Xocalı soyqırımının 32-ci ildönümü Böyük Britaniyanın paytaxtı Londonda yad edilib.
Diasporla iş üzrə Dövlət Komitəsindən "Təzadlar"a bildirilib ki, Azərbaycan icmasının üzvləri, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin əməkdaşları və Britaniyada təhsil alan tələbələr Londonda “Memorial Garden”in önündə bir araya gəlib. İlk olaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra abidə önünə qərənfil gül dəstələri düzülüb. Tədbirdə çıxış edən səfir Elin Süleymanov Xocalı faciəsi qurbanlarının qanının müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev sayəsində yerdə qalmadığını, artıq Xocalı şəhəri də daxil olmaqla bütün Azərbaycan ərazisində şanlı bayrağımızın qürurla dalğalandığını bildirib. London Azərbaycan Evinin rəhbəri Əli Təkin Atalar, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev, iş adamı Şahin Vəlisoy və digər qonaqlar soyqırımı ilə bağlı fikirlərini bölüşüblər. Tədbir iştirakçıları çətin sınaqlardan keçən Azərbaycan xalqının bu gün rifaha qovuşduğunu, cənab Prezident və qalib ordumuz sayəsində bütün dünyada başıuca təmsil olunduğunu bildiriblər.