(Portret cizgiləri)

 Əli Şimşək (Bayramov): “ Mən öz varlığım qədər inanıram ki, bundan sonra Azərbaycanda daha böyük işlər görüləcək və ölkəmiz cənab İlham Əliyevin rəhbərliyilə dünyanın ən aparıcı ölklərindən biri olacaq”

 Bildiyimiz kimi, 7 fevral 2024-cü il tarixində ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi. Erməni lobbisinin çaldığı havaya oynayan Avropa Şurası və bəzi xarici ölkə rəhbərləri isə Azərbaycanı boykot etmək, gözdən salmaq, təkləmək istəyirdilər. Ən acınacaqlısı da bu idi ki, xaricdə əyləşən və özlərini “böyük demokrat” hesab edən, məmləkətimizi “dəlicəsinə sevən” üzdəniraq qüvvələr də Avropa şurasına “züy” tutub, ölkəmizə hədyanlar yağdırırdılar. Belə bir məqamda ziyalılarımız, ağı-qaradan seçməyi yaxşı bacaran müdrik ağsaqqallarımız və millətini, məmləkətini öz varlığı qədər sevənlər bu “üzdəniraqların”, dərsini verməli və onları yerində oturtmalı  idi. Bu taleyüklü məsələdə hər bir ziyalı, hər bir ağsaqqal onları başa salmalı idi ki, ölkəmizə çamur atmasınlar. Məzh buna görə də ömrü boyu prokurorluq orqanlarında, ədliyyə sistemində, xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət etmiş, vətənpərvərlik ruhunda olan çox maraqlı şeirlərin, poemaların, dedektiv əsərlərin, məqalələrin müəllifi 79 yaşlı ağsaqqal hüquqşünas Əli Şimşək seçki ərəfəsində  çox böyük  fəallıq göstərirdi. O,ətrafında  olan bir  qrup ziyalı  ilə  birlikdə heç  kimdən, heç bir tapşırıq almadan öz  arzuları və ürəklərinin səsi  ilə  cənab İlham Əliyevin böyük təbliğat işini aparırdılar. Onların bu  müqəddəs  işi öz  bəhrəsini  verdi və  yaşadıqları Bakı şəhərinin  Nərimanov rayonunda seçkiyə  gələnlər  daha çox  oldu. Cənab İlham Əliyevin  çox böyük səs çoxluğu ilə president seçilməsindən və çox möhtəşəm keçən andiçmə  mərasimindən  bizim  məmləkətə  çamur atan ölkələr  və dönüklərimiz  də çaşıb  qaldılar. Prezidentin andiçmə mərasimindən sonra  biz Əli Şimşəklə  görüşdük.  O, çəkdikləri zəhmətin  hədər götməməsindən məmnun idi.  Eləcə də  ətrafında olan bir neçə yüz  insanın  seçkidə  mütəşəkkil iştirak etməsindən də çox razılıq etdi. Və  mən çox  sevindim  ki,  bizim belə ziyalılarımızvar və  özlərinin ağıllı  məsləhətləri  ilə  insanları  böyük  bacarıqla  öz  ardlarınca aparmağı bacarırlar.  Müsahibəyə  başlamamışdan əvvəl, ilk öncə Əli Şimşəklə oxucuları daha yaxından tanış etmək istəyirəm...

e29926b4-877d-4e99-8831-49c7f980f19e

Qısa arayış: Əli Şimşək (Bayramov) Masallıda dünyaya gəlib. Hələ orta məktəb illərində oxuduğu vaxtdan bədii yaradıcılıqla məşğul olub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Dərsləri çox və çətin olduğundan bir müddət bədii yaradıcılıqla məşğul ola bilməyib. Hüquq fakültəsini demək olar ki, əla qiymətlərlə bitirəndən sonra bütün həyatı, iş fəaliyyəti hüquq mühafizə orqanlarında olub. Müxtəlif rayonlarda müstəntiq işləyib. Respublika prokurorluğunda xüsusilə mühüm işlər üzrə baş müstəntiq vəzifəsində çalışıb. Yardımlı, Qax və Lənkəran rayonlarının prokuroru vəzifəsində işləyərkən həmin rayonların əhalisi üçün faydalı olan çox işlər görüb və əhalinin dərin hörmətini qazanıb. On il Ali Məhkəmədə müxtəlif işlərdə çalışıb. Artıq prokurorluq sistemində işlədiyi vaxt ədəbi yaradıcılıq fəaliyyətini davam etdirərək bu sahədə də xalqımıza ləyaqətlə xidmət edib. Kitabları çap olunub, mətbuatda bədii əsərləri və hüquqi, ədəbi mövzuda məqalələrilə çıxış eləyib. Hər bir bədii əsəri və məqalələri də oxucular tərəfindən maraqla qarşılanıb və qarşılanır.

- Salam Əli müəllim. İstəyirəm sizinlə 2003-cü, ən ağır ilə  qayıdaq. O  zaman əgər cənab İlham Əliyev prezident seçilməsəydi  bilirsiniz  ki, Azərbaycanı böyük fəlakətlər  gözləyirdi. 2003-cü ildən bəri İlham Əliyevin prezident seçilməsinə milyonlarla seçici kimi siz də sevinir və bu yolda bütün qüvvənizi sərf edirsiniz. Niyə məhz istəyirdiniz ki, cənab  İlham Əliyev həmin vaxtı prezident seçilsin?
- İlk öncə onu vurğulayım və siz də mənimlə razılaşarsınız ki, dahi şəxsiyyət Heydər Əliyevin səhv etdiyini heç birimiz görməmişik. Dahi rəhbərin  sağlığında heç bir dünya siyasətçisi də bunu görməmişdi. Deməli, İlham Əliyevi öz davamçısı kimi seçməyində də yanılmırdı. Zira İlham Əliyevin prezidentlik vəzifəsindəki parlaq fəaliyyəti bunun əyani sübutu oldu. Ulu Öndərin vəsiyyət kimi dediyi “İlham Əliyev mənim yolumu, yarımçıq qalmış işlərimi sədaqətlə, ləyaqətlə davam etdirəcək və mən ona öz varlığım qədər inanıram” fikiri elə özü ona ən böyük qiymət idi. İdarəçilik ustası olan bir insanın belə deməsi hamımızı inandırdı ki, məhz  İlham Əliyev kimi onun işlərini davam etdirə biləcək ikinci insan yoxdur. Axı həm də biz hamımız onun prezidentliyə qədər tutduğu ölkə səviyyəli vəzifələrdə də  çox müvəffəqiyyətlə işləməsinin şahidi olmuşduq. Həmin vaxtı Azərbaycanda çox çətin bir dövr yaşanırdı. Azərbaycanın torpağının 20 faizi işğal altında idi. Bir milyondan çox qaçqınımız, köçkünümüz vardı.
Ulu Öndər ölkənin tamamilə dağıdılmış iqtisadi potensialının yüksəldilməsi üçün çox böyük uğurlu işlər görmüşdü. Lakin bu sahədə də hələ  xeyli problemlər həll edilməli idi. Belə ölkəni də hər adam idarə eləyə bilməzdi. Biz ulu öndər Heydər Əliyev Moskvaya işləməyə gedən sonra  Azərbaycanda rəhbərlikdə olan Kamran Bağırovun, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllimovun və Əbülfəz Elçibəyin vaxtında bunun tam şahidi olduq. Ona görə də dahi Heydər Əliyevin səylə yetişdirdiyi bir rəhbər - İlham Əliyev hakimiyyətə gəlməli idi. Bu çox ağlllı bir iş idi. Amma xarici qüvvələr və onlara qoşulmuş düşmən dəyirmanına su tökən bir ovuc özümüzünkülər çox böyük səylə, çoxlu pul xərcləməklə, insanları satın almaqla, qanuni və qeyri qanuni bütün vasitələrdən istifadə etməklə xəyanətkarları hakimiyyətə gətirib, ölkəni parçalamaq istəyirdilər. Həmin vaxtı da mən Lənkəran rayon prokuroru idim. Nəinki Lənkəran rayonunda və eləcə də Cənub bölgəsində böyük iş aparılırdı ki, məhz İlham Əliyev prezident seçilsin. Həmin vaxtı mən, o bölgədə söz sahiblərindən biri kimi tanınırdım. Özü də həmin dövrdə Cənub bölgəsində Azərbaycan xalqının düşməni Əlikiram Hümbətovun tör-töküntüləri çox idi. Onlar da istəmirdilər ki, İlham Əliyev prezident seçilsin və dövlətimiz günü-gündən möhkəmlənsin, xalqımız firavan yaşasın. Amma bütün bunlara baxmayaraq, əhalinin tam əksəriyyəti İlham Əliyevi dəstəkləyirdi və onu prezident görmək istəyirdi. Ulu öndər Heydər Əliyevə olduğu kimi İlham Əliyevə də çox böyük inam vardı.

Ona görə də əhali özü bunu istəyirdi və biz də yəni hüquq-mühafizə orqanlarının əməkdaşları da bütün səylərimizi qanunçuluğun qorunmasına, müxalifət cəbhəsinin qeyri-qanuni hərəkətlərinin qarşısının alınmasına, seçki gedişində əmin-amanlığın gözlənilməsinə, əyintilərə yol verilməməsinin vaxtında qarşısının alınmasına, seçki qanunvericiliyinin ideal şəkildə icra olunmasının və ədalətlə, tamamilə demokratik seçki keçirilməsinin təmin edilməsinə yönəltmişdik.
Məhz ona görə də həmin vaxtı Cənub bölgəsindən İlham Əliyevə səsvermə faizi başqa bölgələrə nisbətən daha yüksək oldu.
-Beləliklə, xarici qüvvələrin və məmləkətimizdə olan onların nökərlərinin arzuları ürəklərində qaldı. Cənab İlham Əliyev birinci dəfə prezident seçiləndən sonra Azərbaycanda gördüyü quruculuq- abadlıq işlərini gəlin birlikdə yada salaq.
-O, birinci dəfə prezident seçiləndən sonra elə ilk ildə Azərbaycanın hərtərəfli inkişafına var qüvvəsilə çalışdı. Nəinki neft, qaz sahəsinin, kənd təsərrüfatının da inkişafına nail oldu. O, işgüzar insanlara lazım olan  şərait, onlarda inam, etibar yaratdı ki, var qüvvələrilə, ləyaqətlə işləsinlər. Eyni zamanda, ədliyyə, hüquq sahəsində də dahi Heydər Əliyevin əsasını qoyduğu islahatı ləyaqətlə davam etdirdi. Və demək olar ki, həmin islahatın böyük bir hissəsini başa çatdırdı. Düzdür, hələ də əyər-əskikliklər var, amma mən deyərdim ki, hələ birinci dəfə prezident olduğu dövrdə prokurorluq, ədliyyə və ümumiyyətlə hüquq pridensiya sahəsində olan əyər-əskikləri başa çatdıra bildi.

34cc27e7-48ec-45b4-b8cb-089550cc808f

- Əgər İlham Əliyev olmasaydı və başqa bir insan prezident seçilsəydi Qarabağ müharibəsində biz belə qələbə əldə edə bilərdikmi? Və bizim bu gün Əsgəranda, Ağdərədə, Xocavənddə, Xankəndində, Xocalıda bayrağımız ucala bilərdimi?
- Mən şəxsən inanmıram ki, Azərbaycanda cənab İlham Əliyevin yerinə başqa bir adam o vaxt  prezident olsaydı bu cür nailiyyətlər əldə edə bilərdi. İlham Əliyev prezident olduğu bu dövrlərdə ölkəni çox ustalıqla, gözəl və yüksək təşkilatçılıqla idarə edib. Həm də hərb sahəsində böyük uğurlar qazanılıb. Bu, yalnız ustad, bacarıqlı adamın işi idi ki, bu qədər qlobal problemləri həll eləyə bilsin. Özü də 2003-cü ildən  başlayaraq, hər işi addım-addım və zərgər dəqiqliyi ilə görürdü. Bəzi ağzıgöyçəklər deyirdilər ki, “44 gündə Vətən müharibəsi keçirdik, amma Ağdamı, Laçını, Kəlbəcəri geri ala bilmədik. Bunun harası qələbədir?”. Həmin nakəslərə cənab İlham Əliyevin çox tutarlı cavabı oldu. O dedi: “Mən özüm bilirəm nəyi və nə vaxt eləyirəm”. Həmin nakəslər başa düşə bilmirdilər ki, ermənilərin Ağdam, Laçın və Kəlbəcər istiqamətində çoxlu silah-sursatı var və onlar döyüş üçün çox yaxşı mövqe tutublar. Deməli, biz orada daha çox itgilər verə bilərdik. Beləliklə, az bir vaxtın içərisində çox ustalıqla, bir güllə belə atılmadan, bir əsgərimizin belə burnu qanamadan Ağdamı da, Laçını da, Kəlbəcəri də silahsız geri aldıq. O yerlər alınandan sonra yenə də həmin nakəslər dedilər ki, “erməni quldurları yenə də Qarabağda at oynadır, niyə İlham Əliyev müharibə eləyib, həmin torpaqları da geri qaytarmaq istəmir?”. Hətta bəziləri deyirdilər ki, “İlham Əliyev Xankəndini, Xocalını geri alsa biz qulağımızı kəsərik”. Cənab İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentaybr ayının 19-20-də, 23 saatın içərisində lokal xarakterli antiterror əməliyyatı aparılaraq, həmin yerlər tamamilə azad edildi. Hətta 44 günlük Vətən müharibəsindən daha çox düşmənin silah-sursatı bizə qaldı. Torpaqlarımız erməni işğalından bütünlüklə azad olundu. Çoxlu münbit torpaqlar, meşələr, çaylar, göllər geri qaytarıldı.

Qarabağ, çox böyük sərvəti olan cənnətməkan  bir yerdir. Az bir vaxtda da biz onun çox böyük bəhrəsini görəcəyik. İnsanlarımızın rufah halı çox yaxşılaşacaq. Beləliklə, erməni gavurları, quldurları tam məhv olmamaq üçün məcbur olub, ağ bayraq qaldırdılar. İndi artıq bütün dünyada alnıaçıq gəzə və ölkəmizlə, onun prezidenti ilə fəxr eləyə bilərik. Amma bizim həmin nakəslər qulaqlarını kəsmədilər və yenə də ölkəmizə, dövlətimizə diş qıcayıb, yenə də ağızlarına gələn hədyanları yazır, deyirlər. Belələrinə nə ad vermək olar?

- Bilirsiniz ki, cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində təkcə Qarabağda müharibə aparmırdı . O, həm də xarici jurnalistlərlə, siyasətçilərlə və bizi sevməyən bəzi ölkə rəhbərlərilə soyuq, söz müharibəsi aparırdı. Niyə məhz bu müharibəni aparırdı? 44 günlük Vətən müharibəsi onları susdurmağa bəs eləməzdimi?
-Mənim “Min illərdən-min illərə” adlı bir poemam var. Həmin poemada çox maraqlı məqamlar var. Və poemanın ana xətti bu min ildən gələcək min ilə bizim şəxsiyyətlərdən kimlərin tarixdə yşaya biləcəyi və hansı əməllərinə görə yaşaya biləcəyi intizarıdır. Poemanın sonunda belə yazıram:

-Vətənimin

    o ərləri,

        ərənləri

görən indi

       bəs hardadır?!

İgid oğlum!!!

       Qorqud babam!!!

           Cəsur qızım!!!

Tomris anam!!!

        Şah Nüşabəm!!!

Hayqırıram

        var səsimlə,

           dahilərdən

             qüvvət alan

               nəfəsimlə:

-Min illərdə,

əsrlərdə

Qarabağın

      göz yaşını

         öz əliylə,

           əməliylə

silən kəslər

      yaşayacaq!!!

Qəmli-qəmli

Boynun əyən,

gözlərindən

     yaş yerinə

       qan ələyən

Xarı bülbül

vətənini,

Cıdır düzü –

      gözəllərin

        oylağını,

Ulu Vaqif,

İbrahim xan

       torpağını,

su yerinə

od püskürən

     bizim İsa bulağını,

əsirlikdən

     xilas edən

        yaşayacaq!!!

Murovdağda

     qar üstündə

        qanı qalan,

          dağ qürurlu

Laçınımda

     şəhid olan,

Qubadlıda

    döyüşlərdə

      adı qalan,

Cəbrayılda

       gözü yaşlı

        Qaramanlar

           türbəsini,

Xudafərin

      körpüsünü,

Dirilinin

      sazı,

         sözü,

           özü qalan

       Diridağı,

Zəngilanda

       həsrət ilə

        yol gözləyən

         çinarlığı

           geri alan

             yaşayacaq!!!

Qarabağda

     babaların

       tapdalanan

qərib qəbrin

       öpən əsgər

          yaşayacaq!!!

Vətənimin

    Təbrizimdən

Dərbəndəcən,

İrəvandan

     Göyçə gölüm

       Sevanacan,

Gün doğandan

       Gün batana

         parçalanmış

            yarasına

məlhəm qoyan

   övladları

     yaşayacaq!!!

Kim ömrünü

    qurban verib

        millətimə,

Vətənimə,

     kimdə varsa

        insanlığa

         gözəl duyğu,

           gözəl niyyət

onu sevir

     ana yurdum,

        onu sevir

          bəşəriyyət!!!

 

Ona görə də mən qətiyyətlə deyirəm ki, bu min ildən gələcək min illərə dahi Nizami Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə, Heydər Əliyev kimi cənab İlham Əliyev də tarixdə əbədi  qalacaq, həm də qalib sərkərdə və bacarıqlı prezident kimi.

Qaldı xarici jurnalistlərlə, siyasərçilərlə apardığı müsahibələr, söz mübarizələri, müharibələri də böyük bir ustalıq idi. Prezidentimizin jurnalistlərlə olan bu söhbətləri, müsahibələri dünya mətbuatına çıxırdı və bu yolla dünyanı bizim haqlı olduğumuza inandırırdı ki, bu da bizim böyük uğurlarımızdan idı. Mən təklif edirəm ki, onun 44 günlük Vətən müharibəsində apardığı müsahibələr, söz mübarizləri dərsliklərə salınsın. Cənab  İlham Əliyevin dərin siyasəti lazım olan kimi öyrənilməlidir. 44 günlük Vətən müharibəsində bizim haqqımızda və əlehimizə yazmağa gələnləri o, özünün dərin ağlı, diplomatik gedişlərilə, inandırıcı və məntiqi fikirlərilə necə mat qoyduğunu hamımız görürdük. Özünün ağlı və düşüncəsilə onları bizim lehimizə ustalıqla yazmağa məcbur eləyirdi. Eləcə də müharibədən sonra getdiyi xarici ölklərdəki çıxışları da göz qabağındadır. Səhv etmirəmsə hətta bir alman jurnalisti hörmətli prezidentimizdən burada müsahibə alırdı və var qüvvəsilə çalışırdı ki, bizi günahkar çıxarsın. Aşağılasın. Amma cənab İlham Əliyev özünün səbri, ağıllı və məntiqli fikirlərilə onu yerində otuzdurdu və məğlub elədi. Həmin adam öz ölkəsinə qayıdanda onu biabır elədilər ki, “sən getmişdin bacarıqsızlığını göstərməyə?! İlham Əliyevlə bacara bilmədin”. Cənab İlham Əliyevin həmin vaxtı olan müsahibələri dünya jurnalstikasında çox maraqlı bir dərs idi. Çünki həmin vaxtı müharibə təkcə Qarabağda yox, həm də dünya mətbuatında gedirdi. Bu işin də başında erməni milyonerləri dayanırdı. Onlar ayrı-ayrı jurnalistlərə pul verib, ölkəmizə göndərib, bizi dünyada gözdən salmaq, ölkəmizin günü-gündən yüksələn imicinə kölgə salmaq istəyirdilər, amma hər dəfə özləri biabır olurdular.

Xalq şairi Cabir Novruzun belə bir maraqlı şeiri var. “Sağlığında qiymət verin insanlara”. Çox maraqlı şeirdi. Doğrudan da insanlara yaxşı əməllərinə görə sağlığında qiymət verilməlidir. Məhz buna görə də cənab İlham Əliyevin sağlığında heykəli ucaldılmalı, adı sağlığında əbədiləşdirilməlidir. Mən tam əminliklə deyə bilərəm ki, qədirbilən xalqımız cənab İlham Əliyevi çox təntənə ilə president seçdi. Müdrik millətimiz, xalqımız yaxşı bilir ki, hər naşıya hakimiyyəti vermək olmaz. Çünki bunun əvvəlini görmüşük: Bəylərin hakimiyyəti dövründə qorxaq erməni daşnaklarının hücumları qarşısında dayana bilmirdik. Artıq Gəncə, Beyləqan, hətta İmişli əhalisi köçməyə başlamışdı...

Doyunca yeməyə çörək belə tapmırdıq. Çörək növbələrində bəzi insanlar hətta həyatını itirirdi. İşsizlik, yoxsulluq, səfalət ölkəmizi bürümüşdü. İnsanların bu gündən sabaha ümidi qalmamışdı. Bəzən ambarlarımızda 3-4 günə çatacaq taxıl, un qalırdı. Belə vəziyyətləri yaşamış xalqımız o acınacaqlı günləri heç vaxt unutmaz və hakimiyyət sükanını naşı, işbilməz, dövlət idarəçiliyinin nə olduğunu anlamayan adamlara vernəz. Və bu seçkidə  də vermədi. Gördünüz ki, cənab İlham Əliyev  çox böyük səs  çoxluğu ilə  qələbə çaldı.

Mən əvvəlki səriştəsiz  rəhbərlərlə bağlı yalnız bir faktı deyim. Yadımıza salaq Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən əvvəl olan rəhbərləri. Kamran Bağırovu, Əbdürrəhman Vəzirovu, Ayaz Mütəllibovu, Əbülfəz Elçibəyi. Yadınzıdadırmı? Ulu öndər Heydər Əiyev Moskvaya işləməyə gedəndə, Hava Limanı və bir neçə tikililər yarımçıq qalmışdı. Dörd rəhbərlik dəyişdi, heç biri Hava Limanını və başqa yarımçıq tikililəri başa çatdıra bilmədi. Yenə də dahi Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlib, onları özü tikdirdi. Cənab İlham Əliyev hakimiyyətə gələndən sonra isə dünyada analoqu olmayan müasir, daha nəhəng ikinci Hava Limanı tikdirdi. Elə bu, özü bir dərs, bir məktəbdir.

- Beləliklə, 2024-cü ilin fevral ayının 7-də ölkəmizdə prezident seçkiləri keçirildi və  cənab İlham Əliyev yenidən prezident seçildi.  Böyük həyat  və  iş təcrübəsi olan insan kimi siz bilən, bundan sonra ölkəmizdə hansı qlobal yeniliklər ola bilər?
-Nəinki mən, Azərbaycanın bütün ağıllı düşünən beyinləri cənab İlham Əliyevinprezident seçməlməsi üçün əlimizdən gələni elədik. Artıq dünyanın bütün ölkələri gördülərki,  seçki  necə şəffaf  və mütəşəkkil  keçdi. İnsanların seçkiyə gəlişi əvvəlki seçkilərdən əlli fazi də çox  oldu. Beləliklə, cənab İlham Əliyev çox  böyük səs çoxluğu ilə prezident seçildi. Bilirik ki, Qarabağda və başqa bölgələrdə çoxlu yarımçıq işlər var. Bizi Avropanın bəzi yırtıcı ölkələri xəritədən silmək istəyirlər. Bizi Avropa Şurasında görmək istəmirlər. Erməni lobbisinin təsiri altında başqa beynəlxalq təşkilatları da bizim üstümüzə qaldırırlar. Faşist erməniləri müdafiə eləyirlər. Onları yazıq adlandırırlar. Amma otuz il bundan qabaq öz ata-baba yurdlarından ayaqyalın, başıaçıq qaçqın, köçkün düşən bir milyon azərbaycanlılar haqqında heç nə demirdilər. Bir ovuc daşnak, separatçı ermənini gör necə müdafiə eləyirlər?! Budurmu ədalət?! Budurmu qanun? Onlar var qüvvələrini sərf eləyirlər ki, cənab İlham Əliyev getsin, naşı və ələbaxan birisini hakimiyyətə gətirsinlər və ona öz fikirlərini diktə eləsinlər, Azərbaycanı parçalasınlar, bir ölkə kimi yox etsinlər. Amma onlar daha heç vaxt bunu görməyəcəklər. Bundan sonra heç bir azərbaycanlı buna razı ola bilməz. Bunu şəhidlərimizin ruhu da  bizə heç vaxt bağışlamaz.

Əvvəllər  ölkəmizə  çamur atan və tərs-tərs danışan naxələflər  deyirdilər ki, “kim Qarabağı geri alsa, həmin adam əbədi prezident olacaq”. Bəs indi öz sözlərini niyə danırlar? Deməli, nankordular. Gör, cənab İlham Əliyev Qarabağda nələr yaradır?.. Qarabağ dünya standartlarına uyğun qurulur, tikilir. Çox qısa müddətdə beynəlxalq səviyyəli Hava limanları tikilib istifadəyə verilib. Laçında çox nəhəng, dünyada analoqu olmayan balıqçılıq təsərrüfatı yaradılıb. Orada müxtəlif balıq növləri yetişdirilir. Mən öz varlığım qədər inanıram ki, bundan sonra Azərbaycanda daha böyük işlər görüləcək və ölkəmiz cənab İlham Əliyevin rəhbərliyilə dünyanın ən aparıcı ölklərindən biri olacaq. Onda dünyanın ən aparıcı ölkələri də bizimlə hesablaşacaqlar.

Gəlin birlikdə tarixə  bir nəzər edək. Tam qurulmuş yüz illərin, min illərin dövlətini dövlət idarəçiliyində təcrübəsi olmayan adamın da idarə etməsi çox da çətin olmaz. Amma görürük ki, hətta Fransa kimi min illərin dövlətinidə Emmanuel Makron kimi təcrübəsiz, bacarıqsız bir prezident Afrikada, Asiyada və deyərdim ki, Avropanın özündə də get-gedə nüfuzdan salır. Co Bayden nəhəng Amerika dövlətini dünyada gülüş obyektinə çevirib. Görürük ki, gözəl Ukrayna dövləti təcrübəsizlərin əlində nə günə qalıb. Müharibə, qaçqınlıq, köçkünlük, aclıq, səfalət baş alıb gedir. Şəhərlər xaraba qalır. Minlərlə insan məhv olur. Uşaqlar ata, anasız qalır. Biz də Ulu Öndərin birinci hakimiyyəti dövründən ikinci hakimiyyətə gəlişi arasındakı müddətdə həmin bəlaları, faciələri artıqlaması ilə görmüşük. Yaşamışıq. İndi mənən SSRİ dövlətinin Siyasi Bürosunda, Nazirlər Sovetində min cür sınaqlardan keçmiş, nəhəng dahilər dahisi Heydər Əliyevimiz yoxdur ki, yenə də gəlib dövlətimizi məhv olmaq astanasının bir addımlığından min cür əzab-əziyyət hesabına qaytarsın. Bəli. Bizim dövlətimiz mən deyərdim ki, hələ tam qurulmayıb. Əyər-əsgiyi yox deyil. Hələ görüləsi işlər çoxdur.

Böyük hakimiyyət ustadı Ulu Öndərin yetişdirdiyi və illərlə respublikamızın idarəçilik kürsüsündə kifayət qədər samballı təcrübə toplamış, böyük dünya idarəçilik və dünya diplomatik təcrübəsi olan cənab İlham Əliyevi kənarda qoyub, naşı bir adama təcrübə keçmək üçün dövlətimizin ali idarəçilik sükanını tapşırmağa bizim qətiyyən haqqımız yox idi. Və tarix bu səhvi bizə bağışlamaz. Ona görə də mənbütün həmvətənlərimiz 7 fevral tarixində xalqımızın firavan gələcəyinin ən etibarlı təminatçısı, dövlət müsəqilliyimizin real qaratı cənab İlham Əliyevə səs verdik. Yaşasın müstəqil, qalib Azərbaycan dövləti  onun  bacarıqlı, böyük siyasətçisi, sərkərdəsi  olan Ali  Baş  Komandanı və  təcrübəli  prezidenti cənab İlham Əliyev!

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN