Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı, həmçinin ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanında I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər üçün müvafiq olaraq informatika və coğrafiya fənləri üzrə əlavə imtahan keçirilib.
Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən bildirilib.
Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunub. İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 221 imtahan rəhbəri, 1396 nəzarətçi-müəllim, 266 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 19 725 bakalavr ərizə təqdim edib.
İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat 30 dəqiqə davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 1 nəfər üzərində mobil telefon aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və hər iki qayda pozuntusu ilə bağlı araşdırma aparılır.
Fevralın 12-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Xatırladaq ki, bu gün saat 16:00-da DİM-in “Youtube” kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən magistraturaya qəbul imtahanında istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
Bu gün, həmçinin ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanında I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan veriblər. Bu imtahanın nəticəsi fevralın 18-də keçirilən sınaq imtahanının nəticələri ilə bir yerdə elan olunacaq.