...Ötən yazılarımın birində qeyd etdiyim kimi, qocaman jurnalist dostum Adil İrşadoğlu ilə Az.Tv-də uzun illər bir yerdə çalışmışıq.
O zaman o, cavan, yaraşıqlı bir gənc idi. Hamı ilə dostluq edirdi, deyib-gülürdü, zarafatlaşırdı. Sovet dövləti çökəndən sonra Şirkətdə köklü dəyişikliklər baş verdi. Xain qonşu dövlətlər ölkəmizə hücum etdilər, dünyanın böyük qüvvələri bizi müharibəyə sürüklədi.
Həmin o gərgin günlərdə, aylarda Adil İrşadoğlu heç nədən qorxub çəkinmədən Azərbaycan Dövlət Televiziyasının Şuşa şəhərində yerləşən ötürücü stansiyasının nəzdindəki balaca bir otaqda yaratdıqları studiyadan daşnaqların təbliğatına qarşı əks təbliğatla məşğul idi.
Xalqımızın fəxri, vüqarı sayılan Pənahəli xan Cavanşirin nəslindən olan jurnalist Adil İrşadoğlu Şuşadan qayıtdıqdan sonra bir müddət televiziyanın "Sənaye şöbəsi"nin müdiri işlədi.
Ağdamın işğalından sonra Adil şöbə müdirliyini buraxdı, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlindən gələni əsirgəmədi. Fikri-zikri Qarabağda qalmışdı, Bakıda dözmədi, yenə könüllü cəbhəyə yollandı. 1996-ci ilin axırınadək cəbhənin müxtəlif bölgələrində oldu və tamaşaçıların intizarla gözlədiyi maraqlı verilişlər hazırlayıb efirdə göstərdi. Həmin verilişlər Adilin və onun çəkiliş qrupunun canı və qanı bahasına başa gəlmişdir. Onlar - Adil İrşadoğlu, Tahir Qarayev, Fikrət Hüseynov, Tofiq Ataxanoğlu, Ramiz Rüstəmov, Əlövsət Aslanov, Rövşən Əliyev Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və həmin hadisələrin işıqlandırılmasında yaxından iştirak etmiş vətən fədailəridirlər. Adil İrşadoğlu çəkiliş qrupunun üzvləri ilə Ağdamın Güllücə, Ağdərənin Şıxarx (Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülmış ermənilər Şixarxın adını dəyişib Marquşavan qoymuşdular), Goranboyun Gülüstan yaşayış qəsəbələri uğrunda gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində mühasirədən qurtulmuşdur. Adil İrşadoğlu 1-ci Qarabağ müharibəsində düşmənlə üz-üzə döyüş səhnələrini çəkib veriliş hazırlayan və efirdə göstərən fərqli jurnalistdir.
O, AzTv-də işləyə-işləyə Azərbaycan Dövlət Nəşriyyatında - Prezidentin İşlər İdarəsinin tabeliyində olan MMC-də İxtiyar Şirinovun təsisçiliyi ilə "DE FAKTO" adlı qəzetin bünövrəsini qoydu. Qəzetin qurucusu həm də onun ilk baş redaktoru oldu. Bu qəzet qısa müddətdə populyar qəzetə çevrildi. AzTv-dən acıq edib ayrılandan sonra Adil İrşadoğlu gücünü həmin qəzetin daha da inkişafına yönəltdi.
Qısa müddətdə qəzet geniş oxucu kütləsinin böyük rəğbətini qazandı. Başqa qəzetlər köşklərdə yığılıb qaldığı halda 10 min tirajla buraxılan "DE FAKTO" qəzeti satışa gəlməyilə qurtarmağı bir olurdu. Yorulmaq bilməyən Adil İrşadoğlu qəzetin bütün proseslərinə - çap üçün kağızın təchizatına, redaksiyaya gələn yazıların redaktəsinə və çapına, qəzetin satışına özü nəzarət edirdi. Buna görə də nəşriyyatda onu gözü götürməyənlər peyda oldular və qəzetin çapına müxtəlif əngəllər törətməyə və özünə təzyiqlər göstərməyə başladılar. Nəticədə Adil İrşadoğlu min bir zəhmətlə ərsəyə gətirdiyi qəzetin işini dayandırmalı oldu. Lakin o, bununla ruhdan düşmədi. Müstəqil jurnalistliyini bugünədək davam etdirir.
Düşünürəm ki, dostluq sadiq qalmağı bilənlər üçündür. O, tez-tez bizə gəlir, çay süfrəsi arxasında əyləşib olub-keçənlər barədə söhbət edirik, deyib-gülürük.
Adil İrşadoğlu Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbini (1968-1972 ) fərqlənmə diplomu ilə bitirib. Onu bu illər ərzində (30 ildən çox bir müddətdə) nə qədər dilə tutdumsa faydası olmadı. Bircə dəfə də olsun Adil tarını sinəsinə basıb dilləndirmədi. Hər dəfə mənə deyir ki, "qaqa", vallah əlim gəlmir. Ürəyim dərdnən doludur. Mən o tarı necə dilləndirim ki, quduzlaşmış hay tayfası ruslarla, farslarla birləşərək yurdumu-yuvamı yaman günə qoyublar. Qismət olar, nə vaxt ilanın başı möhkəm əzilər, o zaman birlikdə Ağdama gedərik. Ürəyin nə qədər istəsə səninçün o tarı dilləndirərəm, ürəyimdən tikan çıxar. Birlikdə o gözəl günü qeyd edərik.
NOYABR ayının 1-i əziz və hörmətli jurnalist qardaşım Adil İrşadoğlunun doğum günüdür. Dostumu 71 yaşının tamam olması münasibətilə qəlbən təbrik edirəm və eyni zamanda onun ürəyindən keçənləri, arzu və istəklərini qısa da olsa nəzmə çəkərək oxucularımızın, daha doğrusu, Adil İrşadoğlunu sevənlərin diqqətinə çatdırmağı özümə borc bilirəm.
Əsən külək, apar məni o yerə,
Qoy sevinim ürəyimcə bir kərə,
Neçə ildir o yerlərə həsrətəm,
Ürəyimi parçalayır kədər, qəm,
Neçə ildir yurdum-yuvam dağılıb,
Ev-eşiyim talan olub, boş qalıb,
Apar məni, o yerləri gəzim bir,
Titrək qəlbim dumandadır, çəndədir,
O yerlərin mehi dəysin üzümə.
Şəfqət gəlsin, işıq dolsun gözümə.
Başım üstə açıq-aydın bir səma,
Əsən külək apar məni Ağdama...
Soran olsa, hara gedir bu ADİL?
- Yolum qardaş, Ağdamadır, Ağdama...
Lətif Niftəli oğlu Vəlizadə
(Xüsusi olaraq "Təzadlar" üçün)