HƏBSDƏ OLAN RASİM MƏMMƏDOV ALİ MƏHKƏMƏNİN SƏDRİNDƏN KÖMƏK İSTƏYİR

17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəf\indən «Təzadlar»a göndərilən müraciətdə deyilir:

«-Azərbaycan Respublikasi Ali Məhkəməsinin sədri cənab İnam Kərimova!

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məmmədov Rasim Adil oğlu tərəfindən müraciət.

Çox hörmətli cənab sədr!

Mən - Məmmədov Rasim Adil oğlu, 3 fevral  2022-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan CM-nin  221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək həbs olunmuşam. 6 ay ərzində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində, 6 aya yaxın müddətdə isə Sumqayıt Şəhər Məhkəməsində təqsirləndirildiyim cinayət işinin məhkəmə istintaqı aparılmış, sonda barəmdə əsassız olaraq günahımı bilavasitə təsdiqləyə biləcək, yetərliliyi və mötəbərliliyi şübhə doğurmayan sübutlar  təqdim edilmədən 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişəm. Cəmiyyətdə müəyyən bir müsbət reputasiyaya malik ziyalının, yaşı 60-ı haqlamış ailə başçısının və Azərbaycan qanunlarına hörmət və ehtiramı özünün həyat noramasına çevirmiş bir vətəndaşın xuliqanlıq maddəsi ilə, özü də əsassız ittihamlarla həbsxana divarları arasına göndərilməsi acı təəssüf hissi doğurur.

 Mən təxminən 6 aydır ki, Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirəm. Təəssüflər olsun ki, məhkəmə tərəfindən barəmdə təyin edilmiş cəza müddətinin yarısını artıq çəkdiyimə və vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmaq hüququm (VƏŞ) yaransa da, mən bu hüququmdan və Cəzaların İcrası Məcəlləsində təsbit olunmuş normadan istifadə edə bilməmişəm. Bu günə qədər mənə qarşı münasibətdə ortaya qoyulan qərəzin səbəbini başa düşə bilmirəm.

 Məlumat üçün bildirirəm ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmaq hüququm yarandıqdan sonra, yəni 2023- cü ilin 12 iyulunda, mənim doğum günümdə himayəmdə və mənimlə birlikdə yaşayan 87 yaşlı anam Hafizə Məmmədova dünyasını dəyişdi. Yenə də təəssüf hissi ilə qeyd edirəm ki, təqsirli bilindiyim əməl və barəmdə təyin olunmuş cəza o qədər ağır olmasa da, doğma anamın dəfnində iştirak etmək hüququm təmin edilmədi. Bu isə qüvvədə olan qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması demək idi. Mən təqsirləndirildiyim cinayət işi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin I İnstansiya  Məhkəməsi ilə eyni mövqeyi bölüşən əsassız qərarından kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət vermişəm. Anamın 40-cı yas mərasimindən 2 gün öncə, yəni 17 avqust  2023-cü il tarixdə Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə kassasiya şikayətimə baxılması gözlənilir. Hesab edirəm ki, cinayət işimlə və habelə şəxsiyyətimlə bağlı aşağıdakı  məqamlar hərtərəfli və obyektiv şəkildə araşdırılıb  qiymətləndirildikdən sonra barəmdə, nəhayət ki, ədalətli qərar qəbul olunacaq. Mən buna əminəm, çünki sizin ədalətinizə inanıram!

Hörmətli İnam müəllim!

 Mən ailənin tək oğul övladı olmuşam. Bütöv bir nəslin ağsaqqalı sayılıram. Cəza çəkdiyim müddətdə anamı itirdim. Cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmaq hüququm yaransa da, bəlli olmayan səbəbdən bu hüququmdan yararlana bilməmişəm. Özüm həbs edilməzdən əvvəl cəmiyyətdə müəyyən nüfuzu olan qeyri-hökumət təşkilatının rəhbəri olmuşam. Kitab müəllifiyəm, 12 dekabr 2008-ci il tarixində Heydər Əliyev Fondunun tapşırığı və dəstəyi ilə Azərbaycanda qaraciyər transplantasiyası keçirilmiş ilk pasiyentəm. Artıq  60 yaşım var. 3 övlad atası və 3 nəvə babasıyam. Hazırda sağlamlığımda olduqca ciddi problemlər var. 5 aydır ki, saxlanıldığım 17 saylı cəzaçəkmə müəssisəsinin sanitar-tibb hissəsində müalicə alıram. Xəstəlik nəticəsində hərəkət fəaliyyətim olduqca məhdudlaşıb, çətinliklə yeriyirəm.

 Mən bütün ömrüm boyu vətənimə, xalqıma  və dövlətimə sədaqətlə xidmət etmişəm. Bu xidmətimin əvəzində isə heç kəsdən nəsə ummamışam. Ona görə də mənə qarşı sərgilənən ədalətsiz münasibətin, yol verilmiş qərəzin və qanunsuzluqların baş vermə səbəbləri hələ də mənim üçün müəmmalıdır. Ancaq bütün bunlara baxmayaraq, mən ruhdan düşmür, hüquqi müstəvidə ədalət uğrunda mübarizəmi davam etdirirəm. Çox istərdim ki, hüquqi dövlət olan öz ölkəmizin məhkəmələri tərəfindən haqq etdiyim azadlığıma qovuşum. Mən buna çox inanıram. Elə inandığım üçün də sizə müraciət etmişəm.

Cənab sədr!

Xalqımızın çox gözəl  və yerində söylənmiş bir deyimi var: “Haqq nazilər, ancaq üzülməz!”. Nə yaxşı ki, dünyada hələ də nazilmiş haqqı üzülməyə qoymayan Sizin kimi ədalətli insanlar var. Ona görə də birbaşa Sizə müraciət ünvanlayır və sədri olduğumuz Ali Məhkəmə instansiyasında barəmdə mərhəmətli bir qərarın çıxarılması məsələsində mənə əməli kömək göstərməyinizi  sizdən xahiş edirəm».

«Təzadlar»

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN