Bu gün xalqımızın dəyərli ziyalılarından biri, tanınmış hüquqşünas alim, Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının müdiri(2002-ci ildən), Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Rusiya Hüquq Elmləri Akademiyasının üzvü, hüquq üzrə elmlər doktoru, professor Alış Qasımovun 65 illik yubileyidir.
Alış Məmiş oğlu Qasımov 1960-cı il yanvarın 10-da Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olmuşdur.1988-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmiş, 1989-cu ilin fevralından orada çalışmağa başlamışdır. Metodist, müəllim, baş müəllim, dosent, dekan müavini, dekan əvəzi vəzifələrində işləmiş, 2002-ci ildən Əmək və ekologiya hüququ kafedrasının müdiridir.
1994-cü ildə namizədlik(fəlsəfə doktoru), 2003-cü ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1995-ci ildə
dosent, 2010-cu ildə professor elmi adlarını almışdır. Prof.A.M.Qasımovun elmi rəhbərliyi altında 7 doktorant və dissertant hüquq üzrə fəlsəfə doktoru dissertasiyası və 1 nəfər hüquq üzrə elmlər doktoru dissertasiyası müdafiə etmişdir. O, hazırda 2 doktoranta elmi rəhbərlik edir. Prof.A.M.Qasımov 1996-cı ildə milli dildə ilk dəfə nəşr olunmuş “Əmək hüququ” dərsliyinin həmmüəlliflərindən biridir. Onun məsul redaktorluğu və həmmüəllifliyi ilə respublikamızda ilk dəfə 2006-cı ildə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Kommentariyası” hazırlanmış və nəşr olunmuşdur. O, 3 dərsliyin, 13 dərs vəsaitinin, 11 monoqrafiyanın, 10 kitabın, 400-dən çox məqalənin, 15 tezisin müəllifi və 100-dən çox proqramın
tərtibçisidir.
***
Prof.A.M.Qasımov xaricdə nəşr olunmuş bir sıra kitabların: “Трудовой договор (контракт): баланс сил и баланс интересов” (Москва, 2000, həmmüəllifliklə), “Взаимная материальная ответственность в трудовом праве Азербайджанской Республики” (Москва, 2002), “Правовое регулирование трудовых споров в контексте способов защиты трудовых прав” (Москва, 2013, həmmüəllifliklə) müəllifidir.O, Azərbaycan Respublikası Təhsil Nazirliyi Vahid Elmi-Metodik Şurasının “Dövlət və Hüquq” bölməsinin katibi, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-Məsləhət Şurasının, birdəfəlik dissertasiya Şuralarının sədri, sədr müavini, üzvü, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının sədr müavini və üzvü olmuşdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, Rusiya Hüquq Elmləri Akademiyasının, Rusiya Əmək hüququ və sosial təminat hüququ Assosiasiyasının, 2 yerli və 3 xarici elmi jurnalın redaksiya heyətinin üzvüdür.
Prof.A.M.Qasımov yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanmasındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə “Fəxri Fərmanla”, 2009-cu ildə “Tərəqqi” medalı, 2010-cu ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. O, 2014-cü ilin nəticələrinə əsasən BDU üzrə “İlin alimi” fəxri adı, 2016-cı ildə “Həmkarlar ittifaqında xidmətlərinə görə” medalı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin 1 mart 2021-ci il tarixli qərarı ilə “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illiyi (1920-2020)” yubiley
döş nişanı; Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 24 dekabr 2019-cu il tarixli qərarı ilə “Azərbaycan vəkilliyinin 100 illiyi (1919-2019)” yubiley döş nişanı; Azərbaycan Respublikası Təhsil nazirinin 25 noyabr 2019-cu il tarixli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunmuşdur.
Universitet kollektivinin dərin rəğbətini qazanmış səmimi insan, xeyirxah və nəcib ziyalı olan professor Alış Qasımovu şərəfli yubileyi münasibətilə təbrik edir, ona yeni uğurlar arzulayırıq.
Fikrət ŞİRİYEV
"Təzadlar"dan: tanınmış alim, professor Alış Qasımovu oxucularımız adından səmimi qəlbdən gələn arzularla təbrik edir, ona daha böyük elmi yaradıcılıq və uzun ömür arzulayırıq!