…Kino sahəsində böyük təcrübəsi olan və hazırda hərbi sahədə çalışan dostlardan biri ilə Azərbaycan ordusunun dünyaya səs salan 44 günlük Zəfərindən qürur hissi ilə danışırdıq...

Sonra dostlarımızdan biri təəssüflə xatırlatdı ki, 30 il işğala məruz qalmış, Ermənistanın işğalçı müharibəsində bu qədər zülmlər görmüş Azərbaycanda nədənsə, indiyədək dünya arenasına çıxarılası bir bədii filmimiz yoxdur və s. Ədəbiyyat sahəsində çalışan başqa bir dostumuz isə bunun üçün peşəkar formada yazılmış ssenarinin olmamasından gileyləndi. Bu zaman hərbçi dostumuz bizə bu günlərdə “Qanun” nəşriyyatı tərəfindən nəşr olunmuş və Vətən Müharibəsi Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Orxan Əkbərovun döyüş yolundan bəhs edən “Sonuncu əmr” adlı roman haqqında danışdı. Müəllifin kimliyini biləndən sonra zəng edib kitabı əldə etdim (Məlum oldu ki, kitab min tirajla nəşr olunub, satışa verilməsi nəzərdə tutulmayıb, amma hədiyyə olunur). 

Tam səmimiyyətlə deyirəm ki, romanı birnəfəsə oxudum və gərgin hadisələrin yüksək bədii təsvir vasitələri ilə oxucuya çatdırılmasını görəndə anladım ki, sən demə, bunun da zamanı yetişməli imiş.

 *** 

 Romanda 1982-ci ildə Saatlı rayonunda dünyaya göz açan, Qarabağ torpaqları işğal altına düşəndə cəmi 10-11 yaşı olan, ikinci Qarabağ müharibəsi döyüşləri zamanı misilsiz şücaət və igidlik nümunəsi göstərərək qəhrəmancasına həlak olan “Qartal” ləqəbli, kəşfiyyat taborunun komandiri, Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun timsalında Azərbaycan əsgərinin, zabitinin, ordumuzun komanda heyətinin keçdiyi şərəfli döyüş yolundan bəhs olunur. O Orxan ki, hələ 6-cı sinifdə oxuyarkən yazdığı inşa yazısında gələcəkdə hərbçi olacağını, torpaqlarımızı işğal etmiş, insanlarımızı vəhşicəsinə qətlə yetirmiş, insanlıq adına ləkə olan Xocalı faciəsini törətmiş ermənilərdən qısas alacağını ifadə etmişdir. O Orxan ki, qonşuluqda yaşayan və əslən Xocalıdan olan dostu Rüstəmin bütün ailə üzvlərinin ermənilər tərəfindən vəhşicəsinə tonqalda yandırıldığını, Rüstəmin isə yalnız xoş bir təsadüf üzündən sağ qaldığını bilirdi.

Sonralar döyüş dostu Rəşad 8 yaşı olarkən bütün ailə üzvləri ilə birlikdə Ağdam yaxınlığında ermənilər tərəfindən girov götürülür, Hadruda aparılaraq orada səhra komandiri Rubenin donuz tövləsində ac-susuz saxlanılaraq onlara olmazın əzab-işgəncə verilir. Rəşad sonralar atasının, anasının, qardaşının, dayısının, bibisinin vəhşicəsinə qətlə yetirilərək elə Rubenin həyətindəki hasarın dibində torpağa basdırıldığını da «Qartal»a danışır. Məgər işğal dönəmində faciəyə duçar olan təkcə Rüstəmin və Rəşadın ailəsi idimi?! Xocalı, Qarakənd, Malıbəyli, Kərkicahan faciələri... Birdimi, beşdirmi? Amma müdriklərin dediyi kimi, qisas qiyamətə qalmadı. Yəni, vaxt o vaxt oldu ki, Orxan və Rəşad yenidən kəşfiyatçı kimi Hadruda gəldilər, Haykanuş, Hambarsum və Saranı qullanaraq səhra komandiri Rubendən necə lazımdır eləcə qisas aldılar. Düşmənin qərargah və bunkerlərinədək sızaraq olduqca əhəmiyətli kəşfiyyat məlumatları əldə etdilər. 

 Orxan Əkbərov son dərəcə cəsur, həm də peşəkar bir kəşfiyyatçı olub. O, həm Vətən müharibəsi günlərində, həm də müharibə ərəfəsində paqon yoldaşları ilə birlikdə Qarabağın demək olar ki, bütün guşələrində olmuş, düşmən mövqelərinə sızaraq çox mühüm əhəmiyyətə malik kəşfiyyat məlumatları əldə etmişdir. Elə bir düşmən postu, bunkeri və mövqeyi yoxdu ki, Orxan orada olmasın, onların zəif və güclü tərəflərini öyrənməmiş olsun.

Qarabağın sərvətləri, dəmiri, işğal altında olan şəhər və kəndlərdəki evləri və infrastruktur obyektlər sökülərək, daşınır… Kimlər tərəfindən haraya və hansı yollarla aparıldığı, bu talanlarda hansı xarici ölkələrin və şirkətlərin nə dərəcədə maraqlı və ya  iştirakçı olduğu, Köçəryan, Sərkisyan, Saakyan və qeyrilərinə milyonlar qazandıran emal müəssisələri və narkoplantasiyaların hamsının dəqiq yeri və coğrafi koordinatları da Orxana, onun timsalında Azərbaycanın xüsusi xidmət orqanlarına çox yaxşı bəlli idi. Hansı ki, məhz həmin kəşfiyyat məlumatları əsasında Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri strateji mövqelərə havadan və qurudan od yağdırdı. 

 Tabor komandiri Orxan Əkbərovla Xüsusi Xidmət orqanının təmsilçisi polkovnik Toğrul Şamxalov arasındakı dialoq və məsləhətləşmələr əsərdə müharibə şəraitində ordu ilə xüsusi xidmət orqanlarının sıx, müştərək və səmərəli əməkdaşlığının göstəricisi olaraq müəllif tərəfindən çox məharətlə qələmə alınıb. Hansı ki, Müzəffər Ali Baş Komandanın əmrləri, tapşırıq və göstərişləri əsasında bu orqanlar məhz birlikdə uğurlu Hadrud və “Yastı təpə” əməliyyatlarını, Cəbrayılın, Füzulinin, Zəngilan və Qubadlının alınması planlarını, Şuşanın fəthinə aparan zəfər yolunun konkret detallarını işləyib hazırlamış və çox böyük müvəffəqiyyətlə həyata keçirmişdilər.

orxan-rom-2

 Doğrusu, Orxanın anası Sevil müəllimə, ömür-gün yoldaşı Nuranə xanım, qızı Sevil və oğlu Çingizlə olan telefon danışıqları, döyüşləri qələbə ilə bitirib evə gələndə oğlunun qılınc, qızının tort istəməsindən bəhs edən bədii səhnələri əsla həyəcansız oxumaq mümkün deyil. 

 Əsərin oxucunu çox təsirləndirən, göz yaşlarına qərq edən məqamlarından biri də qızı Sevilin atasına məktubudur. Döyüşlərin bir qədər səngidiyi məqamda ata qızından aldığı zərfi açaraq oxuyur: «- Salam ata!... Sən Vətəni müdafiə edirsən. Vətən sənə, sən də Allaha əmanət olasan!.. Ata, bayrağımızı mütləq Şuşada dalğalandır ha!”

 O, qızından gələn məktubun ovqatı altında idi ki, birdən aləm qarışdı. Düşmən hər tərəfdən hücuma keçmişdi. Tabor tam olaraq mühasirədə qalmışdı. Komandir öz-özünə “Yox, mən əsgərlərimin körpə balalarını gözü yaşlı qoya bilmərəm”, - deyərək, şəxsi heyətə sonuncu əmrini verir: «Subaylar mənimlə qalsın, ailəlilər bizim atəş müşaiyətimizlə mühasirəni yarıb çıxsın!».

 Beləliklə, tabor komandiri 6 nəfər peşəkar döyüşçüsü ilə şiddətli döyüş meydanda qalır, qalanlar mühasirədən çıxaraq digər istiqamətlərdə vuruşu davam etdirir.

 Romanda hadisələrin inkişafının pik nöqtələrindən biri də iki dostun – xüsusi xidmət rəisi Toğrul Şamxalovla tabor komandiri Orxan Əkbərovun son telefon danışığıdır. Mühasirədə olan yaralı Orxan rəisə zəng edərək, «- Sizdən bir xahişim var... Yəqin ki, siz Şuşaya daxil olanda mən orada olmayacağam. Şuşanın qala divarından mənim əvəzimdən də bir bayraq asarsan...», -deyir. 

Onun müqəddəs arzusu yerinə yetirilir!

***

 …Orxan o döyüşdə 6 döyüşçüsü ilə birlikdə qəhrəmancasına həlak oldu. Amma onun və döyüş dostlarının qanı yerdə qalmadı. Qarabağın şəhər və kəndləri bir-birinin ardınca düşməndən təmizləndi, 8 may 1992-ci ildə işğal olunan Şuşa 28 il yarımdan sonra – 8 noyabr 2020-ci ildə işğaldan azad edildi. O yerlərdə Azərbaycan bayrağı dalğalanmağa başladı. 2023-cü ilin 19 sentyabrında başlanan və cəmisi 23 saatlıq lokal xarakterli antiteror əməliyyatı nəticəsində isə Qarabağın xunta rejimi və digər “rəsmi” strukturları sözün əsl mənasında gorbagor oldu. Xocalıda və Xankəndidə də Azərbaycan bayrağı dalğalandı. 

 Beləliklə də, 1828-ci ildə Çar Rusiyasının himayəsilə əzəli Azərbaycan torpaqlarına köçürülmüş ermənilər azərbaycanlılar tərəfindən heç bir təzyiq və zorakılığa məruz qalmadan özləri bu yerləri tərk edərək getdilər. Çünki ötən yüzilliklər ərzində bu vətənə, bu yerlərin əzəli sakinlərinə qarşı o qədər xəyanət etmişdilər, o qədər nahaq qanlar tökmüşdülər ki, daha burada yaşamağa üzləri qalmamışdı.

 Doğrusu, Qarabağ Zəfərindən sonra belə bir əsərin meydana gəlməsi gözlənilən idi. Razılaşaq ki, bu tematika ilə bağlı həm oxucularda, həm də söz-sənət adamlarında olan aclıq və ehtiras hissləri qazan kimi qaynayırdı. Hesab edirəm ki, romanın müəllifi- yazıçı-jurnalist Asif Mərzlinin “Sonuncu əmr” romanı bu mənada həm aktualdır, həm də son dərəcə dəyərli ədəbi məhsuldur. Bu, təkcə müəllifin uğuru deyil, bütövlükdə ədəbiyyatımızın uğuru, Zəfəridir! 

 Nəhayət, qədim mədəniyyət irsimizi, hərb tariximizi araşdıran bir tədqiqatçı olaraq onu da deyim ki, müəllifin əsər boyu təqdim etmiş olduğu bir-birindən maraqlı və təsirli bədii səhnələr gələcəkdə həm də teatrşünas və kino mütəxəssisləri üçün də olduqca cəlbedici ədəbi material-ssenari ola bilər. Özü də buna çox ciddi ehtiyac var.

Qafar Cəbiyev, 

Tarix elmləri doktoru, 

Professor, Azərbaycanın Əməkdar jurnalisti

("Hərbi and" qəzeti. 20.02.2024)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN