mən onun elmi nailiyyətlərini, xüsusən də hesablama intellekti və Soft Computing sahəsində dərin biliyini, problemləri duymaq qabiliyyətini daim görürəm, hiss edirəm. Onun hərtərəfliliyi qeyri-adidir. Doktor R.Əliyevin elmi fəaliyyəti onu dünya səviyyəli alimlər ilə bir sıraya qoyur. Onun elmi əsərləri tam mənası ilə görkəmli əsərlərdir. O, fundamental nəzəriyyələr yaratmaq və onları tətbiq etmək baxımından nadir qabiliyyətə malikdir.

2. Professor Ronald Yager (ABŞ)

“Rafiq Əliyev Amerikadan 7 min mil uzaqlıqda yerləşən Azərbaycanda yaşasa da o, Amerikadan çox əzəmətli görünür”.

3. Professor V. Pedriç (Kanada):

Rafiq Əliyev idarəetmə nəzəriyyəsi, qeyri-səlis məntiq sahəsində məşhur alimdir, onun fundamental kitabları əldən-ələ gəzir. R.Əliyevin elmi əsərlərinin təkcə sayı deyil, həmçinin bütün dünyanın tədqiqat laboratoriyalarında əldə edilmiş fundamental elmi nəticələri böyük təəssürat yaradır. O, eyni zamanda beynəlxalq arenada yüksək nüfuza malik konfransların proqram komitələrində iştirakı ilə də dünya elmi ictimaiyyətinə yaxşı tanışdır.

4. Professor R. Elrod və professor B. Fazlollahi (ABŞ):

Doktor R.Əliyev ABŞ-da öz həmkarları ilə birlikdə qeyri-səlis paylanmış intellektual sistemlər üzrə faydalı işlər görüb. Onun tədqiqatları robototexnika, optimallaşdırma, diaqnostika və s. sahələrdə geniş tətbiq olunub. Elmi nəticələri İran, Almaniya, ABŞ və başqa ölkələrdə mütəxəssislər tərəfindən geniş istifadə olunur. Biz hesab edirik ki, doktor R.Əliyev ən yüksək qiymətə layiqdir. Onun çoxsaylı əsərləri onun elmə verdiyi töhfələrin əyani sübutüdür.

5. Professor S. Klaçko (Almaniya):

Əfsuslar olsun ki, mən Azərbaycan elminin bugünkü səviyyəsi ilə tanış deyiləm. Çünki nə azərbaycan, nə də rus dilini bilirəm. Lakin deyə bilərəm ki, əgər Azərbaycanda texniki elmlərin elmi səviyyəsi professor R.Əliyevin işlərinin elmi səviyyəsinə uyğundursa, onda Azərbaycan özünü istənilən inkişaf etmiş sənaye ölkəsi ilə müqayisə edə bilər. Mən R.Əliyevin işləri ilə 90-cı ildə beynəlxalq çoxcildliyin baş redaktoru olarkən tanış olmuşam. 98-ci cildin müəllifi R.Əliyev idi. Mən fəxr edirəm ki, bu kitabın nəşrində iştirak etmişəm və bu kitab sistem texnikası üzrə qərbdə ingilis dilində yazılmış Azərbaycan aliminin ilk kitabı idi. Bu kitabın çox yüksək elmi səviyyəsi ilk dəfə olaraq Azərbaycan elminin bütün Qərb dünyası üçün vizit kartı oldu. O vaxta qədər Şərqdən Yaponiya, Hindistan və Çin alimləri qərbdə tanınırdı. Bu nəşrdən sonra professor R.Əliyev Amerikanın, Avropanın müxtəlif nüfuzlu universitetləri tərəfindən bərabər səviyyəli professor kimi müxtəlif dünya ölkələrinə dəvət olundu.

6. Professor D. Dyuba (Fransa):

Biz professor R.Əliyevlə müxtəlif konfranslarda görüşmüşük. O, informatika, sistem təhlili elmlərində müasir yanaşmaların formalaşmasında çox fəal bir alimdir. O, beynəlxalq elmi ictimaiyyətlə öz elmi laboratoriyasının əlaqələrinin genişləndirilməsinə xeyli əmək sərf edir.

