«Ramiz Mehdiyevin hesabına Ağdamdan ömürlük deputat etdirilən Bəxtiyar Əliyev və sosial psixoloğiya kafedrasının müdiri, Ramiz Mehdiyevin qızı Kəmalə Mehdiyeva düz 10 il müxtəlif bəhanələrlə C.Məmmədovun müdafiəsinə mane oldular…»
Kəmalə Mehdiyeva: “Mehriban xanım niyə Cabbarın elmi işinin müdafiəsi üçün onu bizim üstümüzə göndərib, elə özü elmi ad verərdi də…”
Sizcə, alimə dəyər verilməyəndə, elm necə inkişaf edə bilər ki?! Sentyabrın 9-da Azərbaycanda çox mühüm bir tədbir keçirildi. «Xaricdə Yaşayan Azərbayanlı Alimlərin Forumu» adlı tədbirdə Azərbaycan alimlərinin və ölkə elminin bu günü və gələcəyi əsas müzakirə mövzusu oldu. Amma və lakin…
***
Əlbəttə, belə bir forumun keçirilməsi təqdirəlayiqdir. Lakin mövcud vəziyyəti nəzərə alsaq, bilmək lazımdır ki, alimlərinin, yəni elmi dərəcəlilərinin sayı çox olan ölkədə niyə ciddi elmi nailiyyətlərə rast gəlinmir? Elə bir elmi nailiyyətə ki, dünya elmində adı və yeri olsun, Azərbaycanın iqtisadiyyatına hansısa xeyri olsun. Varmı?
***
Gəlirəm mətləbə: 25 ildir ABŞ-da yaşayan Virciniya Universitetinin professoru və universitet laboratoriyasının rəhbəri, dünya şöhrətli alim Xudu Məmmədovun tələbəsi Faiq Musayevin bu tədbirdə görünməməsi xeyli təəccüb doğururdu. F.Musayev Virciniya Universitetində iki dərman ixtira edib və üçüncüsünün də üzərində işləyir. 71 yaşlı professor F.Musayev bu tədbirdə mütləq iştirak etməli idi. Bunu mən, elə elmə və alimə göstərilən biganəliyin nəticəsi kimi qəbul edirəm. Alimə dəyər veriləməyəndə, elm necə inkişaf edə bilər?
İndi də gələk forum barədə deyilən fikirlərə. Əvvəlcə istəyirəm, elm və təhsil naziri Emin Əmrullayevin bu forumda çıxışından bir sitat gətirim və sonra fikrimə davam etdirərəm. E.Əmrullayev deyib: “Elm haqqında müzakirə aparmaq elmlə məşğul olmaqdan daha asandır. Müzakirələr hərəkətə keçmirsə, biz inkişaf görə bilmərik. Biz elmlə bağlı rəqəmlərə baxdıqda vəziyyətin nə yerdə olduğunu bilərik. Rəqəmlər heç də ürək açan deyil. Elmin inkişafı üçün on illiklər lazımdır. Müasir elmi tədqiqatlar çox böyük maliyyə tələb edir. Amma biz daha uyğun sahələrdə nailiyyət əldə edə bilərik. Kifayət qədər çox ictimai müzakirə var. Amma onların içərisində elm çox azdır...”
“Elm yoxdursa, Elmlər Akademiyası nə işlə məşğuldur?”
Kəmalə Mehdiyeva Az olar də. Alimə, elmə dəyər verilməyəndə, elm necə çoxala bilər? Elə ona görə də həmin forumdan bəhs edən yazıya qəzetlərin birində çox gözəl başlıq qoyulmuşdu: “Elm yoxdursa, Elmlər Akademiyası nə işlə məşğuldur?”
Nə işlə məşğul olacaq, domino oynamaqla. Elə alimlərimiz məşğul olmağa bir iş tapmadıqları üçün son 30 ildə dünyaya çıxa bilən bir elmi iş ortaya qoymayıblar. Tək-tük olan samballı alimlərimiz isə, sosial problemlərin əlində çabalayırlar.
Professor Məhərrəm Zülfüqarlı bir qəzetə verdiyi açıqlamada nazirin çıxışıyla qətiyyən razı olmadığını bildirərək deyib: “Nazir birbaşa problemlərin üstünə gəlməli və onları bir-bir qeyd etməli, səbəblərini açıqlamalı idi. O halda bu formun ilkin nəticələri alimlər, elm adamları üçün qənaətbəxş sayıla bilərdi. Elm və təhsil nazirinin çıxışında bildirilir ki, elm və təhsil sahəsində müəyyən problemlər var. Çox təəssüf ki, nazir çox mücərrəd danışdı və bununla da vəzifəsini bitmiş hesab etdi. Məncə, bu, məsələyə qeyri-ciddi münasibət bəsləməyin nəticəsidir. Yəni, nazir elm sahəsindəki konkret problemlərə toxunmalı və açıqlama, izah verməli idi. Eyni zamanda keçmiş dövrlə müqayisə aparmalı idi ki, son illər Azərbaycanda elmlə məşğul olanların sayı nə qədər azalıb? Bunun obyektiv və subyektiv səbəbləri nədir? Bunlara aydınlıq gətirməli idi ki, indiyə qədər açıq qalan suallar qapadılsın”.
Təbii ki, Azərbaycanda elmin inkişaf edilməsi üçün yaradılan şərait və ayrılan maddi vəsait yetərincə deyil. Yadımdadır ki, 4-5 il bundan əvvəl orta məktəblərdən birinin 10-cu sinif şagirdi olan bir qız yağış suyundan elektrik enerjisi almışdı. Uşağın bu işini beynəlxalq olimpiadada göstərməsi üçün yol pulu kimi ona 1000 manat pul lazım idi. Nə Təhsil Nazirliyi, nə də şou-biznes əhlinə ev bağışlayan hansısa iş adamı tərəfindən, gələcəyin alimi olacaq bu qız balamıza verməyə 1000 manat pul tapılmadı. Sonra da deyirik elm niyə inkişaf eləmir? Elmin niyə inkişaf eləmədiyini indi konkret misallarla göstərəcəyəm.
***
Azərbaycanda Ramiz Dəniz (Qasımov) adlı bir yazar var. Yazıçılar Birliyinin üzvü olduğundan bəzi yazarlar tərəfindən və müəyyən dairələrdə az-çox tanınır. Amma Azərbaycan elm və ictimaiyyəti bu adamın varlığından xəbərsizdir. Bəs kimdir Ramiz Dəniz? Bu yazarı Azərbaycan elm və ictimaiyyəti yaxından tanımasa da, mübaliğəsiz deyə bilərəm ki, bütün dünya tanıyır. Bəs nə iş görüb bu Ramiz Dəniz? R.Dəniz Nəsrəddin Tusinin davamçısı olaraq, bu sahədə dünyanın (təkcə Avropanı demirəm, məhz dünyanın - E.M.) bütün dillərində 477 kitabı çıxıb. Dünyanın heç bir yerində bu qədər kitabı çıxan ikinci bir alim, yazıçı, şair, akademik yoxdur. Öz kitablarında R.Dəniz həm N.Tusidən əvvəl, həm də sonralar coğrafiya alimlərinin səhvlərini tapır, nəyə görə səhvlər elədiyini göstərir. Eyni zamanda coğrafiya üzrə ayrı-ayrı ölkələrdə olan alimlər üçün qaranlıq qalan bir çox mətləblərə R.Dəniz öz kitablarında aydınlıq gətirərək işıq salır. R.Dənizin kitablarını dünya ölkələrinin qabaqcıl nəşriyyatları çap eləmək üçün özləri minnətçi düşürlər. "Braziliyanın müəmmalı kəşfi" kitabı ilə R.Dəniz bu ölkəni yenidən kəşf edib və braziliyalı alimlərin heyrətinə səbəb olub. ABŞ-ın dünyaca məşhur “Amazon” Nəşriyyatı heç bir ali təhsili olmayan R.Dənizin kitablarını dəfələrlə çap edib. Bu kitablar ingilis, alman, fransız, italyan, ispan, portuqal, rus, yunan və Afrika ölkələrinin dilləri olmaqla, bütün dünya dillərində çap olunaraq yayılıb. Avropada və dünyada R.Dənizin kitabları əsasında elmi işlər müdafiə olunur. Bəs niyə Azərbaycanda bu adamı geniş ictimaiyyət tanımır? Niyə bu insan Elmlər Akademiyasının işçisi yox, adi fəhlədir?
Bunun günahı Elm və Təhsil Nazirliyində və Elmlər Akademiyasında deyilmi? Sonra da deyirik dünya səviyyəsinə çıxa biləcək elmi işlərimiz yoxdur.
***
Ramiz Dəniz kimi başqa bir alimimiz də var. Onun da orta təhsili olmasına baxmayaraq, Avropa alimləri çox gözəl tanıyır və qəbul edirlər. Kimdir bu adam?
Yəqin Cabbar Məmmədovun adı elmi dairələrdə az da olsa tanınır. Bəs C.Məmmədov nə iş görüb? Daha doğrusu, nə iş görməyib deyilsə, daha yaxşı olar. Çünki C.Məmmədov bir yox, bir neçə elm sahəsində elmi nailiyyətlərin müəllifidir. Bu barədə bir az ətraflı danışmaq istəyirəm ki, “kifayət qədər çox ictimai müzakirə var, amma onların içərisində elm çox azdır” - deyən elm və təhsil naziri E.Əmrullayevin və Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin diqqətinə çatsın. O Elmlər Akademiyasının ki, onun Tarix və Etnologiya İnstitunun direktoru, professor Kərim Şükürov tarixi araşdırıb, elmi işlər ortaya qoymaq əvəzinə, bütün gücünü həqiqətləri söyləyən elmi işçi Günel Aslanlı və onun haqq səsini dərc edən qəzetlə mübarizəyə sərf edir. Belə olan surətdə hansı elmi inkişafdan danışmaq olar? Nə isə...
***
İndi də C.Məmmədovun elmi nailiyyətləri haqqında danışmaq istəyirəm. C.Məmmədov Albert Eynşteynin nisbilik nəzəriyyəsinin kökündəm yanlış olduğunu ortaya qoyub və onun yaratdığı yeni nəzəriyyə Avropa alimləri tərəfindən qəbul edilib. Bundan əlavə, C.Məmmədov nitq hissələrində zərfin, əvəzliyin, cümlə üzvlərindən isə tamamlığın artıq, yəni gərək olmadığını elmi əsaslar və düsturlarla sübut edib.
Məlum olduğu kimi, bu cümlə üzvləri 2500 il bundan əvvəl yunan alimləri tərəfindən necə yaradılıbsa, bu günümüzə qədər də eləcə istifadə edilir. Heç kim bunu təftiş edib, araşdırmaq istəmir ki, bu cümlə üzvləri və nitq hissələri müasir dövrün qanunları ilə ayaqlaşır, yoxsa yox? C.Məmmədov mərhum akademik, AMEA Ədəbiyyat İnstitunun sabiq direktoru Yaşar Qarayevin təbirincə desək, bu məsələyə nöqtə qoyub: “Məşhur alimlərimiz Dəmirçizadə, Çobanzadə cümlə üzvlərindən və nitq hissələrindən hansınınsa artıq olduğunu deyirdilər, amma tapa bilmirdilər. Nəhayət, bu məsələyə Cabbar Məmmədov nöqtə qoydu”.
Bu sözlərin müəllifi, elmin qədir-qiymətini bilib, ona dəyər verən mərhum Yaşar Qarayevə Allah qəni-qəni rəhmət eləsin.
C.Məmmədovun həm də psixologiyanın çox az işlənən təlqin nəzəriyyəsi haqqında yazdığı “Diplomatik psixologiya” kitabı Avropada əməlli-başlı rezonans doğurub. Bu kitab Azərbaycan dilində olsa da, ingilis dilində annotasiya yazılmaqla, ABŞ-ın Konqresmenlər Palatasının kitabxanasında saxlanılır. Kitabın hələ disket variantını 2002-ci ildə oxuyan MTN-nin o vaxtkı, adını unutduğum kəşfiyyat və əks-kəşfiyyat idarəsinin rəisi ona belə demişdi: “C.Məmmədov bizim bütün idarənin görə biləcəyi işi təkbaşına görüb. Mən dəhşətə gəldim”. Həmin şəxs sonra C.Məmmədovun işsiz olduğunu, həmçinin yataqxanada yaşadığını bilib AMEA-nın Riyaziyyat İnstitutunda onu kiçik elmi işçi kimi işə düzəlməsinə kömək etmişdi. Bu o ərəfə idi ki, Ulu Öndər Heydər Əliyev bir müəssisədə olarkən görüb ki, kompüterlər yazıları ingilis və latın dilinə çevirir, amma rus dilinə çevirmir. Ulu Öndər soruşur ki, niyə kompüterdə yazılar rus dilinə çevirmir? Cavab verilir ki, şəkilçilər mane olur. Bu zaman H.