Son vaxtlar kartlardan pul oğurlanmasının arxasında nə və ya kimlər dayanır? -«Təzadlar»ın araşdırması nələri üzə çıxartdı…

 (Şəkildə: Azərbaycan Beynəlxalq Bankın İdarə Heyətinin sədri)

 ...Bu günlərdə Bakının Bayıl qəsəbəsinin sakini Hikmət Hüseynovun «Kapitalbank»a məxsus “Birkart taksit” kartından 5 min manat pulun naməlumlar tərəfindən çıxarılması barədə şikayətçinin rəsmi ərizəsinə istinadla yazı dərc etmişdik. Şikayətçi yazırdı: «…2024-cü ilin sentyabrın 21-dən 22-nə keçən gecə, mənim «Birkart taksit» kartıma haker müdaxiləsi oldu və bu barədə səhər məlum oldu ki, kartımda olan 5 min manat və özümün əlavə 1000 manata yaxın pulum, son manatına qədər oğurlanıb. Telefon nömrəmə baxdım və gördüm ki, guya gecə saatlarında vatsapda olmuşam. Məəttəl qaldım ki, axı mən gecə yuxuda olmuşam. Sonra müəyyən etdim ki, saat 01:30-dan 03:39-a kimi telefonuma  daxil olaraq, bütün  məlumatları əldə ediblər. Əvvəlcə kartımdan 1600 manat, daha sonra isə qalan pulları tamamilə çıxardıb xaricdə şəxsi hesablara köçürüblər. Pul çıxarılan zaman isə,  mənim telefonuma gələn mesaja həmin hakerlər təsdiq cavabı veriblər. Beləliklə, kartımda olan 6 min manata yaxın pul tamamilə yox olub. Mən bütün bunlar barədə tam məlumat əldə edəndən sonra DİN-nin «102» qaynar xəttinə zəng etdim. Ondan sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət olundum və şikayət ərizəmi qeydə aldılar. Oradan da birbaşa «Kaptal Bank»ın Bayıl qəsəbəsindəki filialına yaxınlaşdım. Bank rəsmiləri ilə nə qədər mübahisə etsəm də, samballı arqumentlər gətirsəm də, yenə də bildirdilər ki, kredit mənşəli həmin pul banka qaytarılmalıdır. Belə olan surətdə dərdimə çarə məqsədi ilə «Kapital Bank»ın Baş Ofisinə getdim, rəhbərliyi ilə görüşdüm. Mən bankın rəsmilərinə bu suallarla müraciət etdim. Sonra rəhbərliyə və mütəxəssislərə bu sualları verdim: «-Mən «birkart taksit» kartından adıma olan pulun yalnız 500 və ya 1000 manatını çıxara bilərəm. Bəs necə olub ki, ilkin variantda 1600 manat çıxarılır, amma bankda isə kompüterlər bunu qeyd etməyib?; -Gecə saatlarında pul çıxarılarkən niyə sizin bankın avtomatik bloklanma sistemi işə düşməyib?; -Niyə pul çıxarılarkən mənə, həmçinin sizin kompüterlərə zəng və ya hər hansı mesaj gəlməyib?; -Sizin pulların etibarlılığını qorumaq üçün hər hansı vasitələriniz, yəni proqramlarınız varmı? Beləliklə, bu sualların heç birinə bankın müdiriyyəti cavab verə bilmədi…».

Bu da Beynəlxalq Bankda müştərinin başına gətirilən 12 min manatlıq oğurluq…

 

 Bu dəfə isə «Təzadlar»a Azərbaycan Respublikası Azad İstehlakçılar Birliyinin Sədri cənab Eyyub Hüseynov tərəfindən göndərilən daha bir bankda oğurluq şikayəti bizi təəccübləndirdi. Axı necə ola bilər: bank əmanətlərin etibarlı saxlanc yeridirsə, orada oğurluq necə baş verir? Yaxud, yad əl bankın sisteminə necə daxil olur? Bəs bankın təhlükəsizlik sistemi yoxdurmu???

 Bu və ya digər suallara cavab tapmaq üçün aşağıdakı şikayəti nəzərdən keçirək. Şikayətçi yazır: «Mən Hüseynli Rauf Murtuz oğlu, Bakı şəhəri, Qarabağ küç.8 ünvanında yaşayıram. Uzun illər illərdir pensiyamı kartla ABB Bankdan alıram. Mənə məlum idi ki, pensiya bank hesabıma nə pul mədaxil, nə də həmin bankın kartsız məxaric etmək mümkün olmur. Bunu nəzərə alaraq, ABB Bankı çox etibarlı bank hesab edərək, 10.11.2023-ci il tarixində Azərbaycan Beynəlxalq Bankın Gənclik filialında debet kart üçün bank hesabı açmışam. (Həmin Bank hesabın №AZ52İBAZ33881019441875133206). Hesab açıldıqdan sonra mənə dedilər ki, kartı üç gün sonra 14.11.2023-ci il tarixində, saat 14-00-dən sonra ala bilərəm. Mən bir gün sonra 13.11.2023-ci il tarixində həmin Bank hesabıma 11000 AZN məbləğində pul vəsaiti yerləşdirdim, saat 12-00 radələrində (Həmin yerləşdirdiyim məbləğin mədaxil qəbzin surəti tələb olunan zaman təqdim oluna bilər). Hələ bank kartımı sabahısı gün, saat 14-00 dan sonra aldığıma baxmayaraq, saat 15-00 (pul məbləğini yerləşdirdikdən cəmi 3 saat sonra) mənə Bankdan SMS gəldi ki, kartımın «OTP» kodu filandır... Mən hələ mesajdakı koda baxmamış, dərhal üstündən 2-i dəqiqə sonra SMS gəldi ki, mənim hesabımdan 10500 AZN pul məbləği çıxıb və 2-i dəqiqədən sonra yenə SMS gəldi ki, mənim hesabımdan daha 450 AZN pul məbləği çıxarıldı və hesabımın balansında 50 AZN pul qalıb. Yəni, ay hərif - evə piyada getmiyəsən. (Həmin Bankın mənə göndərdiyi SMS-lərin telefonumdan Scrin-shot surətləri bu ərizəyə əlavə olunur). Həmin SMS-lərin vaxt müddətlərinə diqqətlə baxsaq, görmək olar ki, bütün SMS-lər 4-5 dəqiqə arasında göndərilib. Aydın olur ki, bu vaxt müddətində mən heç kəsə, heç bir məlumat göndərə bilmərəm və göndərməmişəm də. Mən heç bu vaxta kimi, o göndərilən «OTP»-lərin nə üçün olduğunu da anlaya bilmirəm. Bu faciə məsələni bilənlərin hamısı, hətta bu işə baxan polis işçiləri, təcüblənirlər ki, necə mən o vəziyyətdə infarkt olmamışam. Dərhal, tənginəfəs və tər içində özümü Banka çatdırdım. Çətinliklərlə və uzun müddətdən sonra kart hesabımı bloka salmağa nail oldum. Baş verənlər barədə Bankın rəhbərliyinə rəsmi Ərizə yazdım və həmin sənəd qeydiyyata alındı. Sabahı gün 14.11.2023-cü il tarixində, həmin gün saat 14-00 dan sonra debet kartımı almalı idim, AR Milli Banka gəlib, baş verən hadisə barəsində rəsmi Ərizə təqdim etdim. (Həmin Ərizənin surəti sənədlərə əlavə oluna bilər). Mənə məsləhət gördülər, bu məsələ ilə bağlı Polis İdarəsinə müraciət edim və 20.11.2023 ci il tarixində mən bu məsələ ilə Baki şəhəri, Nərimanov rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etdim…».

 Niyə oğurluq ancaq banklardakı sadə əmanətçilərin başına gəlir? Və külli miqdarda əmanəti olan imkanlı-statuslu şəxslərin pulunun oğurlandığına hələki rast gəlinmir…

 Bəli, məsələ çox qəlizdir. Əmanətlərin etibarlı saxlanc yeri olan banklarda belə oğurluqlar baş verirsə və Milli Bankın rəhbərliyi susursa, bu ölkənin bank sisteminə ağır zərbə kimi dəyərləndirilə bilər. Bundan sonra kim banklara etibar edə və güvənə bilər???

***

Beləliklə, Nərimanov RPİ-nin Baş müstəntiqi,  mayor Elnur Məmmədov şikayətə baxır və 2024-ci ilin iyul ayının sonlarına qədər, təxminən 8-9 ay  şikayətçini inandırır ki, iş icraatdır, darıxma, pulunuz qayıdacaq kartınıza. Şikayətdən sitat: «…Ancaq Elnur Məmmədov Saatlı rayon Polis Şöbəsinə rəis vəzifəsinə keçdikdən sonra, məlum olmuşdur ki, 21.04.2024-ci il tarixində, yəni 3 ay bu təyinatdan əvvəl və məni azdırmaq məqsədi ilə və ABB-nin xeyrinə, istintaq edilən 240066025 nömrəli cinayət işinin bu QƏRARI-nı qəbul etmişdir: “...cinayət törətmiş şəxs müəyyən edilmədiyinə görə işin icraatı əməli törətmiş şəxs müəyyən edilənədək dayandırılmalıdır”.

8

 Həmin Qərar bu günə kimi mənə rəsmi formada (poçt vasitəsi, mənim qəbul etdiyim imzamla) çatdırılmayıb. Bu özü vəzifədən sui-istifadə cinayətidir. Bəs niyə, polis istintaqçisı, ekspert-mütəxəssislər ABB-nin özünün, bu cinayət əməlini iştirakçisı olduğunu bir ehtimal kimi, rəsmi olaraq yoxlamayıblar? Müstəntiq E.Məmmədov iş yerini dəyişdirməsə idi, aydındır ki, hələ də saxta “icraatda” qalacağdı. Çox güman ki, cinayət işlərinə belə “ədalətli” baxıldığına görə, yeni yüksək vəzifəyə mükafatlandırılıb…».

 Saatlıya rəis göndərilənin qərarı ələ keçdi və…

Şikayətçi ilə söhbət edirik. Pulu Azərbaycan Beynəlxalq Bankda oğurlanan Rauf Hüseynli deyir: «…Mən təsadufən müstəntiq E.Məmmədovun bu bu Qərarını əldə etməyə nail olmuşam. Təəcsüblü Qərardır! Bəs mənim pul vəsaitimi kim qaytaracaq? İstintaq zamanı bütün tədbirlər tam mənim və mənim ailə üzvlərimin üzərində qurulmuşdur. Hamı, o cümlədən bizim hamımızın hansısa yolla Bank məlumatlarını kiməsə göndərdiyimizi sübut etməyə çalışırlar. Hətta kiber cinayətkarlığa qarşı ekspert-mütəxəssislər də cəlb etmişdilər. Amma bu alınmadı, alına da bilməzdi,  çünki bunu etmək üçün bizim nə kifayət qədər vaxtımız, nə də bacarığımız var idi. Polis işçiləri-müstəntiq isə bu günə kimi heç müəyyən etməyib ki, həmin dələduz hansı ölkədən, hansı telefon nömrəsindən dələduzluq yolu ilə mənim telefon nömrəmə daxil olub və bu cinayət törədilib. Çünki cinayət işinin materiallarında heç ABB-bankın bu işə aid rəsmi izahatı belə yoxdur, istehlakçının pul vəsaitini qorumaq və sığortalamaq üçün məsuliyyət daşıyan maliyyə təşkilatı olan bankın məsul şəxsləri dindirilməyib. Hansı səbəblərə və maraqlara görə??? Açıq deyim, müstəntiq bu cinayət işini saxtalaşdırmağa və müddətsiz uzadılmasına çalışırdı, zənnimcə, məqsəd hamıya aydındır. Çünki müstəntiq adı, sıravi vətəndaşın xeyrinə yüz milyonlarla bank əməliyyatları edən ABB-nin sahiblərinə qarşı çıxa bilməzdi, bu qadağandır. Vətəndaş illərlə nisbətən layiqlı qocalığına, xəstəliklərinə və dərmanlarına yığdığı  vəsaitini zənqin, iqtıdarda olan sahiblərə mübarizəsiz hədiyyə etməlidir. Çünki qanun zərər çəkənin tərəfində olsa da, dövlətin hüquq-mühafizə orqanları, məhkəmələr onların maraqlarının keşiyində möhkəm dayanmırlar. Bəs mən bu işlə məhkəməyə müraciət edə bilərəmmi? Baxmayaraq ki, Polisin Qərarı mənim xeyrimədir, heç bir məxfi məlumat nə mənim, nə də ailə üzvlərimin, tanışlarımın tərəflərindən paylaşdırılması istintaq tərəfindən müəyyən olunmadığı halda, güya mən, mənim üçün böyük olan vəsaiti əlavə sərf edərək, məhkəməni uda bilərəm??? Bu mümkün deyil. Adi insan, oliqarxlara qarşı çıxa bilməz, faydasızdır, bu, hələki bizim ölkədə qəbul olunmayan qanundur…».

Vətəndaş niyə çarəsiz duruma salınmalıdır???

 Şikayətçi deyir: «…Bilirsiz, mən bir neçə dəfə, məsələn, 17.11.2023; 25.01.2024; 26.08.2024-ci illər tarixlərində AR Mərkəzi (Milli) Bankın rəhbərliyinə bu məsəliyə aid çoxsaylı ərizələrlə müraciət etmişəm. Mərkəzi Bank öz tərəfindən  məsələyə aydınlıq gətirmək məqsədi ilə mənim ərizələrimi ABB-a göndərir və Mərkəzi Bank mənimlə birgə qarşı tərəfdən 3 cavab məktubları almışdır. Son ərizədə mən Mərkəzi Banka Nərimanov rayon Polis İdarəsinin müvafiq Qərarını təqdim edərək xahiş etmişəm ki, mənim təqsirli olmadığım sübut olan vəziyyətdə, pul vəsaitimin məbləğinin və onunla birqə maddi və mənəvi kompensasiyamın məbləğinin ABB tərəfindən ödənilməsində kömək edsinlər, eləcə də mənimlə ABB arasında bağlanmış Müqavilənin 2 nüsxədə olan əslindən bir nüsxəsini mənə qaytarsınlar. Çünki aramızda müqavilə bağlanan zaman məni xəbərdar etdilər ki, müqavilənin bir əslinin nüsxəsi, ancaq bankın depozit hesabı açılanda verilir, qalan hesablar açılanda, ancaq bank hesabından çıxarış verilir. Məndə bank hesabımın çıxarışı var, amma Məhkəmədə aramızdakı Müqavilənin əsli olmadığı halda iddia ərizəsini qəbul etmirlər. Aydındır ki, Bank mnlərlə müştərilərin apellyasiya şikayətinin təmin olunmasını çətinləşdirmək məqsədi ilə banka aid qanunu pozur…».

Milli Bank isə susur və gözləyir. Nəyi???

Şikayətçi təəssüf hissi ilə danışır: «…Beləliklə, Mərkəzi Banka yazdığım sonuncu ərizəyə 18.09.2024-ci il tarixi ilə 6-2/2-1286/2024 nömrə ilə ABB-dən cavab məktubu alındı. Cavabda deyilir: “...bankimız tərəfindən 13.11.2023-ci il tarixində təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsi ilə bağlı müştərinin nömrəsinə bildiriş SMS göndərilmişdir. Müştəri OTP kodunu təqdim etdiyi üçün ABB mobile tətbiginə qoşulan şəxs tam kartın aktivləşməsi və karta PİN kodun təyin edilməsi üçün müraciət etmiş və yenidən müştərinin nömrəsinə OTP kod göndərilmişdir. OTP kod müştəri tərəfindən təqdim edildiyi üçün kart tam aktiv edilmişdir. Bundan əlavə eyni tarixdə cəmi 10950 AZN məbləği M10 UP təyinatlı köcürmələrin icrası .... uğurla icra edilmişdir”. Bəli, ola bilər mən Milli Banka təqdim etdiyim və Polis İdarəsinin Qərarı ABB-a çatdırılmamışdır, hansı ki, 7 ay ərzində keçirilən istintaq zamanı  mənim bu məsələdə təqsirli olduğum müəyyən olunmamışdır. Onda ABB-nin nümayəndəsi mənə qarşı belə iddialarla çıxış etməzdi. Beləliklə, zərərşəkmiş vətəndaşı kimi, istəyirəm ki, mənim başıma gələn hadisə ilə əlaqədar, şəxsi rəyim olaraq, bəzi dövlət qurumlarının səriştəsiz və qərəzli olaraq öz vəzifələrinə yanaşan işçilər i barədə məlumat verim. Öncə, məlumatdırmaq istəyirəm ki, sosial mediada mütəmadi olaraq  ölkədə hər həftə yüz min manatlarla əmanətlərin dələduzluq nəticəsində Banklardan (insanların əzab-əziyyətlə qazanan əmanətlərindən) pul vəsaitləri çıxarılır. Bu faktdır. Hesablamaq çətin deyil, ayda, ildə və baş verən illərin hamısını toplasaq, milyonlarla manat pul vəsaiti olduğunu müəyyən etmək olar. Bizim vətəndaşlar və ölkədə yaşayan insanlar o qədər varlıdılar ki, belə münasibətə layiqdir? Əlbətdə yox. Maliyyə bazarında belə vəziyyətin baş verməsi bu sahənin tam nəzarətsiz olduğunun göstəricisidir. Belə vəziyyətdə Nazirlər Kabineti, xüsusən də Mərkəzi Bankdan, Maliyyə Nazirliyindən, DTX-dən, DİN-dən uzun müddətdir baş verənlərlə əlaqədar rəsmi izaat və bu vəziyyətin qısa zamanda sona çatmasının tədbirlər planı tələb edilməlidir. Amma baş verən vəziyyət, görünür bəzi dövlət qurumlarını az maraqlandırır. Yuxarıda dediklərimdən və əlavə təqdım etdiyim cinayət işi materiallarından nəticə hasil etmək olar ki, Nərimanov rayon Polis İdarəsinin məsul işçiləri  qanunlara zidd olaraq mənim şikayətimə aid çinayət işinin istintaqını əsassız olaraq uzadmaq məqsədi ilə qanunsuz qərar vermişlər. Mən bu günə kimi rəsmi (poçt vasitəsi ilə, imzamla) qəbul olunmuş Qərarı almadığıma və istintaq gedişi zamanı mənim əmanətimi qoruya bilməyən ABB-dən rəsmi izahat və müvafiq sənədləri almadığıma istinad edərək bu qərara gəlmişəm: Bu cinayətdə və əmanət oğurluğunda birbaşa ABB-nin özünün  hansısa nəzarətdən kənar işçisinin bu cinayətdə biröbaşa iştirakçılığı var!!!».

manat

 Şikayətçi əlavə olaraq deyir: «Gəlin bu məqamı təhlil edək. Bunun üçün Milli Məclisin “Mərkəzi Bank haqqında” Qanunun 5.1.10. maddəsində  “Əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi” maddəsinin niyə ABB-nin «Əsasnaməsi»nə daxil edilməməsi nəyə işarədir? Demək, ABB rəhbərliyi Qanunun bu maddəsini icra etməmək məqsədilə depozit əmanətlərdən başqa yerləşdirilən əmanətlərin Müqavilələrin müştərilərə düşən nüsxəsini verməkdən imtina edirlər. Niyə? Çünki məhkəmə mübahisəsi yaranan zanan müştəriyə sığorta məbləğini və kompensasiyanı ödəməmək üçün. Bu ciddi qanun pozuntusudur, cinayət əməlidir! Qanunda yerləşdirilən əmanətin növü onsuz da göstərilməyib. Banklara nəzarət edən Maliyyə Nazirliyi asanlıqla əmanət yerləşdirən istehlakçılara zəng edib, bunun doğru olduğunu yoxlaya bilər. Məsələn, qanunun 5.1.6. maddəsində deyilir ki, «Maliyyə bazarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, maliyyə bazarında tənzimləmə və nəzarətin, o cümlədən makroprudensial tənzimləmə və nəzarətin həyata keçirilməsi…” və s. Yaxşı, hansı sabitlik, dayanıqlıq, nəzarətdən və bizim maliyyə bazarımızdan danışmaq olar? Açıq deyirik, maliyyə bazarında vəziyyət kritik hala çatıb. Minlərlə insanlar halal zəhmətləri ilə qazandıqları pullar Bankların səriştəsiz fəaliyyətləri ucbatından keçirilir dələduz-cinayətkarların hesablarına. Vəziyyəti, ancaq qanunla səlahəti olan Mərkəzi Bank tənzimləyib  sabitləşdirə bilər. Amma aydındır ki, Mərkəzi Bankın rəhbərliyi vəziyyəti ya anlamayıb, ya düzgün giymət verə bilmirlər, ya da əl-qolları bağlıdır – yuxarıdan göstəriş gözləyirlər…».

***

…Beləliklə, atalarımızın bir məsəli var: əmanətə xəyanət olmaz!

İndi məlum olur ki, Hüseynli Rauf Murtuz oğlunun Azərbaycan Beynəlxalq Bankında əmanətinə xəyanət edilib! Bəs bu xəyanətkar kimdir???

İnanırıq ki, tezliklə buə manət xəyanətkarı da tapılacaq və Allah eləməsin ki, həmin xəyanətkarlığın izi ABB-dən çıxsın…

Mövzu diqqətimizdədir, araşdırma gedir, yenidən qayıdılacaq.

Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışırıq.

«Təzadlar»ın Araşdırma Qrupu

P.S.Şikayətçi Rauf Hüseynli sabah kontrastTV-nin canlı efirində qonağımız olacaq... Sensasion fakt və məlumatlar var!

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN