80-ci illərin sonunadək İrəvan əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi.
Tezadlar.az xəbər verir ki, bu barədə baş ofisi Nyu-Yorkda yerləşən Foreign Policy Association qeyri-kommersiya təşkilatının dərc etdiyi məqalədə deyilir.
"Baxmayaraq ki, bu gün bir çoxları ola bilsin bu barədə bilmir, İrəvan əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi. 1897-ci ildə İrəvan quberniyasında 77 491 azərbaycanlı və cəmi 58 148 erməni yaşayırdı", - məqalədə deyilir.
"Lakin qəddar etnik təmizləmə kampaniyasından sonra hazırda İrəvanda çoxluğu ermənilər təşkil edir və bir nəfər də olsun azərbaycanlı yoxdur", - məqalədə qeyd olunub.
Həmçinin, Qərbi Azərbaycan İcmasının Ermənistanın baş naziri Nikol Paşinyana müraciət ünvanladığı və müraciətdə etnik təmizləmənin bəşəriyyətə qarşı cinayət olduğunu, Ermənistandan sürgün edilmiş azərbaycanlıların təhlükəsiz şəkildə və lazımi qaydada qayıdışının onların qanuni hüququ olduğunun deyildiyi qeyd olunub.
Foreign Policy Association, həmçinin, Qərbi Azərbaycan qaçqını olan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevdən sitat gətirir. Sitatda azərbaycanlıların doğma İrəvan şəhərindən sürgün edilməsi prosesinin 1988-ci ilin fevralında başladığı deyilir. Nəbiyevin xatırladığına görə, hər an ermənilərin hücum etmə ehtimalı var idi və insanlar təxliyə olunmağa cəhd edirdilər. "Mənim atam doğma kəndimizi ən son tərk edənlərdən olub. O, 1989-cu ilin may ayına qədər Kirovakanda qaldı. Zəlzələdən sonra elektrik enerjisi kəsildi və orada məhdud sayda sakin yaşayırdı. Atam deyirdi ki, öz əcdadlarının vətənini, ata-anasının dəfn olunduğu torpağı tərk edə bilmirdi. O, kənddən yalnız 1989-cu ilin may ayında çıxdı", - Nəbiyev deyib.
O, ümumilikdə ermənilərin azərbaycanlılara qarşı 1905-1906-cı illərdən etibarən etnik təmizləmə siyasəti apardığını qeyd edib.
"Azərbaycanlılar ermənilər tərəfindən etnik təmizləməyə məruz qalırdılar, lakin vətənlərini tərk etmək istəmirdilər. Biz orada əsrlərlə yaşamışıq və geri qayıdacağıq", - O, vurğulayıb.
Trend