Bəzi nankorlar talışların adından sui-istifadə edərək Azərbaycan dövlətinin imicini aşağılayan, etnik separatçılığı yayan əməllərlə məşğuldur...
Onların sosial şəbəkə hesabından apardığı nankor təbliğatı hamı bilir. Belələrindən biri -Belarusdan Azərbaycana məzuniyyətə gələn Azərbaycan vətəndaşı İqbal Əbilov iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Əbilovun yaxınlarının verdiyi məlumata görə, o, uşaqlıqdan Belarusda yaşayır və iyunun 14-də qohumunun toyunda iştirak etmək üçün Azərbaycana gəlib. İyunun 22-də Əbilov DTX-nin Masallı rayon şöbəsinə çağırılıb və 6 saat ərzində dindirilib. İyunun 27-də Bakıdan Moskvaya gedərkən isə o, təyyarəyə buraxılmayıb, pasportu və telefonu əlindən alınıb. İyulun 22-də Əbilov pasportunun və telefonunun qaytarılması bəhanəsi ilə DTX-nin Masallı rayon şöbəsinə çağırılıb. Lakin valideynlərinə məlumat vermədən Bakıya aparılıb. Ombudsmana müraciətdən sonra valideynlərinə bildiriblər ki, Əbilov Azərbaycan CM-in 283-cü (milli ədavət salma) və 274-cü (dövlətə xəyanət) maddələri ilə şübhəli bilinir. Bu gün o, qətimkan tədbirinin seçilməsi üçün Səbail Rayon Məhkəməsinə çıxarılacaq. Yaxınları hesab edirlər ki, Əbilov uydurma ittihamla saxlanılıb, onun təqib olunmasının əsl səbəbi müxtəlif milli azlıqlar, o cümlədən Azərbaycan talışları haqqında araşdırmalar aparmasıdır. Amma sosial şəbəkələrdəki paylaşımları əksini deyir. O və ətrafındakılar Azərbaycanın daxilində qondarma "TMR" adlı bir qurumun yaradılmasını, guya Azərbaycanda talışların hüquqlarının hər gün pozulması və s. barədə yalan və böhtan xarakterli məlumatlar yaymaqdadırlar. Hətta qondarma və uydurma "dövlət"lərinin bayrağını, gerbini hər gün sosial şəbəkələrdə təbliğ edirlər.
***
Azərbaycan vətəndaşı olan Əbilov, həmçinin Belarusda yaşamaq icazəsinə malikdir. Tezadlar.az internet resurslarında axtarış verərək müəyyən etdi ki, Əbilov Latviyada qeydiyyatdan keçmiş "Talış Milli Akademiyası"nın təsisçilərindən biri, həmçinin bu qurumun mətbu orqanı olan "Talış Milli Akademiyası Xəbərləri"nin baş redaktorudur. Bu nəşr Rusiya-Ermənistan Strateji və İctimai Təşəbbüslərə Dəstək Mərkəzinin russia-armenia.info saytında da dərc olunur.
Bütün bunlara rəğmən, yeri gəldi-gəlmədi, talış xalqının adından danışan bəzi separatçılar Azərbaycan dövlətinin və xalqının milli maraqlarına zidd təbliğatın ruporu kimi fərqlənirlər. Halbuki Azərbaycanda etnik xalqların, o cümlədən talışların heç bir problemi yoxdur, hamı bərabərhüquqlu ailə kimidir...
A.Məmmədli