(Fantastik hekayə)

...Yer kürəsinin ən axarlı-baxarlı məmləkətlərindən birində, uca bir dağın döşündə kiçik, qədim bir şəhər vardı. Ulu Tanrı bu şəhərə hər cürə gözəllik, cənnətməkanlıq vermişdi. Çünki bir tərəfi yaşıl ormanlar, uca dağlar və bir tərəfində isə dəniz vardı. Burada çoxlu müalicəvi sular və bol sulu  dörd çay da şəhərə böyük yaraşıq verirdi. Dənizdə, çaylarda çoxlu balıqlar, meşələrdə çoxlu bərli-bəzəkli quşlar və vəhşi heyvanlar vardı. Əvvəllər bu şəhər, dağın üstündə olan və artıq xarabazarlığa çevrilən qalanın içində olub. Amma hansı səbələrdənsə bu qalada zəlzələ baş verib və sağ qalan insanlar həmin qaladan on kilomet aşağadakı ormanlara köçüblər və burada məskən salıblar. Maraqlıdır ki, bu qalada zəlzələnin niyə baş verməsini hələ də alimlər tam müəyyənləşdirə  bilməyiblər...

Bu şəhər qədim, gözəl, yaraşıqlı və burada çoxlu müalicəvi sualar olduğuna görə turislər  daha çox gəlirdi.  Şəhər elə də böyük deyildi. Statik məlumata görə burada iki yüz min əhali yaşayırdı. Şəhərdə çoxlu iş yerləri olsa da, işsizlik problemi olmasa da şəhər camaatı demək olar ki, əsasən bura gələn turistlərin hesabına  çox varlı yaşayırdı. Çünki mehmanxanalar il boyu turistlərlə dolu olduğundan, bura gələn insanların çoxu şəxsi evlərdə məskunlaşırdılar. Ev yiyələrinin də kirayə üçün istədiyi pulları onlara verirdilər. Bu insanların da çoxu iynəsiz, kimyəvi dərmansız ucuz qiymətlərlə müalicəvi sularda şəfa tapırdılar. Ona görə də bura gələn insanlar, hər il müalicə olunmaq üçün gəlir və hətta yaxınlarını da bu şəhərə müalicəyə gətirirdilər. İl boyu şəhərə beş yüz mindən çox insanlar gəlirdi. Şəhərə gələn yol da nağılvari gözəlliyə malik idi. Belə ki, yol  kənarında olan güllər, çiçəklər və meyvə ağacları şəhərə gələnləri valeh edirdi.

Məmləkətin başqa şəhərlərinə nisbət burada göyərçinlər daha çox idi. Bəlkə də elə burada yaşayan insanlar qədər də göyərçinlər var. Meydanlar bütün günü göyərçinlərlə dolu olurdu. Özü də bu göyərçinlər insanlara elə öyrəşmişdilər ki, onlardan qorxmur və lazım olanda onların başına, çiyinlərinə və parkralda oturanların hətta qucaqlarına belə qonurdular. Burada yaşayan insanların çoxu da  göyərçinləri çox sevirdilər. Uşaqdan-böyüyə hamı onlara bütün günü yem verirdi...

Bu şəhərin rəhbərləri və güc strukturları dəfələrlə məsələ qaldırmışdılar ki,  göyərçinlərin çoxunu məmləkətin başqa yerlərinə aparsınlar. Hətta aparırdılar da. Amma həmin göyərçinlər nə sirdisə yenidən geri uşub, doğma şəhərlərinə qayıdırdılar...

Bu cənnətməkan  şəhərə gələn turislər də əsasən həmin rəngbərən göyərçinlərə baxmağa, şəhərin müalicəvi havasını udmağa və burada olan çıfalı sularda müalicə olunmaq üçün gəlirdilər. Göyərçinlər də onları stresdən, depressiyadan sağaldır və mineral sular, hava da orqanizmlərində sağlamlıq yaradırdı.