Rafiq Əliyevin elmi nəticələri, elmi kadrlar hazırlamağı və beynəlxalq konfranslar təşkil etməyi heyrətamizdir.

7. Professor D. Antoni (İtaliya):

Doktor R.Əliyevin tədqiqatları qeyri-səlis məntiqdən tutmuş süni intellektin müxtəlif aspektlərinə kimi geniş problemlər spektrini əhatə edir. O, müxtəlif Beynəlxalq konfransların sədri kimi və müxtəlif beynəlxalq jurnalların redaksiya heyətinin üzvü kimi Beynəlxalq elmi ictimaiyyətə yaxşı tanışdır. İdarəetmə sahəsində çoxölçülü adaptiv sistemlərin qurulma üsullarını təklif etmişdir.

Doktor Rafiq Əliyev idarəetmədə yeni nəzəriyyələrin yaradıcısıdır.

8. Professor İ.Kuravaki (Yaponiya):

Doktor R.Ə.Əliyev mənə məlum olan və ABŞ, SSRİ, İran, Almaniya və s. ölkələrdə çap olunmuş 35 kitabın müəllifidir. O, xeyli sayda elmi işçilər hazırlamışdır. Onun elmi nəticələri praktikada geniş tətbiq olunur. Doktor Raifq Əliyev yeni nəzəriyyələr müəllifidir və intellektual robotlar sahəsində yeni elmi istqamət yaratmışdır.

9. Professor İ. Mamdani (İngiltərə):

Professor R.Əliyev bütün fəaliyyəti dövründə kompüter intellekti sahəsində öz tədqiqatlarını cəmləşdirən fəal və məşhur alimdir.

Bütün çoxillik tədqiqatı dövründə bu sahənin əsas problemlərinin həllində görkəmli nəticələr almışdır. Mən onu elmə sadiq, xüsusən də qeyri-səlis sistemlər və Soft Computing sahəsində fədakar alim kimi tanıyıram. Bu sahədə o, geniş ümumdünya elmi cəmiyyətinə yaxşı məlumdur və böyük sayda orijinal nəticələr almışdır. Raifq Əliyev öz görkəmli elmi fəaliyyəti nəticəsində öz elmi sahəsinin liderlərindən biri statusuna yüksəlmişdir.

10. NASA-nın idarəetmə üzrə mərkəzinin direktoru, professor M. Cəmşidi (ABŞ):

Mən böyük məmnuniyyətlə dostum Rafiq Əliyev haqqında aşağıdakı sözləri demək istərdim: R. Əliyev gözəl alim, maarifçi və tədqiqatçıdır. O, gənc nəslin inkişafı üçün, yüksək ixtisaslı kadr hazırlamaq üçün əlindən gələni edir. Çoxlu sayda aspirantlar və doktorantlar yetişdirmişdir. O, elə bir insandır ki, onun beyni daim axtarışlar və yeni perspektivlər əldə etməklə məşğuldur.

Professor R.Əliyev geniş mənada dövrümüzün ən görkəmli şəxsiyyətlərindən biridir. O, elmə, xüsusən qeyri-səlis məntiq, ekspert sistemlər və qeyri-xətti idarəetmə elm sahələrinə fundamental töhfələr vermişdir. Onun elmi nəticələri sayəsində Azərbaycan idarəetmə və Soft Computing sahəsində beynəlxalq elmi-texniki cəmiyyətin fəal üzvü olmuşdur.

Mən R.Əliyevi zəmanəmizin ən görkəmli bir alimi kimi tanıyıram. R.Əliyev bir çox elm və texnologiyalar sahəsində öz ölkəsini beynəlxalq hörmət və diqqət xəritəsinə çıxarmışdır.

11. Professor B.Qarça (ABŞ):

Mən, professor Rafiq Əliyevlə və onun elmi fəaliyyəti ilə ABŞ-da Corciya Dövlət Universitetində tanış olmuşam, onun seminarlarında iştirak etmişəm. Onun qeyri-səlis məntiq haqqındakı elmi məruzələri dərin, hərtərəfli və mənalı idi. Onunla uzun müddətli təmasda olma-ğım onun informatikanın nəzəri və praktiki problemlərini çox dərindən bildiyini və görkəmli elmi nəticələr aldığını göstərdi. Biz indi də onun elmə verdiyi töhfələrin təəssüratı altındayıq. Onu deyim ki, R. Əliyev nəinki görkəmli alimdir, həm də centlmen və intelegentdir.

12. IFSA (Beynəlxalq Qeyri-Səlis Sistemlər Cəmiyyəti) Prezidenti, professor I.Türkşen (Kanada, Türkiyə):

Professor Rafiq Əliyev Soft Computing elm sahəsinin yaranmasına böyük töhfələr vermişdir. Bunların içərisində intellektual robotlar üzrə elmi istiqamətin, yeni qeyri-səlis məntiqlərin, paylanmış intellektual sistemlərin yaradılmasını və b. göstərmək istərdim. R.Əliyevin elmi nəticələri robototexnika, optimallaşdırma, idarəetmə sahəsində geniş tətbiq olunmuşdur.

13. Zigen Universitetinin informasiya institutunun direktoru professor K.V.Bonfiq (Almaniya):

Uzun illərdir ki, biz prof. Rafiq Əliyevlə birlikdə müxtəlif elmi layihələr üzərində işləyirik. Onun tərəfindən alınan elmi nəticələr ümumdünya səviyyəsində olmuşdur və bu barədə dünyanın aparıcı alimləri öz müsbət rəylərini vermişlər. Biz Almaniyada birgə bir neçə fundamental kitablar çap etdirmişik, dünyanın müxtəlif ölkələrində müasir texnologiyalar üzrə 5 beynəlxalq elmi konfrans keçirmişik. Prof. R.Əliyev bütün dünyada böyük elmi avtoritet kimi tanınır.

14. Beynəlxalq İnformasiya Akademiyasının direktoru, doktor, professor Q.Rizzotto (İtaliya):

Rafiq Əliyevin elmi marağı müasir idarəetmə nəzəriyyəsi, qeyri-səlis məntiq, neyron şəbə-kələri, genetik alqoritmlər kimi sahələri əhatə edir. O, paylanmış intellektual sistemlər konsepsi-yasını təklif etmiş və belə sistemlərin işləmə üsullarını vermişdir.

Qeyri-səlis məntiq üzrə elmi nəticələri geniş tətbiq edilmışdır.

Professor R.Əliyev yeni elmi istiqamətin – qeyri-səlis-neyron şəbəkəsi əsasında intellektual robotların yaradıcısıdır. O, paylanmış intellektual sistemlər üzrə yeni konsepsiyanın və istiqaməin müəllifidir. Onun elmi nəticələri geniş tətbiq tapmışdır.

15. Rusiya EA İnformasiya İnstitutunun direktoru, akademik N.A.Kuznetsov:

Rafiq Əliyev informatika və idarəetmə sahəsində böyük alimdir. O, Rusiya, ABŞ, Almaniya, İngiltərə, Fransa, Yaponiya və dünyanın başqa ölkələrində öz elmi nəticələri ilə yaxşı tanınır. İdarəetmə və informasiya sistemləri sahəsindəki elmi nəticələrinə görə o, SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

R.Əliyev hibrid intellektual sistemlər nəzəriyyəsinin yaradılması və inkişafının əsasını qoyanlardan biridir.

R.Əliyev informatika və idarəetmə nəzəriyyəsi sahəsində elmlər namizədləri və doktorlarının hazırlanmasına çoxlu əmək və enerji sərf etmişdir.

16. Rusiya EA-nın Akademiki N.N.Şeremetevskiy:

Prof. Rafiq Əliyev inteqral sistemlərdə koordinasiya nəzəriyyəsinin, qeyri-səlis intellektual sistemlərin nəzəri əsaslarının və qurulma üsullarının yaradıcısıdır. R.Əliyev tərəfindən informatika və idarəetmə sahəsində nüfuzlu elmi məktəb yaradılmışdır. Rusiyada, ABŞ-da, Almaniyada, İranda, Azərbaycanda və başqa ölkələrdə çap etdirdiyi 43 kitab ona ümumdünya şöhrəti gətirmişdir.

17. Professor O. Kaynaq (Türkiyə):

Professor Rafiq Əliyev idarəetmə sistemləri, süni intellekt, qeyri-səlis çoxluqlar, neyron şəbəkələri və genetik alqoritmlər sahəsində gördüyü işlərlə dünyada ad qazanmış bir alimdir. O, bu elm sahələrinin dünya miqyasında yayılmasında əhəmiyyətli rol oynamışdır.

Raifq Əliyevin rəhbərliyi ilə 1994-cü ildə Təbrizdəf, 1996, 1998, 2000-ci illərdə Almaniyada, 2001-ci ildə Antaliyada və Daşkənddə beynəlxalq konfranslar keçirilmişdir. Bu konfranslarla o, elmin dünya miqyasında yayılmasında əhəmiyyətli xidmətlər göstərmişdir.

Nəhayət, qeyd etmək istərdim ki, R.Əliyev dünya elmində ləyaqətli yer tutur.

18. Təbriz Universitetinin rektoru doktor, professor M.A.Hüsseyinpur Faizi, (İran):

Böyük məmuniyyətlə və əminliklə qeyd edirəm ki, professor Rafiq Əliyev müasir elmdə ən görkəmli alimlərdən və beynəlxalq fiqurlardan biridir. R.Əliyev Təbriz Universiteti ilə yaxından əməkdaşlıq etmiş, yeni fənlər tədris etmiş, İİR-də 2 kitab çap etdirmiş, Beynəlxalq konfrans keçirmişdir. Təbriz Universitetində elmin və tədrisin təşkilində onun böyük xidmətləri əvəzedilməzdir.

19. Ukrayna EA Kibernetika institutunun direktoru, akademik İ.V.Serqeyenko (Ukrayna):

Professor Rafiq Əliyev informatika və idarəetmə nəzəriyyəsi sahəsində məşhur alimdir. O, süni intellekt, Soft Computing və intellektual robotlar sahəsindəki elmi nəticələrinə görə ümumdünya alimləri tərəfindən tanınmışdır.

Onun təklif etdiyi ALI-1, ALI-2, ALI-3 qeyri-səlis məntiqləri öz nəzəri və eksperimental təsdiqini tapmış və praktikada geniş tətbiq olunur. R.Əliyev intellektual sistemlər nəzəriyyəsini xeyli inkişaf etdirmişdir. R.Əliyev informatika və idarəetmə sahəsində nüfuzlu elmi məktəbin yaradıcısıdır

20. Özbəkistan EA Akademikləri V.A.Kabulov, N.R.Yusubbekov:

Özbəkistanın elmi ictimaiyyəti prof. R.Əliyevi qeyri-səlis məntiq, idarəetmə nəzəriyyəsi, intellektual sistemlərin yaradılması sahəsində dünya alimlərinin müsbət rəyini almış, prinsipial yeni nəticlər vermiş görkəmli alim kimi tanıyır.

R.Əliyevin müxtəlif dillərdə nəşr olunmuş monoqrafiyaları dünyanın çoxsaylı ölkələrində yaxşı tanınır və istifadə olunur. Onun Özbəkistan alimləri ilə də sıx elmi əlaqələri və elmi kadrların hazırlanmasında əvəzsiz xidmətləri var.

21. İdarəetmə sistemləri institutunun direktoru, Akademik M.E.Salukvadze (Gürcüstan):

Professor Rafiq Əliyev informatika, hesablama texnikası və süni intellekt sahəsində geniş tanınmış, dünyada öz adı və yeri olan alimdir. Dünya elmində belə hesab edirlər ki, R.Əliyevin yaratdığı metodlar elmi idrakı əhəmiyyətli dərəcədə zənginləşdirmişdir...

Professor Rafiq Əliyevə doğum günü təbrikləri ilə: Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN