2027-ci ilə qədər Rusiya qazının Avropa İttifaqına tədarükü tamamilə kəsiləcək.
Tezadlar.az TRT-Haber-ə istinadla bildirir ki, bu barədə Reuters məlumat yayıb. Bildirilir ki, Avropa İttifaqı Rumıniyanın perspektivli Qara dəniz yatağı olan Neptun Deep vasitəsi ilə təmin ediləcək. Mövcud məlumata görə, yatağın işlənməsi ilə məşğul olan Avstriyanın OMV şirkəti artıq alıcı kimi Almaniya ilə ilk müqaviləni imzalayıb. Alıcı Almaniyanın Uniper şirkətidir və o, beş il ərzində 1,7 milyard kubmetr qaz alacaq. Bu həcm 2024-cü ildə Almaniyanın qaz idxalının 1,5%-ni təşkil edir. Qara dənizin Rumıniya şelfindəki Neptun Deep dərinsulu yatağından qazın tədarükünün 2027-ci ildə başlanması gözlənilir. Çıxarılan ehtiyatlar 100 milyard kubmetr qiymətləndirilir, 2012-ci ildə isə yatağın açılışı zamanı 42-84 milyard kubmetr gözlənilirdi. Belə ehtiyatlara malik olan yataq Avropa İttifaqında ən böyük yataqlardan biri hesab olunur. Neptun Deep istismara verildikdən sonra Rumıniya ilk dəfə olaraq Avropa İttifaqında ən böyük qaz istehsalçısı və xalis ixracatçısına çevriləcək. Hazırkı proqnozlara görə, hasilatın zirvəsində olan Neptun Deep 10 il ərzində təxminən 8 milyard kubmetr qaz hasil edəcək. Nəticədə Rumıniyada qaz hasilatı demək olar ki, iki dəfə artacaq. Reuters agentliyinin məlumatına görə, Qara dənizin Rumıniya sektorunda qaz ehtiyatları 200 milyard kubmetr təşkil edir.
Məlumat üçün bildirək ki, bütün boru kəmərləri ilə Avropaya verilən qazın ümumi həcmi 2023-cü ildə 27-28 kubmetr, 2024-cü ildə isə 32,1 milyard kubmetr təşkil edib. 2023-cü ildə Ukrayna marşrutu ilə Avropaya 14 milyard kubmetrdən çox, 2024-cü ildə isə 15,4 milyard kubmetr qaz Avropaya daxil olub. Bu, Avropanın tələbatının təxminən 5%-ni təşkil edir. Beləliklə, Ukrayna tranzitinin dayandırılmasından sonra "Qazprom" Avropaya ixracının təxminən yarısını itirib. Lakin Macarıstanla yanaşı, Serbiya və Balkan ölkələrini də təmin edən Türkiyə axını ilə transferlərin həcmi arta bilər.