Burada göyərçinlərə bir ailə daha çox qulluq eləyirdi. Ailənin də cəmi üç üzvü vardı. Ata, ana və onların on beş yaşlı oğlu. Qadın quşların dilini  yaxşı bilir və onlarla danışırdı. Kişi də, oğlu da quşların dilini bilirdilər, amma qadın qədər yox. Onlar göyərçinlərə sevgisi daha çox olduğundan, hətta özləri də geniş həyətlərində çoxlu göyərçinlər saxlayırdılar. Onların həyətlərindəki  göyərçinlər  şəhərdəki göyərçinlərdən daha gözəl, yaraşıqlı olduğuna görə, şəhərə gələn turistlər həmin göyərçinləri görməyə, bu gözəlliklə  yaxından tanış olmağa daha çox gəlirdilər. Hətta onların həyətdə tikdirdikləri evlərdə qalıb, hər gün həmin qadının  göyərçinlərə hansısa sözlər deməyilə, göyərçinlər göyə uçur və maraqlı hərəkətlər göstərir və turistlər göydə fiqurlar yaradan  göyərçinlərə həvəslə tamaşa eləyirdilər. Sonra göyərçinlər yerə enəndə, hətta özlərilə şəhərdə olan çoxlu quşları da bura gətirib, qadının ətrafında toplaşır və öz dillərində onunla danışırdılar. Qadın da göyərçinlərin elə öz dilində onlara cavab verirdi. Və ən maraqlısı bu idi ki, göyərçinlər dəstələrə bölünüb, həyətin o tərəf-bu tərəfinə gedir və öz dillərində civildəşirdilər. Qadının əl hərəkətilə dayanır və sonra maraqlı öz hərəkətlərini davam etdirirdilər. Bütün bunlara tamaşa eləmək  turistlər üçün də maraqlı olurdu. Əsəbilərini sakitləşdirirdi.

... Günlərin bir günü dünya ölkələrinə dəhşətli bir xəbər yayıldı. Həkimlərin əlac tapa bilmədiyi Pandemiya xəstəliyi. Və belə məlum oldu ki, bu xəstəliyin yayılması da quşlardan insanlara keçir. Bu xəstəliyin əsas törədiciləri isə göyərçinlərdir. Artıq radio-televiziyalar, mətbuat bu dəhşətli məsələni bütün dünyaya bəyan elədi. Bunu eşidən turistlər də qorxusundan həmin şəhərə gəlmədilər...

Beləliklə, insanların gözlərinin qarşısında minlərlə ev, çöl quşları yandırılır və göyərçinlərə də dəhşətli cəzalar verilirdi. Bütün bunlar da televiziyalarda geniş bir formada göstərilirdi. Bu vəhşiliklər də insanlara pis təsir eləyirdi.

Bu məsələ həmin şəhərin meri, bələdiyyəsi üçün çox sevindirici oldu və axşam yerli  televiziya ilə çıxış eləyib, bəyan elədi ki, səhər meydanlarda olan göyərçinlər yandırılacaq. Ona görə də insanlar evdən çölə çıxmasınlar. Bu xəbər həmin ailəyə daha pis təsir elədi. Onlar səhərə qədər yatmadılar. Həyətdə oturdular və bu bəladan qurtulmaq üçün yollar fikirləşdilər. Elə bil həyətlərində olan göyərçinlər də bunu hiss elədiyindən onların ətrafına toplaşmışdılar. Və qadınla öz dillərində danışırdılar...

Qadın çox ağıllı və uzaqgörən idi. O, beynindən keçən son qərarı ərinə dedi. Əri onunla razılaşdı. Amma bu çətin  işi necə eləmək olardı?

- Çox maraqlı fikirdi. Bəs biz bunu necə eləyə bilərik,- deyə kişi sual dolu baxışla arvadının üzünə baxdı.

- Mən öz həyətimizdə olan quşlarla onların öz dilində danışacam. Onlar da meydanlara uçub, orada olan göyərçiləri özlərinə qoşub, xarabzarlığa çevrilmiş qalaya aparacaqlar. Qala ilə bu şəhərin arası da on kilometrdən çox məsafədir. İnsanlar səhər yuxudan duranda görəcəklər ki, şəhərdə bir dənə də olsun göyərçin yoxdur.

- Bəs şəhər rəhbərliyi  həmin göyərçinləri axtarmayacaqlar?

-  Axtaracaqlar. Meydanlarda, həyətlərdə axtaracaqlar. Amma yəqin ki, qalada axtarmayacaqlar.  Bu, onların ağlına gəlməyəcək. Axı həmin yerlər böyük xarabalıqdır. Zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur. Hətta bu şəhərə gələn turistləri də ora aparmırlar. Həmin yerin də yollarını sən və mən yaxşı tanıyırıq.

- Bəs həmin göyərçinlər orada nə yeyəcəklər?

- Orada çoxlu yabani bitgilər var. Həm də artıq yaydır. Orada çoxlu yabani taxıl, arpa, çovdar və başqa şeylər də çoxdur. Quşlar onlardan yeyər, bir təhər bu bəlanın sovuşmasına qədər dözləyərik. Sonra görək necə olur. Mən də onlarla danışaram ki, göyə uçmasınlar və bu şəhərin insanları onları görməsinlər.

- Maraqlı fikirdir. Mən razı. Onda elə vaxt itirməyib, gecəykən  həmin qalaya gedək. Mən oranın maşın yolunu tanıyıram. Gecə olsa da maşınla ora gedə bilərik. Bir də evdə nə qədər quş yemləri varsa hamısını maşına yükləyək və ora aparaq.

 Qadın onunla razılaşdı  və quşlara öz dillərində başa saldı ki, onlar uçub meydanlara getsinlər və orada olan quşları özlərilə həmin qalaya aparsınlar. Çünki bu quşlar da həmin qalanın yerini yaxşı bilirdilər. Dəfələrlə qadın, kişi və onların oğlu ilə orada olmuşdular.

Quşlar uçub meydanlara getdilər və qadın, kişi, oğlu tez-tələsik evdə olan quş yeməklərini və özləri üçün azuqə götürüb, maşına minib qalaya doğru yola düzəlirlər. Gecə saat üç-dörd radələri olduğuna görə şəhərdə demək olar ki, heç kim yox idi. Hamı yatmışdı. Bu da yaxşı idi ki, onların hara getdiyini heç kimi görmədi.

Onlar on kilometr yolu düz iki saata qət eləyə bildilər. Və qalaya çatanda gördülər ki, orada minlərlə göyərçinlər var. Onların öz göyərçinləri  meydanlara uçub gedib, o biri göyərçinləri də bura gətirirdilər...

Qadın göyərçinlərlə öz dillərində danışıb, sabah başlarına gələcək fəlakətin necə dəhşətli olacağını onlara başa saldı. Özlərilə gətirdikləri dəndən bir azını onlara verdilər. Bu vaxt yenidən çoxlu göyərçin qalanın üstündə göründü və qalaya qonmağa başladılar. Belə məlum oldu ki, artıq şəhərdə göyərçin qalmayıb.

Səhər açılanda daha doğrusu sübh tezdən bələdiyyənin əmrilə polislər, əsgərlər, yanğınsöndürən maşınlar  meydanlara toplaşmağa başladılar. Onlar istəyirdilər ki, sübh tezdən, şəhər əhalisi hələ yuxudaykən tez-tələsik bütün göyərçinlərə isti su şırnaqları ilə uçmağa imkan verməyib, onları  böyük kağız qutulara, böyük torbalara  doldurub, maşınlarla şəhərdən çıxarıb yandırsınlar. Amma onlar sübh tezdən şəhər meydalarına çatanda gördüklərinə mat qaldılar. Meydanlarda bir dənə də göyərçin yox idi.

-Bəs bu göyərçinlər hara qeybə çəkildilər, -deyə Bələdiyyə sədri təəccüblə  öz -özünə pıçıldadı.

- Doğrudan da bu göyərçinlər hara yox olublar, -deyə Polis rəisi də təəccüblə Bələdiyyə sədrinə baxdı.

Bu suala nə onlar, nə də onların ətrafında olanlar cavab tapa bilmirdilər. Amma hamı sevinirdi ki, göyərçinlər harasa uçub gediblər. Deməli, onları öldürmək kimi günaha batmayacaqlar... Axı bu şəhərdə yaşayanlar, uşaqdan-böyüyə hamı göyərçinlərə müqəddəs quşlar kimi baxırdılar.

Səhər tezdən oyanan şəhər camaatı da meydanlarda bir göyərçinin belə olmadığından təəccübləndilər.  Deməli, quşlar onlara gələn bəlanı hiss edərək, başqa məmləkətlərə uçub getmişdilər. Bu şəhərin insanları inaclı olduqlarından küsüb gedən göyərçinlərə görə də Ulu Tanrının  bura böyük  bəla gətirə biləcəyinə inanırdılar.  Adamların çoxu bilirdi ki, quşlar gələn bəlanı əvvəlcədən hiss etdiklərindən, insanlara bəla gətirən yerlərdə yaşamırlar.  Və onlar Bələdiyyə idarəsinin qarşısında toplaşıb, öz nifrətlərini  sədrə bildirmək istədilər. Adamların bu səbirsiz  vəziyyətindən qorxuya düşən Bələdiyyə sədri radio və televiziya ilə elən elədi ki, “onlar göyərçinlərə heç nə eləməyiblər. Səhər tezdən yuxudan duranda görüblər ki, şəhərdə göyərçinlər yoxdur. Uçub başqa yerlərə gediblər”. İnsanların böyük bir hissəsi  Bələdiyyə sədrinin bu sözlərinə inanmasalar da, Bələdiyyənin qarşısından  uzaqlaşmağa başladılar.

Artıq şəhərin insanlarının dilində bu suallar  dolaşırdı:

-Bu göyərçinlər doğrudan da hara qeybə çəkiliblər? Doğrudanmı onlar bu şəhərin insanlarından küsüb, başqa yerlərə uçub gediblər? Axı bu göyərçinlərin əcdadları bir vaxtlar həmin xarabazara qalmış qalanın içində, ətrafında yaşayıblar. Qalada zəlzələ baş verəndə uçub, bu sahəyə gəliblər və insanlar da onların məskunlaşdığı bu yerdə yeni şəhər salıblar. Yəni şəhər camaatı bilirdi ki, quşlar zəlzələni daha tez hiss etdiklərindən, insanlara bəla gətirən yerlərdə yaşamırlar. Deməli, burada şəhər salmaq olardı.

Göyərniçlərin bu şəhərdən qeydə çəkilməsi ildırım surətilə  məmləkəti  bürüdü və başqa xarici ölklərə də yayıldı. Bu, əcaib-qəraib xəbəri artıq dünyanın çoxlu  ölkləri yaymağa başladıqca belə inanılmaz xəbərdən təəccüblənənlər də çox idi. Amma bu şəhərin insanları daha çox qorxuya düşmüşdülər. Axı artıq Yer kürəsində də təsdiq olunmuşdu ki, zəlzələnin gəldiyini ilk hiss edən quşlardır. Deməli, bu şəhərdə də  zəlzələnin  olacağını hiss eləyən göyərçinlər yoxa  çıxıblar.  Bu hadisə insanlarda böyük təşviş, qorxu yaratmışdı. Ona görə də camaat  bu şəhərdən tez-tələsik köçməyə başladılar. Artıq Bələdiyyə saədri başını itirmişdi. İnsanları bu şəhərdə saxlamaq üçün dəridən-qabıqdan çıxsa da öz istəyinə nail ola bilmirdi...

Həmin vaxtı şəhərdə baş verən həyəcanlı günlərdə  göyərçinlər xarabazara çevrilmiş qalada yaşayırdılar. Onlar qadının, kişinin və onların oğlunun sözlərinə qulaq asıb, heç yerə uçmur və qalanın ətrafında olan taxıl, arpa, çovdar və başqa dənli bitkilər, meyvələr, giləmeyvələr  yeyirdilər.

... Artıq həmin hadisədən bir həftə keçmişdi. Şəhər isə demək olar ki, hər gün boşalırdı. Bələdiyyə sədri isə televizorda çıxış eləyib deyirdi ki, kim bu göyərçinlərin hara uçub getdiyini desə, onu böyük ənam gözləyir. Pul hərisi olanlar özlərini ora-bura vurur, amma bir nəticə hasil eləyə bilmirdilər.

Quşların yeməyi isə tükənirdi... Çünki qala ətrafında olan dənli bitkilər, giləmeyvələr qurtarırdı.

Kişi arvadı ilə danışıb, şəhərə enmək, evlərində, soyuducuda olan yeməklərini gətirmək və bazardan da çoxlu quş yeməkləri alıb gətirmək üçün razılığa gəldilər.  Özlərinin də azuqəsi, un məmulatları qurtarmışdı. Özlərinə də yemək alıb gətirməli idilər. Beləliklə, kişi, oğlu ilə böyük yük maşınlarına minib, şəhərə endilər. Evlərinə gəlib, orada olan yeməklərini və soyuducuda olan ərzaqları maşına yığanda, onların qonşusu bunu gördü və şübhələndi. Axı bir həftə idi ki, onlar evdə yox idilər və onların göyərçiləri də həyətlərində deyildi.

Qonşu hiss elədi ki, burada nə isə maraqlı bir sirr var. Onlar maşına minib, həyətlərindən çıxanda öz maşını ilə qonşularını izlədi. Ata və oğul bazara gedib, oradan da çoxlu quş yeməkləri və ərzaq alıdılar. Onları uzaqdan izləyən qonşu başa düşdü ki, şəhərdən qeybə çəkilən göyərçinlərin harada olmasından bu ata ilə oğulun xəbəri var. Ona görə də qonşularını  izləməyə marağı daha çox artdı. Ata və oğul maşınla  şəhərin çıxışından xarabazara qalmış qalaya doğru yola düşdülər. Bələdiyyədən böyük  pul almaq hərisliyi qonşunu daha da həvəsləndirdi. Və onları izləməyə başladı. Qalaya üç-dörd kilometr yol qalmış, artıq o, öz maşını ilə həmin yolu gedə bilmədi. Amma öz inadından da dönmək istəmirdi. Və onu da görürdü ki, qonşusu öz maşını ilə xarabazara çüvrilmiş qalaya doğru gedir. Hələ ki, günorta idi. Axşama  çox qalırdı. O, maşından düşüb, piyada qalaya doğru getməyə başladı...

Artıq qalaya iki kilometrə qədər yol qalırdı. Amma o, qonşunun qalaya getdiyi yolu itirmişdi. Hara gedirdisə sıldırım qayaya rast gəlirdi. Hava isə qaralırdı. O, burada qalıb qurda-quşa yem olacağından, zəhərli ilanların onu çalacağından qorxuya düşüb, tez geri qayıtdı. Amma artıq dəqiq müəyyənləşdirmişdi ki, şəhərdə olan göyərçinlər bu xarabazara çüvrilmiş qaladadır. Çünki hərdən göyərçinlərin oradan göyə qalxdığını və  yenidən də tez yerə endiklərini görürdü...

-Hə. Əclaflar. Gör insanları necə aldadıb, bütün quşları bura gətiriblər... Axı onlar quşların dilini bilirlər. Deməli, quşlar onlara qulaq asıb, gecəykən bura uçub gəliblər. İndi mən sizə göstərərəm! Bu sensassiyalı  xəbərlə mən dünyada məşhur ola bilərəm və çoxlu var-dövlət də qazanaram. Kasıblığın da daşını ataram.

O, sevincək maşınına doğru yeyin addımlarla gedib, tez  minib, Bələdiyyə sədrinin oturduğu binaya sürdü. Gecə olmasına baxmayaraq, bilirdi ki, Bələdiyyə sədri artıq bir həftədir evinə getmir və elə burada qalır. Çünki əhalinin tən yarısının şəhərdən köçüb getməsi onu indi quşlardan daha çox narahat eləyirdi. Qonşu kişi cəld Bələdiyyənin  binasına gəlib, növbəçiyə sədrlə görüşmək istədiyini bildirdi:

- Xahiş edirəm məni Bələdiyyə sədrinin yanına buraxın. Ona çox vacib və sevindirici bir xəbərim var.

-Sədr əmr edib ki, onun yanına heç kimi buraxmayaq. Çıx get!

Növbətçi onu sədrin yanına buraxmaq istəmirdi. Çünki şəhərdən çoxlu adamlar onun yanına gəlib, göyərçinlərlə bağlı çıxardığı qərara görə onunla dalaşmaq istəyirdi Və hətta elələri vardı ki, onu öldürməyi də planlaşdırmışdılar. Bu bir həftədə şəhər bir-birinə dəymişdi... Xaos baş alıb gedirdi. Şəhərə turistlərin gəlməməsi də onlara bir dərd olmuşdu. Deməli, artıq gəlir yerləri də kəsilmişdi. Bura məmləkətin çox yerindən polislər, əsgərlər gətirmişdilər ki, insanları sakitləşdirsinlər.

-Yaxşı. Onda sədrə deyin ki, mən göyərçinlərin harada olduğunu bilirəm. Məni qəbul eləsin.

 Növbətçi təəccüblə kişiyə baxdı.

-Nə dedin? Yalan demirsən ki?

- Yox. Bütün müqəddəslərə and içirəm ki, göyərçinlərin yerini bilirəm. Təcili bu xəbəri sədrə deyin.

Növbətçi təcili nömrə yığıb, sədrlə danışdı

-Cənab sədr. Sizə bir xoş xəbər demək istəyirəm. Göyərçinlərin harada olduğu müəyyənləşib.

- Sən  nə sərsəmləyirsən? Göyərçinlər bir həftədir ki, buradan uçub gediblər, -deyə sədr əsəbi  telefonda dedi.

- Elə deyil, cənab sədr. Burada mənim yanımda bir adam var. O, göyərçinlərin harada olduğunu dəqiq bilir. Amma deyir ki, bu xəbəri yalnız və yalnız sizə deyə bilər.

- Təcili o adamı yanıma gətir!

- Oldu, cənab sədr,- deyə növbətçi dəstəyi yerinə qoydu. Gəl. Təcili sədrin yanına qalxaq. Amma yalan məlumat versən, buna görə sənə cinayət işi düşür. Çünki əgər bu xəbər düzgün olmasa, buna görə sədrin başı ağrıyacaq, -deyə növbətçi həmin kişinin gözlərinə diqqətlə baxdı.

- Bütün müqəddəslərə and içirəm ki, düz deyirəm. Mən göyərçinlərin yerini bilirəm.

Onlar cəld sədrin yanına qalxdılar. Onun otağına getmək özü müşkül məsələ idi. Çünki bir neçə yerdə polislər əllərində silah dayanıb, onu qızmış kütlədən, şəhər əhalisindən  qoruyurdular.

Həmin kişi Bələdiyyə sədrinin kabinetinə  girdi. Sədr balaca boy, dimba göy gözləri olan, xırda bığı və keçi saqqallı kişiyə diqqətlə baxdı.

-Ay kişi doğrudan sən göyərçinlərin yerini bilirsən?

-Müqəddəslərə and içirəm ki, bilirəm. Hər şeyi də sizə olduğu kimi danışacam.

O, qonşusu ilə olan hadisəni olduğu kimi danışdı və sonda dedi:

-Cənab sədr. Bu işi yubatmaq olmaz. Ola bilər ki, onlar məni görüblər. Mənim qonşum həmin yerləri çox yaxşı tanıyır. Əgər o, məni görsə dağlara qalxacaqlar və göyərçinlər də onlarla birlikdə ora  uçacaqlar. Çünki onun arvadı göyərçinlərin dilini bilir. Quşlarla danışacaq və onlar da sıldırım qayalı dağlara uçacaqlar. Sonra qalın meşəlikdə, sıldırım qayalıqda onları tapmaq çox çətin olacaq.

Özündən razı Bələdiyyə sədri bu xəbərdən çox sevindi. Təcili telefonu götürüb, ölkə rəhbərliyi ilə danışdı və göyərçinləri necə məhv etməyin yollarını da ona yerli-yataqlı dedi. Telefonun o biri tərəfindən razılıq aldığına görə sevindi və  selektorla kiməsə dedi:

-Təcili şəhərin bütün rəhbər işçilərinə bu xəbəri çatdır. Həyəcan təbili çalmaq lazımdır. Şəhərdə olan bütün polislər, yanğın söndürənlər, əgsərlər təcili hazırlaşsınlar, həmin xarabazara çevrilmiş qalaya gedəcəyik. Hamısı özlərilə çoxlu yandırıcı silahlar götürsünlər. Göyərçinləri elə həmin qalada yandıracağıq ki, şəhərin adamları bunu başa düşməsinlər. Sonra həmin kişiyə bu sözləri dedi:

-Əgər yalan məlumat versən, sənə də cinayət işi düşür. Məlumat düz olsa, sənə ölkə rəhbərliyi tərəfindən böyük məbləğdə pul veriləcək. Sənin haqqında televizorlarda, radiolarda  deyiləcək, qəzetlərdə yazılacaq... Gör sən neçə milyonlarla  insanları  Pandemiya adlı dəhşətli xəstəliyin əlindən alacaqsan. Sən əsrin qəhrəmanı olcaqsan.

-Müqəddəslərin ruhuna and olsun ki, dediklərim doğrudur. Mən göyərçinləri orada görmüşəm. Mənə inanın, -deyib, qonşu keçi saqqal kişi özünü əsrin qəhrəmanı kimi təsəvvür eləyib, domba göy gözləri parıldadı. Özündən çox razı adam kimi başını yuxarı qaldırıb sədrin başının üstündə asılan ölkə başçısının portretinə baxdı. Yəqin fikirləşdi ki, ölkə başçısı özü onu qəbul eləyib, bir “malades”, “bravo” da deyəcək. Hətta onunla şəkil də çəkdirəcək. Bu şəkil də dünya mətbustında çap olunacaq.

... Az bir vaxtda hər şey hazır oldu. Bir neçə tərəfdən xarabazara çevrilmiş qalaya doğru polislər, əsgərlər, yanğın söndürənlər piyada hərəkət etməyə başladılar. Çünki hamı bilirdi ki, ora maşınla getmək olmaz. Bir neçə dəfə ora maşınla gedən olmuşdu. Dağlar, sıldırım qayalar maşının səsindən hərəkətə gəlmişdi və qaya parçaları həmin maşınların üstünə düşmüşdü. Maşınlar zədələnmiş və həmin maşınlarda olan adamlar da yaralanmışdılar.

Beləkilə, tez bir zamanda xarabalığa qalmış qalanı onlar üzük qaşı kimi əhatəyə aldılar. Qalanın ən hündür yerində özlərinə məskən salmış kişi, qadın və oğlu qalaya doğru hər tərəfdən çoxlu adamların gəldiyini görmüşdülər. Və məsələnin nə yerdə olduğunu artıq başa düşmüşdülər. Bilirdilər ki, bu adamlar  qalada olan göyərçinləri yandırmağa gəliblər. Deməli, götərçinlərə kömək eləmək çətin olacadı. Çünki onlar qaldıqları yerdən aşağı düşsəydilər onları görəcəkdilər və güllə ilə vurub öldürəcəkdilər. Onların özlərinin sağ qalması üçün təkcə bir yolları vardı. Yuxarıdakı pilləkənlə zirzəmiyə düşmək. Heç olmasa özləri sağ qalsınlar. Onlar belə də etdilər. Elə bu vaxtı dörd tərəfdən odlu silahlar qalaya doğru atılmağa başladı. Silahlar elə güclü idi ki, düşən kimi yüz metrdən çox məsafəni alova bürüyürdü. Tez bir zamanda qalanın üç-dörd kilometrdən artıq olan ərazisini alov bürüdü. Göyərçinlər göyə qalxmaq istəsələr də alovun hərarəti onları öz ağuşuna alırdı... Göyərçinlərin yanmasından qalaya və ətrafa vahiməli bir səs-küy yayılırdı. Bu səslər də  qayalara və sildırımlı dağalara dəyib, daha dəhşətli əks-səda yaradırdı... Bu səsləri hətta şəhər camaatı da eşidirdi.

... Bu vaxt birdən göy guruldadı. İldırımlar dəhşətli formada çaxmağa başladı və  ardınca dəhşətli yağış seli gətirdi. Dağlardan, qayalardan yağan yağış o qədər güclü idi ki, hər yerdən güclü sel axmağa başladı. Və bu sel özü ilə qaya parşalarını gətirirdi. Artıq yağan yağış alovu söndürürdü, amma böyük qaya parçalrı dəhşətli uğultular, gurultular yaradırdı və çox sürətlə adamlar olan tərəflərə gəlirdi. Qalanın ətrafında olan polislər, əsgərlər, yanğınsöndürənlər və onlara əmr verənlər çaşıb qalmışdılar. Öz canlarını qorumaq üçün böyük haray-həşir qoparır və hara qaçmaq, özlərini necə qorumağın yollarını da bilmirdilər. İlk qaya parçası hamıdan qabaqda gedən keçisaqqal kişinin başına dəyib, onu öldürmüşdü. Sel-sular onları qoynuna alır və qaya parçaları da onlara dəyib, elə yerindəcə öldürürdü. Və bu sel-sular özlərilə qaya parçalarını aparmaqla şəhərə doğru axırdı. Bu sel-sular da artıq on-on beş yerdən qarşısı alınmaz  böyük çaylara çevrilirdi...

Bütün bu dəhşətləri, adamların bağırtılarını zirzəmidə eşidən qadın dedi:

-Dağlar vəhşiləşib. Yəqin qalanı da su basacaq və bizi də bu sel-sular öz qoynuna alıb, şəhərə atacaq.

- Bura yağış, qayalar düşə bilməz,- deyə kişi arvadını və oğlunu sakitləşdirdi. Mən bu yerləri lap uşaqlıqdan yaxşı tanıyıram. Yağış da az bir vaxtda kəsəcək.

Doğrudan da kişi deyən kimi oldu. Bir saatdan sonra yağış kəsdi. Dağların gurultusu dayandı. Onlar zirzəmidən əvvəl qaldıqları yerə qalxdılar. Ətrafda demək olar ki, yanan göyərçinlərin də  cəsədləri qalmamışdı. Sel-suları ölən göyərçinlərin də çoxunu özü ilə birlikdə şəhərə tərəf aparmışdı. Amma bəzi yerlərdə qaya parçalarının üstündə təxminən əllidən çox  göyərçin özlərini qoruyurdular ki, suya düşüb, boğulmasınlar.

Bunu görən kişi, arvadı və oğlu qaldıqları yerdən cəld aşağı düşüb, selin yaratdığı gölməçələrdən keçib həmin göyərçinləri tutdular və özlərilə qaldıqları yerə apardılar. Amma həmin göyərçinlər sakitləşmir, vahiməli, civiltili səslər çıxarır, yanan qanadlarını bədənlərinə vurmaqla hərəkət etdirirdilər. Qadın onların civiltilərini, danışığını başa düşsə də amma bu dahşətli hadisəyə inanmaq istəmirdi və öz-özünə deyinir, əllərini göyə açıb yalvarırdı:

-Aman Allah. Bu, ola bilməz. Bu, ola bilməz. Ey böyük müqəddəslər! Ey Böyük Yaradan. Yalvarıram sizə. Keçin bu şəhərin adamlarının  günahından, qəbahətindən. Orada olan günahsız insanlara rəhm eləyin... Yalvarıram, rəhm eləyin... Rəhm eləyin...

