Əgər hansısa xəstəliyin törədicisi olan virusdan sağalma şansı varsa, narkomaniyadan sağalma olduqca çətin və xalqın-cəmiyyətin gələcəyini məhv edən bir bəladır!
Elə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çoxsaylı sorğuları, ictimai-sosial sifarişi nəzərə alaraq milli genofondumuz, ailə institutu, demoqrafik inkişaf, ictimai asayiş və dövlətçilik maraqları üçün ciddi təhlükə - zəmanəmizin qorxunc bəlasına çevrilmiş narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinin həyacanlı durumu ilə bağlı Azərbaycan ictimaiyyətinə aşağıdakı müraciəti etməyi vacib sayır. Şeyxin müraciətində deyilir: "Gələcək nəslin sağlam təməllər üzərində milli, dini-mənəvi dəyərlərə istinadən formalaşdırılması cəmiyyətimiz üçün bütün dövrlərdə mühüm istiqamətlərdən biri olmuşdur. Gənc nəslin həm fiziki, həm ruhi saglamlığı, ictimai fəallığı və sosial faydalılığı kimi məqamların reallaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti danılmazdır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası, Elmi-Dini Şurası zamanında bu mühüm məsələlərə dair sanballı konfrans və tədbirlər təşkil etmiş, yerlərdəki din xadimlərinə bu mövzuları öz moizə və xütbələrində mütəmadi olaraq şərh etmək barədə müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Cəmiyyətin tərkib hissəsi olan din xadimlərinin vəzifəsi Uca Allahın müqəddəs Kitabımız Qurani-Kərimdə buyurduğu həqiqətləri, dinimiz İslamın dəyərlərini daha israrlı maarifləndirmə işi vasitəsilə cəmiyyətimiz üçün kamil insan tərbiyəsi prosesinə öz töhfələrini verməkdir. Müqəddəs Qurani-Kərimin bizə buyurduğu kimi: «Rəbbinin yoluna hikmətlə və gözəl öyüd-nəsihətlə dəvət et…» (Nəhl, 125).
Narkomaniya cəmiyyətin fiziki və mənəvi məhvinə yol açır, imanı zəiflədir, onun olduğu yerdə həmişə dağılmış ailələr və valideyn himayəsindən məhrum qalan uşaqlar olur, oğurluq, qətl, intiharlara yol açılır. Narkotik asılılıq həm insan orqanizminə, həm də cəmiyyətin bel sütunu olan ailə institutuna dağıdıcı zərbə vurur. Gənc nəslin narkotik asılılıq kimi bəşəri bəla ilə üz-üzə qalması bu günümüz və gələcəyimiz üçün çox böyük təhlükədir. Narkotik vasitələrin satışı, istifadəsinə dair statistikanı, bu bəlaya düçar olmuş insanların sayını, bu qorxunc kabusun gəncləri, qadınları, hətta məktəb yaşlı uşaqları ehtiva etdiyini nəzərə alsaq, təəssüf hissi ilə deməliyik ki, bu gün narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi təhlükəli fəlakət həddinə yüksəlmişdir.
Narkotik maddələr və onlara aludəçilik sağlamlıq, iqtisadi, siyasi, ictimai və əxlaqi zəmində çox böyük dağıdıcı, məhvedici təsirlərə malikdir, insanın təfəkkür, düşüncə, istedad, idrak, qüdrət, çalışmaq və quruculuq səylərini əllərindən alır, iman və əqidəsini zədələyir, Uca Allahı dərk etməkdən uzaqlaşdırır, ailələrin əsasını dağıdaraq məhv edir. Məstedici maddələr fərdin və cəmiyyətin ruhu və cisminə təsir edən fəsadlı nəticələri baxımından, bütün pisliklərin mənbəyi olduğuna görə İslamda haram buyurulmuşdur. İnsan əqlini əlindən alan, şüurunu pozan, iradəsini məhv edən, zehnini zəiflədən belə maddələrdən istifadə hər il milyonlarla insanın məhvinə səbəb olur.
Tibbi məqsədlər üçün deyil, məst, həzz, bihuş olmaq niyyəti ilə narkotik maddələrin haramlığı xüsusunda Qurani-Kərimdə belə buyurulmuşdur: “Ey iman gətirənlər! (Sizi zəlalətə uğradan məstedici içkilər, üyüşdürücü maddələr də), qumar da, (şirkə və küfrə səbəb olan) bütlər və falçılıq da şeytan əməlindən olan murdar əməllərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!” (Maidə, 90). Peyğəmbərimiz Məhəmməd Salavatullahın mübarək hədislərində buyurulur: "Hər bir məstedici haramdır, çoxu məst edən şeyin azı da haramdır; İnsan ağlını məst edən hər bir şey haramdır” (Səhih Buxari, 1261-ci hədis).
Dini mərkəz olaraq din xadimlərimizi aidiyyatı olan dövlət qurumları və ictimaiyyətin müxtəlif təbəqələri ilə bərabər bu ictimai bəla ilə mübarizədə daha artıq səfərbər olmağa, məscidlərdə oxunan, habelə onlayn moizə və xütbələrdə insanları bu sosial fəlakət barədə ətraflı məlumatlandırmağa, onun fəsad və acı nəticələrini geniş şərh etməyə, dini maarifləndirmə müstəvisində günah və haram olduğu mətləbini daha dərindən təlqin etməyə çağırırıq. Bu işin daha miqyaslı aparılması üçün din xadimlərimizə kütləvi informasiya vasitələrində mütəmadi çıxış etmək imkanlarının yaradılmasını vacib sayır, bununla bağlı müvafiq qurumları bu şəraitin təmininə çağırırıq.
Azərbaycan dövləti gəncliyin sağlam inkişafı işini hər zaman prioritetlər sırasında nəzərdən keçirir, onların fiziki, mənəvi sağlamlığı üçün dövlət səviyyəsində proqramlar işlənib hazırlanır. Dövlət rəhbərimiz və ölkənin Birinci vitse-prezidenti səviyyəsində gəncliyin qayğı ilə əhatə olunması üçün sanballı və genişmiqyaslı tədbir və layihələr həyata keçirilir. Hüquq-mühafizə orqanları tərəfindən narkotik maddələrin satışına, onların qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır, ölkə səviyyəsində maarifləndirici və reabilitasiya məqsədli layihələr həyata keçirilir. Lakin bəzi xarici və daxili qüvvələr cəmiyyətimizi zəiflətmək, gələcəyimizi şikəst etmək üçün ən qorxulu və zərərli vərdişlərdən olan narkomaniyadan, narkotik vasitələrin qanunsuz dövriyyəsindən öz mənfəətləri üçün bir vasitə kimi istifadə etməyə çalışırlar. Bu durumda biz din xadimlərinin vəzifəsi bu istiqamətdə dövlət proqramlarına dəstək olmaq, hökumətimizin səylərinə yardım edərək daha artıq maarifləndirmə və bütün mümkün vasitələrlə  sabahkı gündə övladlarımızın gələcəyinə etibarla baxa biləcəyimiz bir mühitin yaradılması üçün çalışmaqdır.
Qafqaz Müsəlmanları İdarəsi qazılarına, səlahiyyətli nümayəndələrinə və din xadimlərinə tövsiyə edir ki, moizə və xütbələrində, mediada çıxışlarında bu mövzuya həm dini, həm də ictimai baxımdan geniş şərh versinlər, narkomaniyanın zərər və fəsadları barədə insanlar arasında fəal təbliğati iş aparsınlar. Tövsiyə edirik ki, din xadimləri Allah-Təalanın insan varlığına və cəmiyyətin sağlamlığına zərər verə biləcək hər bir şeyi qadağan etdiyini moizələrində cəmiyyətimizə şəriət hökmü olaraq çatdırsınlar. Quranda, Peyğəmbər hədislərində şəriətin buna dair hökmlərini, həm istifadəsinin, həm yayılmasının haram olduğuna dair dəlilləri insanlara daha artıq dərəcədə izah və təlqin etsinlər. Narkomaniya təhlükəsinin qarşısının alınması cəmiyyətin bütün təbəqələrinin - dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, sosial institutların sıx əməkdaşlığı şəraitində birgə səyləri vasitəsilə mümkündür. Zərərli vərdişlərə qarşı mübarizədə aktiv olmaq, 44 günlük Vətən müharibəsində xalqımıza mübarək Zəfər yaşatmış qəhrəman oğullarımızın ruhuna sadiq və layiq gəncliyin yetişdirilməsi dövlət, millət olaraq bundan sonrakı qələbələrimiz üçün Vətənə, millətə xeyirli olan, dövlətçiliyimizə sadiq, mətin, iradəli, ruhən kamil, imanlı, təqvalı, əməlisaleh, vətənpərvər, milli-mənəvi dəyərlərinə ehtiram bəsləyən nəslin yetişməsinə yardım etmək həm Allah, həm də dövlətimiz qarşısında hamımızın mənəvi borcudur!
Uca Allah Vətənimizi hifz etsin, xalqımızı hər zaman müvəffəq və müzəffər qərar versin! Amin!
2 sentyabr 2021-ci il".
Bəli, narkomaniya ilə mübarizədə bəzən yalnışlıqlara yol verilir. Məsələn, polis daim satanı və istifadə edəni ifşa edir, məsuliyyətə cəlb edir. Bəs narkotiki satdıranlar harda qalır??? Satdıran olmasa, satan,satan olmasa, istifadə edən olmaz...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN