Yaxud, Zaqatala rayon Prokurorluğunda nə baş verir?

…Son illərin təcrübəsi göstərir ki, hüquq-mühafizə orqanlarının təhqiqat və istintaq orqanlarında çalışan əməkdaşlarının bəzən peşəkarlıq səviyyəsi həddindən artıq aşağı olur. Bununla yanaşı, istintaqa və təhqiqata prosessual rəhbərliyin həyata keçirilməsi də bir sıra hallarda biabırçı vəziyyətdə olur. Bu isə sonradan məhkəmə istintaqında ciddi problemlərin üzə çıxmasına, vətəndaş narazılığına səbəb olur…

***

Tanınmış vəkil İkram Abdullayevlə söhbətimizdə bu məsələyə toxunuldu:

-İkram müəllim, vətəndaşlarımız bəzən pozulmuş hüquqlarının bərpasında ciddi çətinliklərlə rastlaşırlar. Səbəb istintaq və təhqiqat prosesini həyata keçirənlərin peşəkarlığının aşağı olmasıdır, yoxsa

- Vətəndaşlara qarşı cinayət hərəkətləri törətmiş şəxslərin qanuna müvafiq qaydada cəzalandırılmaması həm onların rəsmi dövlət qurumlarından narazılığına səbəb olur, həm də cəmiyyətdə cəzasızlıq mühiti yaradır. Bu isə çox təhlükəli nəticələrə səbəb olur. Vətəndaşın pozulmuş hüququnun bərpası, onun dövlətdən və cəmiyyətdən umacağı haqqının təmin edilməsi çox həssas məsələdir. Mən hüquq müdafiəçisi, vəkil olaraq tez-tez rayonlara gedirəm. Yəni, mənə müraciətlər olduğundan hüquqi yardıma dair müqavilə bağlayaraq fəaliyyət göstərirəm. Rayonlardan müraciət edən vətəndaşlarımızın əksəriyyəti belə izah verir ki, rayonda olan vəkillər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aralarında yaranmış isti münasibətləri korlamamaq üçün fəaliyyətlərində prinsipiallığı kifayət qədər qorumadıqlarından, onlara qarşı inam azalır, ona görə də başqa vəkil tutmağa məcbur olurlar. Mən buna haqq qazandırıram.

-Nə mənada?

- O mənada ki, vəkil öz peşəsinə xəyanət edərək, prinsipiallığını əldən verərək prokurorun, müstəntiqin, hakimin qoltuğunun altına sığındısa, o nüfuzuna xələl gətirir, hörmətdən düşür, ona qarşı inamsızlıq yaranır. Beləliklə, mən hazırda Zaqatala rayonunda baş vermiş iki cinayət hadisəsi ilə əlaqədar burada xidməti ezamiyyətdəyəm. Odur ki, polis və prokurorluğun fəaliyyəti ilə əlaqədar oxucularıma şərh vermək istəyirəm. Hadisənin biri belədir: Zaqatala rayonunun Qandax kənd sakini, 63 yaşlı Əmiraslanova 24.06.2023-cü il tarixdə, gecə saat 00:10 radələrində evində tək yatdığı zaman evinin qapısı döyülmüşdür. Durub qapını açmadan soruşmuşdur ki, “kimsən?”. Qonşusu Həsrətov Bayram Əhmədəli oğlu demişdir ki, “Mənəm, xala, çay daşıb, sel həyəti basıb, həyət suyun içindədir”. Əmiraslanova qapını açan kimi Bayram Həsrətov sərxoş vəziyyətdə qapını basaraq zorla evə daxil olmuş, Əmiraslanovanı qucaqlayıb yatdığı 2 nəfərlik çarpayıya tərəf itələyərək onu çarpayıya yıxmış, üstünə çıxaraq alt paltarını əynindən dartıb çıxarmış, zorlamaq istəyərkən Əmiraslanova ona müqavimət göstərmiş, qışqırmağa başlamış, Bayramın qolunu və qulağını dişləmişdir. Əlbəyaxa olan zamanı hər ikisi çarpayıdan döşəməyə yıxılmışdır. Əmiraslanova müxtəlif xəsarətlər almışdır. Hətta, IX qabırğası sınmışdır. O, Bayramın əlindən çıxaraq mətbəx tərəfə qaçmış, Bayram onu yenə də yerə yıxaraq zorlamaq istəmiş, bu zaman qolundan və qulağından axan qan mətbəxin döşəməsinə tökülmüş, təkrar əlbəyaxa zamanı Əmiraslanova boynunda olan gümüş materialdan olan boyunbağını dartıb qırmış, nəhayət, Bayramın əlindən çıxaraq mətbəxdən həyətə açılan qapıdan çıxaraq həyətin yanından axan çaya düşərək çayla gedib qonşusu Firəngizin həyətindən çıxmışdır.

 Həmin vaxt Firəngiz və qonşusu Yazgül onu qarşılamışlar, görmüşlər ki, paltarları islanıb, əl-ayağı palçıq içindədir. Onu oturtmuşlar, Əmiraslanova qusmuşdur, halı ağırlaşmışdır. Ondan nə baş verdiyini soruşduqda, bildirmişdir ki, Bayram onun evinə girib təcavüz etmək istəyirdi. Əmiraslanovanın evində baş verən qışqırığı eşidənlər onun qardaşı Soltana, oğlu Elnura zəng edərək hadisə baş verdiyini bildirmişlər. Elnur bibisi Əmiraslanovanın evinə gəldikdə görmüşdür ki, evin qapısı açıqdır, bibisi evdə yoxdur, yataq çarpayısı dağınıq vəziyyətdədir, bibisinin mobil telefonu döşəmədədir, alt paltarı çarpayının yanında, döşəmədədir, mətbəxdə qan ləkələri var. (Bunlar Elnurun izahatındandır.) Elnur bibisinin səsinin qonşu Firəngizin həyətindən gəldiyini eşidib Firəngizə zəng edərək bibisini soruşmuş, bibisi artıq həyətində adamlar olduğunu bilərək Firəngizlə evinə qayıtmışdır... Qardaşı Soltanın, onun oğlu Elnurun həyətdə olmasını görüb onların hər-hansı ağır addım atacaqlarından ehtiyat edərək Bayramın onu zorlamaq istəməsini gizlədərək demişdir ki, Bayram onu döyüb. Qardaşı Soltan Bayramın qardaşı Kərəmə zəng etmiş, qardaşı Bayramın harada olmasını soruşmuşdur. Kərəm Bayramgilə gedərək onu durquzmuş, sərxoş olduğunu görüb nə üçün Əmiraslanovanın evinə getdiyini soruşduqda boynuna almamış, yadına düşmədiyini demişdir. Kərəm Bayramı Əmiraslanovanın həyətinə gətirmişdir. Bayram yenə də inkar etmişdir ki, o, Əmiraslanovanın evinə girməmiş, onunla dalaşmamışdır. Bu zaman Əmiraslanova evə daxil olaraq mətbəxdə Bayramın boynundan qopardığı gümüş boyunbağını tapmış, boyunbağını Bayrama göstərəndə Bayram sübutu itirmək üçün boyunbağını Əmiraslanovanın əlindən qapıb almışdır.

hebs

-Bəs hadisə barədə zərərçəkmiş DİN-nin 102 xidmətinə zəng vurmuşdurmu?

-Bəli, bu hadisələrdən sonra hər iki qardaş yalvarmağa başlamışlar ki, Əmiraslanova şikayət etməsin. Əmiraslanova başına gətirilən bu faciənin acısını sinirə bilməmiş, hər bir halda 102 xidmətinə zəng edərək zorlanmağa məruz qalmasını qardaşlarından gizlətsə də, Bayram tərəfindən döyüldüyünü bildirmişdir. Hadisə yerinə gələn sahə inspektoru səriştəsizliyindən hadisə yerini müayinə etməmiş, fotoşəkillər çəkməmiş, Bayramın mətbəxə tökülən qanını müqayisə üçün qaşıyıb götürməmişdir. Əmiraslanova 24.06.2023-cü il tarixdə Zaqatala Rayon Polis Şöbəsinə və rayon prokurorluğuna verdiyi şikayət ərizələrində Bayram tərəfindən döyüldüyünü yazsa da, həm polis şöbəsində, həm də prokurorluqda izahat verəndə həqiqəti söyləmiş, Bayramın onu zorlamaq istəməsini təsdiq etmişdir. Beləliklə, Bayram Həsrətovun Əmiraslanovanı zorlamaq istəməsi faktını təsdiq edən aşağıdakı sübutlar vardır:

  1. Bayram Həsrətovun sərxoş vəziyyətdə 24.06.2023-cü il tarixdə, saat 00:10 dəqiqədə evində tək yatan Əmiraslanovanın evinə gələrək çağırıb onu “həyətini sel basıb”-deyərək aldadıb qapını açdıraraq evə soxulması;
  2. Əmiraslanovanı yataq çarpayısında altına basaraq alt paltarlarını dartıb əynindən çıxarması, onunla əlbəyaxa zamanı boyunbağısının Əmiraslanova tərəfindən dartılıb qırılması və boyunbağının evdə qalması;
  3. Əmiraslanovanın Bayramın qolunu və qulağını dişləməsi və onun qanının mətbəxə tökülməsi;
  4. Əmiraslanovanın qardaşı Soltanın oğlu Elnurun bibisinin yataq otağında çarpayısının dağınıq olmasını, mobil telefonun döşəmədə olmasını, alt paltarının çarpayının yanında – döşəmədə olmasını gördüyü;
  5. Əmiraslanovanın bədəni üzərində olan xəsarətlər, qançırlar, qabırğa sınığı;
  6. Şahid, qonşu Muradova Yazgülün Əmiraslanovanın öz evində qışqıraraq “burax məni, burax, yoxsa özümü öldürəcəyəm” - deməsini eşitməsi;
  7. Əmiraslanovanın çaydan çıxaraq islanmış və palçığa batmış vəziyyətdə qonşu Cüməliyeva Firəngiz Müslüm qızının həyətinə çıxması və Yazgüllə ona Bayram tərəfindən təcavüzə, zorlamaya məruz qalmasını bildirməsi;
  8. Əmiraslanova polisə və prokurorluğa verdiyi izahatlarda Bayram Nüsrətov tərəfindən zorlanmasına cəhd edilməsini təsdiqləməsi.

 Bu sübutlar Bayram Həsrətovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1-ci maddəsi ilə, yəni zorlamağa cəhdlə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tam kifayətdir.

-Bəs prokurorluğun müstəntiqi nə qərar verib?

-məsələ ondadır ki, Zaqatala Rayon Prokurorluğunun böyük müstəntiqi Vüsal Süleymanovun qəbul etdiyi 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Vüsal müəllim bu sübutları qəbul etməmiş, Bayram Həsrətov barəsində zorlamağa cəhd maddəsi ilə cinayət işi başlamağı rədd etmiş, qərara gəlmişdir ki, Bayram Həsrətov Əmiraslanovaya yüngül xəsarət yetirdiyinə görə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məsuliyyətə alınmalıdır. Ona görə də materialı Zaqatala RPŞ-nə göndərmişdir. Nəticədə, Bayram Həsrətovu 8 ilə qədər həbs cəzasından azad edərək min manatdan 1500 manata cərimə cəzası və ya ən ağırı- 1 ilə qədər həbs cəzası almasına şərait yaratmışdır. 21 sentyabr 2023-cü il tarixdə mən Zaqatala rayon prokuroru, hörmətli Rasim Musayevlə görüşərək prokurorluğun qəbul etdiyi bu qərarla razılaşmadığımı bildirdim. Hörmətli Rasim müəllim izah etdi ki, Bayram Həsrətovun Əmiraslanovanı zorlamağa cəhd etməsi sübut olunmur. Belə ki, Əmiraslanova 24.06.2023-cü ildə Zaqatala Rayon Polis Şöbəsinə və Prokurorluğa verdiyi şikayət ərizələrində yazmayıb ki, Bayram Həsrətov onu zorlamaq istəyib, yazıb ki, məni döyüb… Yaxşı, niyə döyüb??? Səbəbi araşdırmısınızmı və maddi sübutlar bu məzmunda toplanıbmı, nədən ibarətdir və iş materialında varmı??? Mən həm də prokurora xatırlatdım ki, ərizəsində döyüb yazsa da, izahatlarında zorlamağa cəhd etməsini təsdiq edib. Bundan əlavə, bəs bu toplanmış sübutları necə inkar edirsiniz? Hörmətli prokuror həmin sübutların kifayət etməməsini bildirdi. Mən çox təəssüflə, məyusluqla ondan ayrıldım. Küçəyə çıxdım, prokurorluğun binasına baxaraq burada nələr baş verdiyini, neçə-neçə namusun, qeyrətin, ədalətin basdırıldığını düşündüm. Belə qənaətə gəldim ki, biz elə bilirik ki, məzarlıq yalnız kütləvi insan məzarlığı olur, sən demə, namus, qeyrət, ədalət məzarlığı da varmış… Lakin heç bir qərar bizi mübarizəmizdən saxlaya bilməz, ruhdan sala bilməz. Əmiraslanovanın haqqı bərpa olunmalıdır və olunacaq da!

-Maraqlı açıqlamaya görə təşəkkürlər...

"Təzadlar"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN