ABŞ Ermənistan üzərindən Cənubi Qafqaza girmək üçün onu Rusiyanın boyunduruğundan çıxarmaq istəyir.
Son günlər Entoni Blinkenin müavinlərin bir-birinin arxasınca İrəvana səfərlərinin də səbəbi budur. Tezadlar.az "Ria Novosti"yə istinadla xəbər verir ki, siyasi şərhçilər Qərbin Ermənistanı istifadə olunmağa hazır zəif bənd kimi seçdiklərini bildirirlər. Bildirilir ki, Cənubi Qafqazda Azərbaycan xarici siyasəti artıq oturuşub. İlham Əliyevin Avropa Birliyinə üzvlük haqqında çıxışlarına, eyni zamanda üç ay əvvəl NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərə diqqət yetirsək, bunu daha aydın şəkildə görmək olar. Ekspertlərin fikirincə, Gürcüstan da müəyyən problemlərin yaşanmasına və təzyiqlərə baxmayaraq, balanslı xarici siyasət həyata keçirməyə çalışır. Amma hazırda bölgədə Rusiyaya qarşı istifadə etmək üçün ən münbit ölkə Ermənistandır. Bildirilir ki, Paşinyanın KTMT-dən çıxmaqla bağlı bəyanatı da real hesab olunmur. Çünki təşkilatı tərk etsə belə, İrəvanın dərhal NATO-ya üzv qəbul olunması ağlabatan məsələ deyil. Qarşımızda Gürcüstan, Ukrayna örnəyi var. Digər tərəfdən, Türkiyə NATO-nun ilk ən güclü beş üzvündən biri kimi veto hüququndan istifadə edə və bunu əngəlləyə bilər. Paşinyanın Qərbə inteqrasiya ilə bağlı qısa zaman kəsiyində atdığı kəskin addımlar çox ağır əks-nəticələr, reaksiyalar doğura bilər.
Hətta Rusiyanın hərbi variantları nəzərdən keçirməsi də ehtimallar daxilindədir. Qeyd edək ki, ABŞ Dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma Demokratiya üzrə ABŞ-Ermənistan Yerli İdarəetmə Forumunda iştirak etmək və Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşmək üçün iyunun 17-19-da Ermənistanın paytaxtı İrəvanda səfərdə olacaq. 10-12 iyun tarixlərində isə Blinkenin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayen İrəvanda səfərdə idi.