Əliyev təəccüb qarışıq, yanında dayanmış Prezident Aparatında humanitar şöbənin müdiri olmuş Fatma Abdullazadəyə üzünü tutaraq belə bir sual verir: “Bəs bu qədər alimlərimiz nə üçündür?” Bu tədbirdən sonra Ulu Öndər F.Abdullazadənin şöbəsinə 2 milyon manat pulun ayrılması barədə sərəncam imzalayır və 6 ay da vaxt verir ki, bu məsələ həllini tapsın. F.Abdullazadə özü və şöbəsi 4 ay puldan bala-bala yeyirlər, amma ortaya bir şey qoya bilmirlər. C.Məmmədov MTN-dəki o vətənpərvər insanın köməyi ilə işə düzəldiyi Fizika İnstitutunda bu proqramı yaradır. Bunu eşidən F.Abdullazadə dərhal öz emissarını C.Məmmədovun yanına təkliflə göndərir ki, “Sənə ayda 300 dollar əmək haqqı veririk, gəl iki ay bizimlə işlə”. Bununla da Fatma xanım istəyirdi ki, Ulu Öndərə yazıları rus dilinə çevirən proqramın özləri tərəfindən hazırlandığı barədə məlumat versin. C.Məmmədov haqlı olaraq bununla razılaşmır. Nəhayət, proqramın tapılması barədə o zaman bütün televiziyalar və qəzetlər məlumat yayır. Efirlərə isə proqramı hazırlayıb ortaya qoyan C.Məmmədov yox, Riyaziyyat İnstitunun şöbə müdirinin adı çəkilir, o isə çıxıb bəyan edir ki, bu proqramı biz tapmışıq. Heç C.Məmmədovun adı da çəkilmir və bu proqrama görə dövlət tərəfindən həmin şöbəyə 35 min dollar mükafat verilir. Bu pulun bir senti də C.Məmmədova çatmır.
Niyə veriləydi axı? Prezident Aparatında o boyda humanitar şöbənin baş bilənləri, Riyaziyyat İnstitutunun alimləri dura-dura, orta təhsilli C.Məmmədov belə bir proqramı necə tapa bilərdi? Rəzalətdir. Elmə, təhsilə verilən qiymət budur!
Hələ bu da son deyil. Hər yerdə elan olunmasına baxmayaraq həmin tərcümə proqram işləmir. Çünki C.Məmmədov proqrama xüsusi kod qoyubmuş. O pulları yeyənlərin isə C.Məmmədovdan kodu soruşmağa üzləri gəlmir. Məsələ böyüyür. O qədər böyüyür ki, Elmlər Akademiyasının o vaxtkı prezidenti, rəhmətlik Mahmud Kərimov C.Məmmədovu yanına çağıraraq belə deyir: “Oğlum, sənin başına gələnləri bilirəm, sənə qarşı haqsızlıq edilib. Artıq proqramın tapılması barədə hər yerdə məlumat verilib. Bu məsələ ilə bağlı Prezident Heydər Əliyev şəxsən maraqlanır, amma proqram işləmir. Sənin əsas probeminin nə olduğunu mən bilirəm. Bilirəm ki, A.Enşteynin nisbilik nəzəriyyəsinin yanlış olduğunu sübut etmisən və sənin yaratdığın yeni nisbilik nəzəriyyənin, cümlə üzvlərində tamamlığın, nitq hissələrində əvəzliyin və zərfliyin, həmçinin psixologiyanın təlqin nəzəriyyəsi barədə ortaya qoyduğun fundamental elmi işlərinin ingilis dilinə tərcümə olunub beynəlxalq arenaya çıxmasını istəyirsən. Sən bu tapdığın rus dilinə tərcümə proqramının kodunu mənə ver, mən də həmin bu işlərinin hamısının ingilis dilinə tərcümə edilib Avropa miqyasına çıxmağına kömək edərəm”.
Bəli, Allah Mahmud Kərimova qəni-qəni rəhmət eləsin. Cabbar ona kodu verir, o da verdiyi sözə əməl edərək, həmin işləri ingilis dilinə tərcümə etdirir.
Bundan sonra C.Məmmədovun adı çəkilən o elmi işləri Avropa elminin sıralarına qoşuldu və böyük müsbət rəylər gəlməyə başladı. Artıq Avropada Cabbarı professor kimi tanıyırlar və onu müasir linqivistikanın banisi hesab edirlər.
Berlin universitetinin professoru Cabbarın Nisbilik nəzəriyyəsi haqqında belə yazır: ”Hörmətli professor Məmmədov, Eynşteynin nəzəriyyəsi fizikanı tupikə salmışdı, sənin nəzəriyyən isə fizikanı tupikdən şıxaracaq”.
Moskva Dövlət Universitetinin Professoru yazır: ”Hörmətli professor Məmmədov, açıq etiraf edirəm, mən bunu bacarmazdım”.
Bu iki alimlər və Rusiya EA-nın Fizika İnstitutunun əməkdaşları Boris Bolotovskiy və Qriqoriy Malıgin Cabbarın professor olduğunu zənd ediblər. Daha bilmirlər ki, orta təhsilli C.Məmmədovu burada vecinə alan yoxdur... Buna baxmayaraq, Cabbarın elminə qiymət verən bir qrup vətənpərvər ziyalilarımız da var. Məhz belə ziyalı professor və akademiklərin bir qrupu- Akademik, Əməkdar Elm Xadimi Teymur Bünyadov, Əməkdar Elm Xadimi, professor Şahlar Əsgərov, Əməkdar Elm Xadimi, professor Nizami Cəfərov və AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitunun direktoru, professor Yusif Rüstəmov hörmətli Mehriban xanım Əliyevaya təxminən belə bir məzmunda müraciət edirlər: “Hörmətli Mehriban xanım, Cabbar Məmmədov adlı talantlı bir gənc barəsində Sizə müraciət etmək qərarına gəlmişik. Bu gəncə nazirlər, deputatlar, AMEA-nın rəhbərləri, üzvləri və digər səlahiyyətli və tanınmış insanlar kömək etmək istəyiblər, ancaq heç bir nəticə əldə edilməyib. Bu məsələyə daha qüdrətli əlin qatılmasına ehtiyac vardır. Bu səbəbdən də Sizə müraciət edirik. Problemin məğzi bundan ibarətdir ki, C.Məmmədov bir çox elm sahələrində çox əhəmiyyətli elmi nəticələr əldə edib. Bu nəticələrin hər biri istər Azərbaycanda, istərsə də xarici elmi dairələrdə orijinal və elm üçün əhəmiyyət kəsb edən ciddi işlər kimi dəyərləndirilib. Maraq doğuran cəhət budur ki, o, bu nəticələri heç bir ali məktəb bitirmədən əldə edib...”
Məktubun sonunda alimlər Mehriban xanımdan xahiş edirlər ki, Ali Attestasiya Komissiyasına (AAK) müraciət edilsin və istisna hal kimi C.Məmmədovun elmi işin müdafiəsinə buraxılması üçün AAK-nın komissiyasında yoxlanılsın”.
Hörmətli Mehriban xanım Əliyevanın müraciəti əsasında C.Məmmədovun Prezident yanında AAK-ın xüsusi komissiyasında yoxlamadan keçirilməsi üçün razılıq verilir. Komissiyanın üzvü olan 34 nəfərdən ibarət professor və akademiklərin yoxlanışından, sual-cavablarından C.Məmmədov yüksək səviyyədə keçir və psixologiya üzrə elmi işin müdafiəsinə buraxılır.
Yenə də Azərbaycanın bütün televiziya və qəzetləri belə bir məlumat yaydılar ki, C.Məmmədov keçmiş SSRİ məkanında yeganə adamdır ki, orta təhsillə elmi işin müdafiəsinə buraxıldı. Lakin Bakı Dövlət Universitetinin Ümumi Psixologiya kafedrasının müdiri, eyni zamanda BDU-da psixologiya üzrə Elmi Şuranın sədri, Ramiz Mehdiyevin hesabına Ağdamdan ömürlük deputat etdirilən Bəxtiyar Əliyev və sosial psixoloğiya kafedrasının müdiri, Ramiz Mehdiyevin qızı Kəmalə Mehdiyeva düz 10 il müxtəlif bəhanələrlə C.Məmmədovun müdafiəsinə mane oldular. Kəmalə xanım açıq səslə belə deyir: “Mehriban xanım niyə Cabbarın elmi işinin müdafiəsi üçün onu bizim üstümüzə göndərib, elə özü elmi ad verərdi də…”.
Elə həmin dövrlərdə R.Mehdiyev elmi işlərlə bağlı bir məqaləsində belə yazmışdı: “Son 10 ildə dövlətçilik baxımından yazılmış yeganə kitab Cabbar Məmmədovun “Diplomatik psixologya” kitabıdır. Deməli, Kəmalə Mehdiyeva həm atasının, həm də hörmətli Mehriban xanımın əleyhinə gedərək, Bəxtiyar Əliyevlə birlikdə Cabbar Məmmədovun psixologiyadan elmi işi müdafiə etməsinə əngəl oldular. Nəticədə elmi işi müdafiə etmək üçün verilən 10 illik müddət bitdi və C.Məmmədov psixologiyadan olan yeni elmi işini müdafiə edə bilmədi. Bununla da, təbii ki, Kəmalə xanım və Bəxtiyar Əliyev yox, Azərbaycan elmi itirdi... Rəhmətlik Xoşbəxt Yusifzadə Cabbarın elmi işlərinə yüksək dəyər verirdi və ömrünün sonuna qədər də müdafiə müddətinin bərpa edilməsi üçün çox çalışdı.
***
C.Məmmədovun haqqında daha bir maraqlı faktı elm və təhsil naziri E.Əmrullayevin və Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin diqqətinə çatdırıram: Rusiyada “29 fevral” televiziya kanalı var ki, onlar yeni elmi işlər haqqında sənədli filmlər hazırlayıb Avropada beş dildə yayırlar. Növbəti çəkiliş üçün mövzu nisbilik nəzəriyyəsi haqqında olmalı idi. Bunun üçün onlar Rusiya Elmlər Akademiyasının nizbilik nəzəriyyəsi üzrə akademiki Q.Malıginə müraciət edirlər. Akademik onlara belə cavab verir: “Dünyada nisbilik nəzəriyyəsi üzrə nadir mütəxəssislərdən biri Azərbaycanda yaşayan Cabbar Məmmədovdur. Yaxşı olar ki, gedib ondan film çəkəsiniz”. Bu, elə-belə sadə bir fakt deyil. Görün, C.Məmmədov haqqında o boyda akademik necə deyib? C.Məmmədov Azərbaycanda yaxşı tanınmasa da, Avropada artıq yetərincə tanınır. Beləliklə, həmin “29 fevral” televiziya kanalının C.Məmmədov və onun yaratdığı yeni nisbilik nəzəriyyəsi haqqında, öz xərcləri ilə Bakıda gəlib çəkdikləri sənədli film, bu ilin yazında Sankt-Peterburqda keçirilən beynəlxalq festivalda birinci yeri tutub. Amma bu barədə Azərbaycanın heç bir televiziya və mətbuatında məlumat getmədi.
İndi sual edirəm, hörmətli Emin Əmrullayev və İsa Həbibbəyli, Azərbaycan elminin və aliminin dünyaya səs salması üçün daha nələr lazımdır? Sonra da hörmətli Emin müəllim deyir ki, “elmi müzakirə çoxdur, elm isə azdır”. Axı gözümüzün qabağında Ramiz Dəniz (Qasımov) və Cabbar Məmmədov nümunəsi var ki, yeni elmi nailiyyətləri ilə Avropaya və dünyaya səs salıblar.
C.Məmmədov deyir ki, “Bir pullu iş adamı dursun qabağa, ilkin olaraq müəyyən vəsait xərcləsin, az müddətdən sonra mən ona həmin vəsaitin on qatını qazandıra bilərəm”.
***
Sonda onu da qeyd edim ki, həm R.Dəniz, həm də C. Məmmədov birinci Qarabağ müharibəsinin iştirakçılarıdır və hər ikisi hazırda Qarabağ Veteranıdır. Bu, o deməkdir ki, vətənə canları və zehinləri ilə xidmət edənlər, öz elmi kəşfləri ilə vətəni dünyada layiqincə təmsil edənlər heç kimə lazım deyil...
Qısası, alimlərimizə sahib durmalıyıq ki, böyük alim Xudu Məmmədov demiş, elimiz və elmimiz köməyimiz olsun… Biz nə vaxta kimi iqtisadiyyatımızı neftdən asılı edəcəyik? Axı niyə iqtisadiyyatımız azərbaycanlı alimlərin yaratdığı yeni elmi nailiyyətlərdən asılı olmasın?!.
Elçin Məmmədli