Bu gün, 2017-ci ilin 6 sentyabrında məşhur azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professor  Lütfəli Rəhim oğlu Ələsgərzadə vəfat etmişdir.

Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvü olmuş, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.

Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır.

Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun "İnformasiya texnologiyaları problemləri” və "İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəxri baş redaktorudur Lütfi Zadə Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.

Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakının Novxanı kəndində, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib. İranda dostları və qohumları vasitəsilə külli-miqdarda kibrit alaraq onu Bakıya gətirib və kibrit satışını təşkil etməklə özünə yaxşı güzəran düzəldib. İşgüzar fəaliyyəti ilə yanaşı Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb. Bakıda gələcək həyat yoldaşı Fanya ilə tanış olub və valideynlərinin razılığı ilə onunla ailə qurub.

Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar iki yoldan birini seçməli idilər: ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir. Bir çoxları, xüsusilə də yaxın qohumları bu addımın gələcəkdə Lütfi Zadə fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki, o illərdə SSRİ-də kibernetika, informatika, genetika kimi elmlərə qarşı mənfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə bilərdi.

Beləcə, o 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb. Balaca Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Bu məktəbdə o ilk dəfə olaraq Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə edib. Orada elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkib. Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və ömrünün sonuna qədər də Berkli Universitetinin professoru olaraq qalıb.

Lütfi Zadənin böyük alim kimi qəbul olunması onun fundamental nəzəriyyələri ilə bağlıdır. Onun "Z-çevirmə" kimi məşhur olan işi diskret və rəqəmli idarəetmə, informasiya, kommunikasiya sistemlərinin yaradılmasını təmin edib. Lütfi Zadə dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan tədqiqat mərkəzi yaradıb. 1992-ci ilin noyabrında İSRAM-ın Robotlaşdırma və İstehsalat üzrə Beynəlxalq simpoziumunda isə qeyri-səlis məntiq nəzəriyyəsinin atası adını alıb. Böyük alimin dinamik sistemlərin idarə və müşahidə olunma nəzəriyyələri yeni idarəetmənin əsasını qoyub. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi  (NASA) Lütfi Zadənin nəzəriyyələri əsasında idarəetmə sistemlərini təkmilləşdirib. Bu nəzəriyyə kosmik proqramların həyata keçirilməsində əsas rol oynayır.

Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin əsasında çoxmənalı (kəsilməz qiymətli) məntiq dayanır. Bu məntiq həyatı daha doğru əks etdirdiyindən, kainatın sirlərinin dərk olunmasında insanların köməyinə gəlir. Qeyri-səlis məntiq nəzəriyyəsi riyaziyyatın əsası sayılan ikili çoxluq anlayışını qeyri-səlis çoxluqla əvəz edib. Bu nəzəriyyə təbiət və cəmiyyətdəki proseslərin qeyri-müəyyənliyini nəzərə almağa imkan yaradıb. 50 ildən çoxdur ki, dünyanın bütün ölkələrində bu nəzəriyyə tətbiq edilir.



Bu nəzəriyyənin üstünlüyü nədədir? Aristotelə görə, bir hadisə ya doğru, ya da yalandır. Üçüncü bir vəziyyət yoxdur. Lütfi Zadənin nəzəriyyəsinin əsasında isə çoxmənalı (kəsilməz qiymətli) məntiq durur. Onun məntiqi daha realdır. Qeyri-səlis məntiq nəzəriyyəsi Amerika, Yaponiya və Avropada texnologiyanın inkişafına təkan verib, iqtisadiyyatın dirçəlməsinə səbəb olub. Hazırda Lütfi Zadənin nəzəriyyələrindən iqtisadiyyatın bütün sahələrində, fəlsəfədə, siyasətdə, sosiologiyada, münaqişələrin nizama salınmasında istifadə olunur. Bu nəzəriyyə riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı üçün geniş imkanlar açıb.

Lütfi Zadə 54 beynəlxalq jurnalın elmi redaktoru, dünyanın aparıcı akademiyaların üzvü olub. O, eyni zamanda, məşhur fondların, firmaların mükafatına layiq görülüb. Dünyanın müxtəlif ölkələrində Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə əlaqədar 25-ə yaxın elmi jurnal nəşr olunur. Bu jurnallarda alimin elmi nəzəriyyəsi ilə əlaqədar hər il minlərlə məqalə çap edilir.

Qeyri-səlis məntiq nəzəriyyəsi

Lütfi Zadənin bütün dünyada məhşur və Aristotel nəzəriyyəsi ilə ziddiyyət təşkil edən “Qeyri-səlis məntiq” nəzəriyyəsin, bir çox şirkətlərin, ölkələrin iri həcmli pullar qazanmasında, inkişafında və müxtəlif funksiyalı avadanlıqların, robotların meydana gəlməsində bilavastə rolu vardır.

1989-cu ildə yaponlar Lütfi Zadənin nəzəriyyəsi sayəsində sənayedə əldə etdikləri uğurlara görə, Onu elm adamlarına verdikləri ən yüksək mükafat  - “Honda” ilə təltif edir.

Zadənin hesabına ən çox gəlir qazanan Yaponya  və Amerika şirkətlərinin bir neçəsi: “Hitachi”, “Matsusita”, “Mitsubishi”, “Fuji”, “Toshiba”, “Sharp”, “Omron”, “Nissan”, “Canon”, “Sanyo”, “Sany-Trintron”, “Daewoo”, “Goldstar” (LC), “Samsung”, “Kodak” ,“Honda”, “General Motors”, “DuPant”, “Motorola”.

Aristotelin irəri sürdüyü ikili (binar) məntiqə əsasən ağ və qara rənglər mövcuddur və ya bir fikir ya doğrudur yaxud yalnış. Lakin Zadə nəzəriyyəsində (çoxmənalı -kəsilməz qiymətli) hər bir doğru fikirdə müəyyən dərəcədə yalnış yaxud əksi ola bilər, eləcə də ağ ilə qara arasında bir çox çalarlar mövcuddur, məsələn boz, bozumtul və s.

“Qeyri səlis məntiq” nəzəriyyəsinə  əsasən müddəalar sıfır və bir arasında kəsilməz qiymətlər alır. Bu məntiqə əsasən real həyat daha düzgün dəyərləndirilə bilir və tolerantlıq daha çoxdur.

2013-cü ilin 19-20 iyun tarixlərində Madrid şəhərində İspaniyanın BBVA (Banco Bilbao Vizcaya Argentaria, S.A.) fondunun elm və mədəniyyət sahəsi üzrə təsis etdiyi mükafatların təqdimetmə mərasimi keçirilib. Fond tərəfindən İnformasiya-Kommunikasiya Texnologiyaları kateqoriyasında Lütfi Zadə 400 min avro dəyərində mükafata layiq görülüb.

2016-cı ildə ilk süni intelektə malik robot (Alter) “Zadə məntiqi”-i əsasında yaponlar tərəfindən hazırlanıb.

 Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında yerli vaxt ilə səhər saat 7:30-da 97 yaşında dünyasını dəyişmişdir. Alim sağlığında Bakıda dəfn olunmasını vəsiyyət etmişdir. Bir sıra səbəblərdən alimin nəşinin doğma vətəninə gətirilməsi yubanmışdır. Nəhayət, 28 sentyabrda cənazə San-Fransiskodan Bakıya yola salınmış və 29 sentyabr saat 03 radələrində Bakıya çatdırılmışdır. Həmin gün alimlə AMEA-da vida mərasimi keçirildi. Mərasimdə prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak etdi. Lütfi Zadənin yaxın qohumu, xalq artisti Cənnət Səlimova nümayəndə qismində çıxış etdi. Dünya şöhrətli alim I Fəxri Xiyabanda torpağa tapşırıldı.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN