Dünyanın qadınsızlığını istəmirsinizsə, gələcəyinizi düşünüb son qərarınızı verin ki...

  ...Yaşadığım həyətdə günlərin birində kiminsə boş mənzilini kirayə edən FedEx adlı şirkətin bir MMC-si peyda oldu. Cavan oğlan və qızlar bu ofisin ilk əməkdaşları kimi əvvəlcə bina sakinlərinə xoş təsir bağışlayırdı. Bir neçə gün sonra hamı qanqaraldıcı hadisə ilə qarşılaşdı. Belə ki, yaşları təxminən 20-25 olan iki qız və yaşı 20-24 olan iki oğlan səhərin gözü təzə açılar-açılmaz, əllərində bahalı siqaret həyətimizdə tüstü ovuna çıxmışdılar.

Xatırladım ki, həyətimiz Xətai rayon Prokurorluğu ilə tin-tinədir, bir uşaq bağçasının qapısı həyətimizə açılır, üstəlik, Bakının 56 saylı məktəb-liseyinin isə şagirdlərinin əksəriyyəti bizim binanın həyətindən keçir... Qısası, işə tələsən məqamda siqaret tüstülədən bu cavanlara yaxınlaşıb məsləhət gördüm ki, həyətimiz uşaq bağçasına açılır və buraya hər gün yüzlərlə ana körpə uşaqlarını gətirir (bu məqamda bir neçə ananın körpələri ilə həyətə daxil olduğuna şahidlik etdik), siqaretinizi təlim-tərbiyə müəssisəsinin həyətinə təmasda və məktəb həyətinə yaxın məsafədə çəkməyiniz məsləhət deyil, mümkünsə, ofisinizdə çəkin!

Onların dördü də mənə irad tutdular ki, nə olub?

Dedim, heç nə olmayıb... Siz körpələrin təlim-tərbiyəsinə zərbə vuracaq bir əməldəsiniz, siz ictimai yerdə bu hərəkətinizlə binanın uşaq və körpələrinə pis vərdiş aşılayan əmələ imza atırsınız...

Gənc, yaraşıqlı xanımlar, hətta mənə irad da tutdular:

-Kişilər burda siqaret çəksə nə olacaqdı ki?!

- Onların adı kişidir, sizin adınız xanım və qadın! Körpələr tərbiyəni atadan yox, anadan alır...

***

... Aradan bir müddət keçdi. Oğlanlar bir kənara, qarnı açıq paltarlı, bəzi hallarda gənc xanıma yaraşmayan geyimli bu xanımlar acıq verirmiş kimi hər səhər, elə bil məni gözləyirlər, saat 09:00-da işə gedən məqamda siqaretlərini tüstülədib əda ilə əməllicə əsəb gərginliyi yaradırdılar... Məcbur olub sahə rəisinə zəng vurdum, əhvalatı, daha dəqiqi, acınacaqlı vəziyyəti söylədim...

 Artıq xanımların biri həyətdə görünmür, ola bilsin işdən, ya da həyətdən uzaqlaşdırıblar, digəri isə hər dəfə yanımdan keçəndə salam verib, əvvəlki ədadan uzaq addımlarla ofislərinə tərəf keçir... Və hər dəfə düşünürəm ki, ən azı, bəlkə də sərt olan iradımla bir və ya iki xanımı duyuq saldım ki, belə olmaz! Sabah ana olacaqsınız və övladının narkoman, dələduz, avara... olmasından şikayətçi anaların halına yanmamağınız üçün elə indi özünüzün səhv yolda olduğunuzu anlayın, bu pis vərdişdən çəkinin!

 Bəs niyə qadınlar siqaretə, narkotikə meyillənir, onları buna kim və nə vadar edir?

 Diqqətinizi mətbuatda yayımlanmış bir vacib fakta cəlb etmək istərdim: məlum olur ki, ötən gecə (iyulun 27-də) Bakıda 24 yaşlı qadın yeni sintetik narkotikdən (“patı”) dünyasını dəyişib. Bunu paytaxtın baş toksikoloqu, dosent İsmayıl Əfəndiyev deyib. O bildirib ki, dünyasını dəyişən qadın iki uşaq anasıdır. 

Diqqət edin, İ.Əfəndiyev deyib ki, son dövrlər ölkədə narkotik istifadəsinin strukturu da dəyişib: “2010-cu illə müqayisədə keçən il  ölkədə psixostimulyatorların sayı 24 %-ə qalxıb. Bu dəhşətli statistikanı ifadə edən rəqəm 2010-cu ildə 0,9 % olmuşdur”.

***

Qərara aldım ki, Azərbaycanın gələcəyinə ağır zərbə olan bu bəlaya qarşı mübarizənin yollarını öyrənmək üçün ölkənin ilk növbədə üzdə olan ziyalı zümrəsinə, xüsusən də ictimai mühitdə fəal jurnalistlərimizə müraciət edək. Sual isə belədir: “Son vaxtlar xanımlar arasında narkotika və siqaretə qurşanma meylləri artmaqdadır. Səbəb nədir, qarşısını necə almalı?”

 Bu da cavablar:

Aynur Camalqızı,

sabiq millət vəkili, "Gündəlik Teleqraf" media qrupunun rəhbəri:

-Əsas səbəb təbii ki, savadsızlıq və cahillikdir. Mənim fikrimcə, savadlı qadın heç vaxt həyatını, sağlamlığını narkotiklə məhv etməz. Son vaxtlar "patı" adlanan sintetik narkotiki əksər qadınlar kilo vermək üçün istifadə etdiklərini bildirirlər. Cəmiyyət üçün böyük təhlükədir. Qarşısının alınmasını isə maarifləndirmə işlərinin maksimum artırılmasında görürəm. Media var gücü ilə maarifləndirmə aparmalıdır. Və ən başlıcası, qızlarımızın təhsilinə böyük önəm verməliyik. Zənnimcə, təhsilli, savadlı qızlarımız narkotikin də, tütünün də necə böyük təhlükə olduğunu anlayırlar. Təhsil - yeganə çıxış yoludur...

***

Afət Telmanqızı,

LAF-TV-nin həmtəsisçisi:

-Narkotikdən istifadə edən qadınların sayının artması müxtəlif səbəblərdən ola bilər. Məsələn, son vaxtlar ucuz qiymətə satılan "patı" deyilən narkotik vasitədən bəzi qadınlar arıqlama vasitəsi kimi istifadə edir. Bu da onlarda asılılıq yaradır. Qadınların bəzisi həyat yoldaşı tərəfindən cəlb edilir, yəni həyat yoldaşı onları bu bəlaya düçar edir. Bəziləri isə stressdən narkotikdən istifadə edir… Cəmiyyət özü ciddi mübarizə aparmalıdır…

 ***

Natiq Adilov,

araşdırmaçı jurnalist (Fransa):

-Salam, Asif bəy. Burada səbəbləri milli və qlobal hissələrə bölərdim. Əslində bunlar bir-birindən təcrid də olunmayıb, əlaqəlidir. Çox təəssüf ki, indi elə böhranlı vəziyyətə gəlmişik ki, siqaret kimi tərkibində 80 öldürücü kansrogen maddə olan zəhərin istifadəsinə narkotik fəlakət fonunda ona az qala loyal yanaşırıq. Halbuki, yaxın keçmişə qədər bizim qadınların siqaret istifadəsi nadir hallar idi və bu necə də gözəl idi. Səbəb nə olur olsun, istəyirsiniz bunu lap geridəqalmış mental dəyərlərin təsirinə bağlayın, lakin görünür ki, o keçmiş daha əldən çıxıb, geri də qaytarılması mümkünsüzdür. Tarixin çarxını geri fırlatmaq olmur. Demək indi biz, tabokomaniyanın daha genişlənməməsi üçün nəsə düşünməli, problemi indiki miqyasında məhdudlaşdırmalıyıq. İstər siqaret, istər narkomaniyanın geniş yayılmasının milli səbəbləri sırasında nə qədər banal görünsə də, mən lazımı effektiv təbliğat, maarifləndirmə işinin düzgün təşkil edilməməsini görürəm. Biz yeni dövrdə yaşayırıq, burda istər uşaqlara, istər gənclərə "filan şeyi eləmək olmaz, bu günahdır, ziyandır" ehkamı ilə hansısa ideyanı aşılamaq müşkül məsələdir. Hətta nəticəsi 0,1 faiz olan bir işdir. Təəssüf ki, nəzər salmışam, istər dərsliklərdə, istər kütləvi təbliğatda bizdə məsələ, ancaq yuxarıdakı kimi qoyulur. O metodun adını mən "əl vurma, öldürər" qoyardım. Bu çağırışı illərdir Səhiyyə Nazirliyi edir. Hətta indi siqaret qutularının üzərinə onun fəsadlarını göstərən, adamın ödünü ağzına gətirən və s. kimi fotolar vurulur. Aciz, çarəsiz, pis günə qalan xəstələrin yaralarını və s. göstərirlər. Lakin nəticə ürəkaçan deyil. Adamlar onu görə- görə istifadə edir. Sovet vaxtı qaldırdığınız problemə "pis vərdişlər" adı qoyulmuşdu. Bu uğurlu təyinatdır. Həqiqətən də siqaret pis vərdişdir. Mən daha çox uşaq və yeniyetmələri düşünürəm. Orqanizmin inkişafda olduğu, daha sonra nəsilvermə dövründə gəncləri nəyin bahasına olur- olsun narkotikdən, siqaret və  alkoqoldan qorumaq bəşəri missiyadır. Dünya çöhrəsini tam dəyişir. Çətin bir zamandayıq. Davranışlar, dəyərlər sürətlə yenilənir. Qlobal miqyasda şou- biznes həyatlara təsir göstərir və hamımız şahidik ki, bu cür trendlərdə yüngül həyat tərzi, mərhum reperin sözləri ilə desək, "nə qədər ki sağsan kef elə" şüarı aparıcı olur. Belə bir şəraitdə yetkinləşməmiş dünya, insan həyatı barədə məsuliyyətli düşüncə sahibi olmayanlar axına düşür və ötəri hisslərə öz sağ canlarını, şəxsiyyətlərini qurban verirlər. Bəs nə etməli? Bu sualın asan cavabı yoxdur. Bu iş kampaniyaçılıqla həll ola bilməz. Lap ibtidaidən başlamalı və bu işə kompleks əmək qoyulmalıdır. Məktəblər, universitetlər, KİV, ayrı-ayrı nüfuzli şəxslər və mütəxəssislər gənclərin öz həyatlarını doğru- düzgün qurması, asudə vaxtlarının təşkili üçün bir proqram ətrafında (bu müntəzəm dövlət proqramı olmalıdır) səfərbər etməli və buna, təkrar edirəm, bəşəri bir missiya kimi münasibət bəsləməlidirlər. Zaman çox amansızdır, o heç kimin göz yaşına rəhm etmir. Narkomaniyanın yeni çaları olduqca aqressivdir və sürətlə məhv edir. Fərd və cəmiyyət olaraq bu problemə şüurlu münasibət göstərməyəcəyiksə, sonumuz yaxındır, buna görə də heç kimi qınaya bilməyəcəyik. Ölülərin fəryadı eşidilmir…

***

 Məhsəti Şərif Öztürk,

Tele-jurnalist:

-Qadınlara dəstək uyğulaması olmalıdır. Geniş səviyyədə. Bunun qarşısını almaq üçün həm maarifləndirmə, həm də araşdırma olmalıdır. Təminatından tutmuş, psixoloji duruma qədər. Tək polislə həll olunacaq məsələ deyil. Narkotiki təmin edən ölkələr bəllidir. Sərhəddə durum ciddi nəzarətə götürülməlidir. Qadın və ya kişilərin narkotik həbləri qəbul etməsinə səbəb isə narkotik satışının çoxalmasıdır və malesef, qadınlar və uşaqlar bu tora daha asan düşə bilirlər. Diqqət etmisinizsə, son zamanlar bu, daha çox həyat yoldaşı olmayan, tək uşaq böyüdən analarda olur. Öncə bu qadınları şirnikləndirirlər, ələ alıb pul müqabilində asılı halına gətirirlər, ondan sonra isə… bu durum yaranır. Artık bağımlı olan, bilirsiz nələrə el atır...

***

Xalid Niyazov,

Əməkdar jurnalist:

-Nə bilim vallah… Söz tapmıram… Cəmiyyət bununla hara getdiyini bilmirmi???

***

Namizəd Səfərov,

hüquqşünas:

-Qadınlar arasında yox, gənc qızlar arasında narkotik və siqaretə artan meyillik hiss olunur. Bu da gənc qızların ailə nəzarətindən çıxmaq və müstəqilliyə meyillilik istəklərinin eybəcər təzahürü kimi doğur. Şəhərdə açılmış saysız-hesabsız bar və restoranlarda buna süni şəkildə şərait yaradılır. İşsizlik, ailədə uğursuzluq, çıxılmaz vəziyyətlər də bu acınacaqlı şəraiti formalaşdıran amillərdəndir. Gənclik taleyin hökmünə buraxılıb. Ali məktəbləri qurtaran gənc qızlar, hətta savadlı, bacarıqlı mütəxəsisslər belə təəssüf ki, heç kimə lazım deyil. Ölkədə zavod-fabrik yox dərəcəsindədir. Sağlam əmək kollektivləri yox dərəcəsindədir. Ölkə başdan-başa ticarətlə məşğuldur. Hamının başı qarışıb alış-verişə. Ən çox da, qadın və qızların boş vaxtlarını səmərəli keçirmək imkanları yoxdur. Mədəni istirahət obyektləri yaradılmır. Bu mənada qadınlar kişilərdən daha acınacaqlı vəziyyətdədir. Kişilər günlərini çayxanalarda, kafelərdə, pivə barlarında keçirirlər. Yaxşı halda, hər yerdə domino oynayır, nərd atırlar. Qadınlar bu növ əyləncələrdən uzaqdırlar. İşsizlik bu bəlaların başlıca törədicisidir. Ailə münaqişələrinin artması və bu zəmində qadınların zorakılığa məruz qalması da son məqamda ağır cinayətlərin baş verməsi və hətta ölümlə nəticələnməsinə gətirib çıxarır. Çıxış yolu, ilk növbədə iş yerləri açılmalı, kütləvi məşğulluq təmin edilməlidir. Bizim dövlət bunda maraqlı olmalıdır...

***

Rövşən Kəbirli,

jurnalist:

-Həm siqaret çəkən, həm də narkotika qəbul edən qadınların əksəriyyəti meşşan həyat sürənlərdir. Qarşısını almaq üçün polis sistemini A-dan Z-yə büsbütün yeniləmək lazımdır. Ümumiyyətlə, narkotacirləri həbsxanaya deyil, birbaşa cərimə batalyonu kimi silahsız mina təmizləmə əməliyyatında önə yerləşdirmək lazımdır. Bunlar reallaşsa, ölkədə narkotika istifadəçiləri barmaqla sayılacaq qədər azalacaq…

Aygül Bağırova, sosioloq:

-Son günlərdə ölkənin gündəmini zəbt edən narkomaniyanın qadınlar arasında yayılması xəbərlərinə rast gəlinir. «Ağ ölüm»ün əsirinə çevrilmiş qadınlar peşmançılıq hisslərini dilə gətirməklə yanaşı, narkotik alverçilərinin onları arıqlama səbəbi deyərək tora saldıqlarını deyirlər. Narkotikin qurbanı olan gənc qadınlar öz etirafları ilə digərlərini bu yoldan çəkindirməyə, narkotik alverçilərinin şirin dillərinə aldanıb onların tələsinə düşməməyə çağırış etməlidirlər. Narkotik maddədən istifadənin ilk günlərində aldığı həzlərdən göylərə uçan qurbanlar bir neçə dəfədən sonra şiddətli ağrılarla üzləşdiklərini və yalnız bu ağrılardan qurtulmaq üçün narkotikə möhtac olduqlarını deyirlər. Gənc qadınların bu etirafları hər kəsdə maraq oyatsa da onların bu vəziyyətlərinə yuxarıdan aşağı baxmaq düzgün deyil. Çünki heç kim heç vaxt bu cür problemlərdən sığortalanmayıb!

Səriyyə Müslümqızı, araşdırmaçı jurnalist:

- Təəssüflər ki, qadınlarımızın narkotik və siqaretə meyilliliyi artmaqda davam edir. Bunun bir neçə səbəbi var. Qadınların bir çoxu tanış  olduqları kişilər tərəfindən narkotikin qurbanına çevrilir, bəziləri də «narkotikdən asılılıq yoxdur»  deyənlərin tilovuna keçir. Hər bir qadının  arxasında güclü kişi dayananda bunlar da baş  verməz!

 

Начало формы

***

Bax belə… Amma görünən budur ki, Azərbaycan cəmiyyətinin-Vətənimizin gələcəyini doğacaq, böyüdəcək, tərbiyə edəcək… qadınların aqibətinə cavabdehlər hələki susur!!! Nə vaxta kimi?!

Mövzuya qayıdılacaq...

Asif MƏRZİLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə vəsaiti ilə çapa hazırlanmışdır. İstiqamət: 6.3.18)

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN