Asif Mərzili: «Cənab Prezidentin seçkinin şəffaf və ədalətli keçiriləcəyi barədə çağırışlarından ruhlanaraq namizədliyimi irəli sürmüşdüm. Ona görə də Bəxtiyar Əliyevin ilkin elan olunmuş və saxtalaşdırılmış seçki nəticələrinin ləğvi barədə cənab Prezidentə müraciət edəcəyəm…».
Yazıçı-jurnalist, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili (Məmmədov) bitərəf namizəd olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin məhsulu olan və 2024-cü ilin 1 sentyabr tarixində keçirilən növbədənkənar parlament seçkilərində iştirak etmişdir. O, seçki təbliğatı və təşviqatı dövründə digər namizəd Bəxtiyar Həmzə oğlu Əliyev tərəfindən yol verilmiş çoxsaylı ciddi qanun pozunuları ilə bağlı dəfələrlə Azərbaycan Mərkəzi Seçki Komissiyasının 115 qaynar xəttinə müraciət etmişdir. Şikayəti qeydə alınsa da, heç bir tədbir görülməmişdir. Nəhayət, məcbur olub 21 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə və Azərbaycan Respuğlikası Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahova rəsmi qaydada şikayət təqdim etmişdir. Bu barədə «Təzadlar»a açıqlama verən deputatlığa namizəd bunları söyləmişdir: «…Şikayətimdə bildirmişdim ki, mən müstəqil namizəd olaraq 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizədəm və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat və təşviqat fəaliyyətimi həyata keçirməkdəyəm. Lakin həmin dairədən deputatlığa namizəd Bəxtiyar Həmzə oğlu Əliyev indiyədək deputat olduğu 20 il ərzində seçiciləri ilə görüşüb onlarla bir millət vəkili kimi təmas qurmadığından, indi təbliğat və təşviqat fəaliyyətini qanunsuz əməllərlə həyata keçirməkdədir. Seçiciləri tərəfindən olduqca pis münasibətlə qarşılanıb qovulan B.Əliyev indi başqa bir qanunsuz yola əl atmışdır. O, artıq neçə dəfədir seçicilərlə görüşə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, YAP Ağdam rayon təşkilatının sabiq sədri Allahverən Əliyevlə, eləcə də aidiyyəti icra nümayəndələrinin iştirakı və başqa rəsmi şəxslərlə gedir. Bu isə Azərbaycan Seçki Məcəlləsinin 55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərini kobud surətdə pozulması deməkdir. Məsələn, Bəxtiyar Əliyev avqustun 20-də saat 11:00 radələrində rayonun «Dördyol-1» köçkün qəzəbəsində, sonra isə digər məntəqələrdə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, YAP Ağdam rayon təşkilatının sabiq sədri Allahverən Əliyevi, həmçinin Ağdam RİH-nin başqa bir şöbə müdirini, icra nümayəndəsini öz seçki təbliğatına qanunsuz olaraq cəlb etmişdir. Bu barədə seçicilərim tərəfindən mənə video-görüntü təqdim edilmişdir. A.Əliyev B.Əliyevlə birlikdə məntəqə sədrlərinə və icra nümayəndələrinə, yaxud idarə müdirlərinə zəng etdirərək B.Əliyevlə görüşə adam toplamağı tapşırır və özü də həmin görüşə qatılır, gələcəkdə ona səs verilməsini bildirir. Hamı RİH başçısının 1-ci müavinini bu görüşlərdə görəndə isə onlarda belə rəy yaranır ki, deməli, Bəxtiyar Əliyev yenə də qutudan deputat kimi çıxacaq. Bu isə cənab Prezident İlham Əliyevin siyasi iradəsinin məhsulu olan parlament seçkilərinin qəsdən gözdən salınmasına xidmət edir. Hesab edirəm ki, Bəxtiyar Əliyev və Allahverən Əliyev Azərbaycan Seçki Məcəlləsinin 55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərini kobud surətdə pozduğu üçün onun namizədliyi ləğv olunmalıdır. Eləcə də Allahverən Əliyevin və Bəxtiyar Əliyevin əməllərinə hüquqi qiymət verilməlidir… Mənim Mərkəzi Seçki Komissiyasına 21 avqust 2024-cü il tarixdə göndərdiyim rəsmi şikayət 34 saylı müraciət qrifi ilə 28 avqust 2024-cü il tarixdə MSK-nın katibliyində baxılmış, MSK-nın eksperti İlkin Şahbazov tərəfindən rəy hazırlanmışdır və tədbir görülməsi üçün Ağdam 119 saylı Dairə Seçki Komissiaysının sədri Sahil Allahverən oğlu Əliyevə göndərilmişdir. Lakin bu günədək heç bir tədbir görülməmişdir. Niyə? Çünki 119 saylı Ağdam Dairə Seçki Komissiyasının sədri Sahil Əliyev Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələblərini kobud surətdə pozmuş Ağdam RİH başçısının birinci müavini Allahverən Əliyevin oğludur. Bu isə məntiqlə o deməkdir ki, oğul heç bir halda atasının barəsində hər hansı qanuni tədbir görməyəcəkdir. Odur ki, mən hazırda məhkəməyə şikayət hazırlayıram…».
Asif Mərzili onu da bildirdi ki, MSK-nın onun şikayəti ilə bağlı hazırladığı rəyi qurumun rəsmi saytında yerləşdirilmişdir. Lakin icrası yuxarıda qeyd onunan səbəblərdən hələki mümkünsüzdür…
***
«Bəs bu barədə ölkə Prezidentinə müraciətiniz mümkündürmü?»- sualına Asif Mərzili belə cavab verdi: «Mən cənab Prezidentin bu dəfəki seçkinin şəffaf və ədalətli keçiriləcəyi barədə çağırışlarından ruhlanaraq deputatlığa namizədliyimi irəli sürmüşdüm. Ona görə də Bəxtiyar Əliyevin ilkin elan olunmuş və saxtalaşdırılmış seçki nəticələrinin ləğvi barədə cənab Prezidentə müraciət edəcəyəm…».
Elçin Məmmədli