...SSRİ mövcud olduğu dönəmdə dünya iki əks düşərgəyə bölünmüşdü. Moskva dünyada sosializmin, Vaşinqton isə kapitalizmin möhkəmlənməsi uğrunda mübarizə aparırdı. Amerika yaxşı bilirdi ki, kapitalist ölkələr onun himayəsinə sığınacaq, sosialist ölkələr isə SSRİ-yə güvənəcək. 9 may 1955-ci ildə ABŞ-ın təklifi ilə Avropada sovet nüfuzunun artmasından narahat olan 12 ölkə 1949-cu ildə qurulan Şimali Atlantika Alyansı-NATO-ya qoşuldu. 14 may 1955-ci ildə SSRİ və Avropadakı sosialist bloku dövlətləri tərəfindən imzalanan Varşava müqaviləsi əsasında sosialist ölkələrinin də hərbi alyansı yarandı. ABŞ və SSRİ arasında davam edən ideoloji qarşıdurma SSRİ-nin süqutuna qədər davam etdi.
Bu mənada İran da ideoloji dövlətdir və var gücü ilə İran islam inqilabını digər müsəlman ölkələrinə ixrac etməyə çalışır. 1979-cu ildə İranda Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi nəticəsində yaranan İran İslam Respublikasının qurucusu, Ayətullah Ruhullah Musəvi Xomeyninin (1979-1989) Səudiyyə Krallığı ilə bağlı vəsiyyəti özlüyündə çox şey deyir: “Müsəlmanlar zalımları, o cümlədən Səudiyyənin kral ailəsini lənətləməli və onlarla mübarizə aparmalıdır. Onlar Allahın əzəmətli ziyarətgahlarına xəyanət ediblər, onlara Allahın lənəti olsun, onların üzərinə Allahın peyğəmbərlərinin və mələklərinin lənəti olsun. Kral Fəhd xalqın var-dövlətinin böyük bir hissəsini hər il Qurana zidd olan, tamamilə əsasız və batil Vəhhabi inancını yaymaq üçün istifadə edir. Kral islamdan və əziz Qurandan sui-istifadə edir. Bu xainə Allah lənət etsin”. İran ilə Səudiyyə Ərəbistanı arasında olan antaqonist ziddiyyətlərin əsasında dayanan faktorların biri də bu vəsiyyətə bağlıdır.
İranın xarici işlər naziri (2005-2010) Manuçehr Mottaki ilə Abdullah bin Əbdüləziz Əl Səudun söhbəti isə tarixi həqiqətin etirafı baxımından xüsusi önəm kəsb edir. Kral nazirə deyir ki, İran ərəblərin işinə qarışır. Buna cavab olaraq nazir söyləyir ki, ərəblər də müsəlmandır. Yəni biz müsəlman olduğumuza görə müsəlmanların işinə qarışa bilərik. Kral qəti etiraz edir: “Yox, onlar ərəbdir. Persiyalılar ərəblərin daxili məsələlərinə müdaxilə edə bilməz. Bu, onların işi deyil”.
ermeni-dasnak
Təbii ki, İran belə şeylərə məhəl qoymadı və ərəb dövlətlərində özünə müvafiq olan rejimlər yaratmağa çalışdı.
2015-ci ildə Yəməndə vəziyyət nəzarətdən çıxdı. Səudiyyə Ərəbistanı prosesə müdaxilə etdi. Bununla bağlı İranın Ali dini lideri Ayətullah Əli Xameneyi belə bir bəyanat verdi: “Səudiyyə Ərəbistanının Yəmən və onun günahsız insanlarına təcavüzü bir səhv idi, bu, beynəlxalq məhkəmələrdə araşdırılası bir cinayət və genosid aktıdır”.
Xatırladım ki, 2011-ci ildə Yəmənin paytaxtı Sana şəhərində 30 ildən çox ölkəni idarə edən prezident Əli Abdulla Salehin istefası tələbi ilə xalq ayağa qalxdı. Səudiyyə Ərəbistanı sünni olan Əli Abdulla Salehin, İran isə çoxluqda olan şiə üsyançıların yanında yer aldı.
Bu sırada tacını yenicə başına qoyan Kral Salman ABŞ-dan “İranın fitnəsinin qarşısını almaq üçün” kömək istədi. Elə həmin il həcc ziyarəti zamanı qırğın baş verdi. Səudiyyə Ərəbistanında azı 464 iranlı zəvvar qətl edildi.
İran İnqilab keşikçiləri Ordusunun (SEPAH) komandanı general-mayor Muhammad Ali Jafari Səudiyyə Ərəbistanını o vaxt belə hədələmişdi: “İslam inqilabı yaxşı sürət alıb və irəliləyir, buna nümunə kimi inqilabın getdikcə artan ixracatıdır. Bu gün təkcə Fələstin və Livan deyil, həm də İraq və Suriya İran İslam İnqilabının təsiri altındadır. İnqilabın ixracı yeni bir səhifə açıb”.
İran Ali Milli Təhlükəsizlik Şurasının sədri Ali Şamxani İran parlamentində çıxışında bir az da irəli getdi: “Yəmənin paytaxtı Sənanın süqutu ilə şiə Husi milislərinin nəzarətinə keçdi. Beləliklə dörd ərəb ölkəsinin paytaxtı bu gün İranın əlindədir. Onlar İran İslam inqilabına mənsubdur. Yəmən inqilabı yalnız Yəmənlə məhdudlaşmayacaq. Yəmənin uğurları sonra Səudiyyə ərazilərinə də yayılacaq. Yəmənlə Səudiyyə arasındakı geniş sərhədlər İran İslam İnqilabının Səudiyyə torpaqlarının dərinliklərinə çatmasını sürətləndirməyə kömək edəcək”.
Bu məqsədlə İran Səudiyyə Ərəbistanındakı şiə icmasından istifadə etməyə çalışdı. Yerli şiələrin nüfuzlu lideri şeyx Nimr al-Nimr 2016-cı ildə İranın bütün etirazlarına rəğmən edam edildi. O vaxt İranın dini lideri Ayətullah Əli Xameneyi xəbərdarlıq etdi ki, Səudiyyə Ərəbistanı şiə ruhanisini edam etdiyinə görə "ilahi intiqamla" üzləşəcək...
İran islam İnqilabını əsasən bu və ya digər ölkədə yaratdığı və dəstək verdiyi terrorçu qruplar üzərindən həyata keçirir. Sirr deyil ki, rəsmi Tehran eyni siyasəti Azərbaycanda da həyata keçirməyə çalışır. “Dörd ərəb ölkəsinin paytaxtı bu gün İranın əlindədir” deyən molla rejimi eyni hədəfə varmaq üçün Azərbaycan Islam Müqavimət Hərəkatı- Hüseynçilər qrupu yaratdı. Bu silahlı qruplaşma Azərbaycanda “Kərimə dövləti” qurmaq istədiyini bəyan etdi. “Kərimə dövləti” dedikdə Azərbaycanda İran rejiminə bənzər idarəçiliyin formalaşması nəzərdə tutulur. 2015-2016-cı ildən siyasi səhnədə görünməyə başlayan bu qrupun yaradıcısı Tohid İbrahimbəyli (və Orxan Məmmədov) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandanı Amerika tərəfindən qətlə yetirilmiş general mayor Qasım Süleymaninin Azərbaycandakı eşidən qulağı, görən gözü hesab olunurdu. Elə bu qruplaşmaya da "Hüseyniyyə" adını Qasim Süleymani verib. Bu qruplaşmaya Qum və Məşhəd şəhərlərində təhsil alan azərbaycanlı tələbələr cəlb olunub və onlar İŞİD-lə mübarizə aparmaq üçün Suriyanın paytaxtı Dəməşq şəhərinə göndərilib. Tohid İbrahimbəyli Dəməşqdə olarkən bəyan edib ki, onların məqsədi təkcə İŞİD-lə mübarizədən ibarət deyil. Onlar həmçinin Azərbaycanda mövcud olan dünyəvi ("secular") rejimi dəyişməkdə qərarlıdırlar. O da maraqlıdır ki, bəzi iddialara görə bu qrupun bir neçə üzvü könüllü şəkildə II Qarabağ müharibəsində Azərbaycan tərəfindən vuruşub. Ancaq “Hüseynüyyün” təşkilatını Hizbullahın Azərbaycan variantı kimi yaradan Tohid İbrahimbəyli bəyan edib ki, Azərbaycan sionist İsrail ilə yaxınlıq etdiyinə görə o, öz qruplaşmasını Qarabağ müharibəsinə göndərməkdən imtina edib. Əslində, bu qruplaşma o qədər də böyük deyil. Bəzi məlumatlara görə onların cəmi 20 nəfər üzvü var. Ancaq onlar sosial şəbəkələrdə son dərəcə aktivdirlər.
Elbəyi HƏSƏNLİ,
SURİX
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN