Ötən gecə Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib.
Bu barədə "Təzadlar"a DSX-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. "Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir.
Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - DSX-dən qeyd edilib.
Tezadlar.az xatırladır ki, dünən fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.
Ermənistanın hərbi-siyasi rəhbərliyi bir daha 2020-ci ilin 44 günlük, 2023-cü ilin 24 saatlıq... döyüş əməliyyatlarını bir daha yaşamamaq üçün təxribatlardan çəkinməli, öz qınına və abrına çəkilməlidir...
A.Məmmədli