Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib...

 ...Uzun illər mətbuatımıza dövlət tərəfindən ayrılan halal pullara haram əlini uzadanların aqibəti məhkəmədə araşdırılmaqdadır. Nəhayət, ötən gün bu haram əllərin baş qəhrəmanına ittiham elan edildi: 18,5 milyon manat mənimsəmə və talama! 

 İttiham aktına əsasən, fondun sabiq icraçı direktoru Vüqar Səfərli müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə dövlətə məxsus 18 milyon 500 min manat məbləğində pul vəsaitini mənimsəyib. İttiham aktına görə, V.Səfərli baş mühasibi Təhminə Yaqubova ilə cinayətkar əlaqəyə girərək, Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə 2013 və 2017-ci illərdə Səbail rayonunda inşa edilmiş 2 binanın tikintisi üçün Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin etməyib. Törədilən saxtakarlıqlar nəticəsində cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr yaranıb. Prokuror Vüqar Səfərli və digərlərinin Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə mühakimə olunmasını istəyib. Vəkillərdən biri məhkəmədə şahid qismində dindirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun, onun oğlu Şamxal Həsənlinin və baldızı Gülər Vəliyevanın işə cəlb olunması ilə bağlı vəsatət verib. Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib. Daha sonra dövlət ittihamçısı təklif edib ki, məhkəmə istintaqı təqsirləndirilən şəxslərin dindirilməsi ilə başlasın. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini və ifadə vermək üçün hələ hazır olmadıqlarını deyiblər. Hakim növbəti prosesi sentyabrın 3-ə təyin edib. Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub. Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb. Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib. O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

*** 

Bu arada jurnalist Aqil Ələsgər maraqlı status paylaşıb. O, yazır: "Ləğv olunmuş KİVDF-nin keçmiş icraçı direktoru, dövlətə külli miqdarda ziyan vurduğuna görə həbs edilən Vüqar Səfərlinin cinayət ortağı qismində adı hallanan tikinti maqnatı, hazırda Rusiyada yaşadığı bildirilən “Verso-M” tikinti şirkətinin sahibi Mehrac Babayev növbəti dəfə diqqət mərkəzinə düşüb. Yenicag.az-a daxil olan məlumata əsasən, Mehrac Babayev avqustun 7-də İstanbulda “Çırağan” sarayında oğluna çox təmtəraqlı toy edib. Toy məclisində Azərbaycandan çox sayda müxtəlif vəzifəli məmurlar, o cümlədən, Nizami rayon icra hakimiyyətinin keçmiş başçısı Arif Qasımov, bir neçə rayonun polis rəisi, həmçinin Avropa, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və başqa ölkələrdən xeyli iş adamı iştirak edib. Qeyd edək ki, Mehrac Babayevin adı geniş ictimaiyyətə ilk dəfə Baş Prokurorluğun KİVDF-nin sabiq rəhbərliyinin yol verdiyi miqyaslı qanunsuzluqlarla bağlı yaydığı açıqlama sayəsində məlum oldu. Daha sonra mediada işıq üzü görən çoxsaylı informasiyalarda Babayevlə əlaqədar mühüm detallar aşkara çıxdı və sözügedən iş adamının KİVDF cinayətlərində iştirakına dair məlumatlara yeni çalarlar da əlavə olundu. Həmin məlumatların əsas nüvəsini KİVDF-nin prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq, inşa etdirdiyi “Jurnalist binaları”nın tikintisinin məhz Mehrac Babayev tərəfindən həyata keçirildiyi təşkil edir. Yeri gəlmişkən, Vüqar Səfərlinin Azərbaycanda yaşamayan və təbii ki, media sahəsinə aidiyyatı olmayan Mehrac Babayevi KİVDF-də müvafiq iş, status və maaşla təmin etməsi, görünür, iş adamı üçün “kompetentlik immuniteti” yaratmaq məqsədi daşıyıb. Bununla belə, Vüqar Səfərli və bəzi ortaqlarının həbsi, eyni zamanda, Fondun bir sıra sabiq məsul şəxslərinin istintaqa cəlb edilməsi fonunda Mehrac Babayevin barəsində hər hansı hüquqi prosedurlara əl atılmaması son bir ildə dəfələrlə mediada müzakirə olunub. Vüqar Səfərlinin təqribən bir ay əvvəl başlayan məhkəmə prosesinin gedişində verilən müxtəlif ifadələr Mehrac Babayevin nəinki məsuliyyətə, heç istintaqa da cəlb olunmamasının səbəbləri haqda sualları təkrar aktuallaşdırıb. Hər halda, “KİVDF işi”nin əsas fiqurantı olan Vüqar Səfərlinin dövlətin milyonlarla pulunu birgə talan etməkdə adı hallanan şəxsin azadlıqda qalması sıradan sayılacaq hadisə deyil. Ancaq göründüyü kimi, Mehrac Babayevi himayə edən əllər onun ciddi-cəhdlə istintaqdan yayındırır, ədalət mühakiməsinin qarşısına çıxarılmaqdan mühafizə edir. Ən təəccüblüsü isə budur ki, onlar bunu gizli yox, dövlətə meydan oxuyacaq səviyyədə nümayişkar tərzdə edirlər. Belə olmasaydı, Mehrac Babayev oğluna İstanbulda inanılmaz təmtəraqla və Azərbaycandan çağırdığı çoxsaylı məmurların iştirakı ilə toy etmək cəsarəti göstərə bilməzdi…".

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN