Söküntüsünə başlanan "Şuşa" restoranının ərazisi park statusuna malik olmasına baxmayaraq, illər öncə özəlləşdirilib və qeyri-qanuni olaraq sənədlər əldə edilib.
Tezadlar.az xatırladır ki, bu barədə Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd olunub ki, sahibkara alternativ ərazidə iaşə obyekti təklif olunsa da, o, bundan imtina edib: Sitat: "Həmçinin parkda yerləşən ağaclara aqrotexniki qulluq göstərilməməsi və nəticədə onların quruması, parkın ərazisində yanğın təhlükəsi yaradacaq fəaliyyətlərin göstərilməsi, nəzarətsiz tonqal qalanması və ətraf ərazilərin bərbad vəziyyətdə olması isə ətrafda yaşayan sakinlərin haqlı narazılığına gətirib çıxarırdı. Bütün bunları nəzərə alaraq, sözügedən restoran binasının sökülməsi və park ərazisinin abadlaşdırılması qərara alınıb”.
İcra Hakimiyyətindən qeyd olunub ki, hazırda məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır, sahibkarın mülkiyyət hüququnun pozulması halı təsdiq olunarsa, qarşı tərəfə qanunamüvafiq kompensasiya ödəniləcək.
Qeyd edək ki, sosial şəbəkədə Bakının Nərimanov rayonunda yerləşən "Şuşa" restoranının sökülməsi ilə bağlı videokadrlar paylaşılıb.
SUAL OLUNUR: Söküntüsünə başlanan "Şuşa" restoranının ərazisi park statusuna malik olmasına baxmayaraq, illər öncə özəlləşdirilib və qeyri-qanuni olaraq sənədlər indi əldə edilibsə, bəs niyə bundan İH rəhbərliklərinin xəbəri olmayıb? Bəs Bakının yaşıllıqlarına cavabdehlər niyə uzun illərdir susublar? Halbuki adı çəkilən parkın ərazisində (Respublika Stadionundan başlayaraq) onlarla kafe və restoran fəaliyyət göstərir) bu cür qanunsuz tikilidə istirahət edənlərin bir çoxu elə indi onun qanunsuz olduğunu deyənlər idi...
A.Məmmədli