Artıq bu vaxt şəhərdə böyük vahimə baş vermişdi. Bir, iki mərtəbəli evlərin hamısı sel-suların altında qalmışdı. Sel-sular adamları, maşınları, uçuq evlərin parçalarını, ölən göyərçinləri  qabağına qatıb, dənizə tərəf aparırdı. Adamların çoxu isə hündürmərtəbəli evlərin damına çıxıb, bütün bu dəhşətləri öz gözlərilə  gördükcə qışqırır və kömək istəyirdilər. Bu dəhşətləri görən kişi, arvadı və oğlu da qorxu içərisində həmin mərzərələrə baxır və özləri də qorxurdular ki, yenidən sel gəlib, onları da aparacaq.

Qadın ərinə, oğluna qorxu ilə baxıb dedi:

-İndi şəhərdə çox dəhşətli bir hadisə baş verəcək. Bir az özünüzü ələ alın. Qorxmayın...

Bu vaxt doğrudan da çox dəhşətli səslər gəldi və Yer titrəməyə başladı. Maraqlıdır ki, uçulmuş qala titrəmirdi. Amma onun əks tərəfində olan qayalar titrəyir və uçub şəhərə doğru tökülürdülər....

Bunun ardınca daha dəhşətli bir hadisə baş verdi. Şəhər olan tərəfdə elə bil birdən Yer aralandı və özü ilə birlikdə şəhəri çəkib apardı. Bu vaxt insanların vahiməli  səsi daha dəhşətli eşidilməyə başladı...

Kişi, arvadı və oğlu qorxudan titrəyirdilər. Qorxu içərisində həmin dəhşətli mənzərəyə baxırdılar. Onların yanında olan əllidən çox göyərçinlər də qadının, kişinin, oğlunun ətrafına sığınmışdılar. Bu vahiməni onlar da hiss eləyir və öz dillərində yalvarış səsləri çıxarırdılar...

Şəhər çökdükcə, dənizə tərəf axan sular, dənizin özü ilə birlikdə geri gəlir və həmin çökən yerə dolurdular. Artıq yavaş-yavaş orada böyük bir göl yaranırdı...

Və artıq insanların da səsləri kəsilmişdi. Çünki onlar gölün dibinə getmişdilər. Gölün üstü isə papaqlarla, yaylıqlarla, uşaq oyuncaqları ilə, odun parçaları, maşınların, elektrik şəbəkələrinin plastik kütlələri ilə, ağacların yarpaqları, güllərin, çiçəklərin ləçəklərilə  və əsasən də ölmüş göyərçinlərlə dolu idi. Bunlar o qədər çox idi ki, gölün üzündəki sular görünmürdü...

Gölün üstündə bəzi yerlərdə görünən su da insanların qanından qırmızı rəngdə idi....

... Və illər  keçəcəkdi, bu gölə insanlar “Qanlı göl” adını qoyacaqdılar. Bu göldə çimmək, oradan balıq tutmaq yasaq olunacaqdı. Hətta bura çöl quşları belə qonmayacaqdı...

Amma bir vaxtlar bu şəhərdən köçüb gedən yüz mindən çox insanlar Vətən həsrətilə bura dönəcək və xarabazara qalmış qalanı əsaslı təmir edəcək və onun ətrafında da yaşayış binaları tikdirib, burada yaşayacaqdılar. Haradansa yenə bura çoxlu göyərçinlər uçub gələcəkdi. Burada yaşayan insanlar da həmişə  qaladan, onun ətrafından  “Qanlı göl”ə tamaşa eləyib, həmin göldə uyuyan həmvətənlərinə görə köks ötürəcəkdilər...

Və bu şəhərə gələn turistlərə də burada baş verən  qəmli, dəhşətli hadisələri danışanda turistlərlə birlikdə özləri də kövrələcəkdilər...

“Qanlı göl”ə isə insanlar qorxularından  getmirdilər. Çünki bəzi yaşlı adamlar, hansılar ki, ora getmişdilər, gəlib dəhşətlə danışırdılar ki, “gölün ətrafında olanda biz, sudan iniltili, vahiməli səslə eşitdik”...

Bəlkə də bu, belə deyildi. Onlara elə gəlirdi ki, göldən iniltili, vahiməli səslər gəlir...

Mən isə onu bilirəm ki, adamların törətdiyi cinaətlər heç vaxt cavabsız qalmır... Ya özlərinə, ya da onlardan törəyənlərə çatır. Bu, əsrlərlə sınaqdan keçmiş həqiqətdir.

Ağalar İDRİSOĞLU, 

Əməkdar İncəsənət xadimi

Sumqayıt şəhəri

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN