Hamı elə bilirdi ki, yeyinti, ancaq şirkətlərdə, nazirliklərdə, MTK-larda, komissarlıqlarda, icra başçılarında… olur.
Sən demə, ölkənin tarixi, arxeologiyası və etnoqrafiyası həvalə edilmişlər də belə işlərlə məşğul imiş… Bu da fakt: məsələn, dünən 3 iyul 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşı, tarixçi alim Səbuhi Hüseynov və həmin institutda kadrlar şöbəsinin müdiri işləyən həyat yoldaşı Gülüstan İsayevanın Qarabağın işğaldan azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış vəsaitin 92 min manatını mənimsədiklərinə görə onlara hökm oxunub. Hökmə əsasən, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva elan edilmiş ittihamla təqsirli bilinərək şərti olaraq iki il azadlıqdan məhrum ediliblər. Yəqinki belə yeyintilərə 2 il şərti cəza o vaxt verilir ki, mənimsənilmiş pul vəsaitləri büdcəyə qaytarılır.
Qarabağın tarixinə edilən xəyanəti kim bağışlaya bilər?
Diqqəti çəkən məqam odur ki, Səbuhi Hüseynovun 2021-ci ildə bu cür mənimsəmə halına görə işdən çıxarıldığı və haqqında cinayət işi açıldığı halda, AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov belə bir şəxsi himayə edərək tərəddüdsüz Tarix institunun əməkdaşı edib. «Təzadlar»ın Araşdırma Qrupunun əldə etdiyi məlumata görə, 2021-ci ildə Kərim Şükürovun institut direktorluğundan getməsi ilə bağlı qalxan qalmaqallı və hay-küylü məsələdə Səbuhi Hüseynov Kərim Şükürovu sosial şəbəkələrdə müdafiə edirmiş. Kərim Şükürov da özünə vəfa borcu bilərək Qarabağın işğaldan azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış vəsaiti mənimsəməkdə ittiham olunan şəxsi AMEA Tarix İnstitutuna işə qəbul etmişdir və s.
Baxın, Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə Qarabağın işğaldan azad olunmuş ərazilərində tariximizin öyrənilməsinə başlanılmışdır… Və 30 il düşmənimiz ermənilərin öz adına çıxarmaq istədiyi və məhv etməyə çalışdığı tarixi-mədəni irsimizin bütün sahələrində tədqiqat aparılması üçün Dövlət büdcəsindən vəsait ayrılır, onu isə mənimsəyirlər. Bu təkcə Qarabağın, deməli, Azərbaycanın milli maraqlarına deyil, həm də Prezidentin tapşırıqlarına xəyanətdir, Dövlət büdcəsinə düşmən münasibətdir!
Uzun müddətli müşahidələrimiz göstərir ki, Kərim Şükürov direktor işlədiyi müddətdə problemli, polisdən xuliqanlıq cəzası alan, məhkəmələrdə adı hallanan və s. qalmaqallı insanları himayə edərək ətrafına toplayır, onlarla əməkdaşlıq etməyə daha çox üstünlük verir. Son zamanlarda adı daima qalmaqallarda hallanan AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktorunun belə insanları ətrafına yığmaqda, onları himayə etməkdə görəsən marağı və məqsədi nədir?
Bilmirik, bəlkə də Kərim Şükürov bunu qəsdən etmir. Amma edilənilərin qəsdən edilmədiyini də sübut edən fakt yoxdur. Varsa, hörmətli direktor buyursun, dərc edək, mövqeyini, kadr siyasətindəki bu incəlikləri işıqlandıraq…
Mövzuya qayıdılacaq.
«Təzadlar»