Türkiyənin xarici işlər naziri Hakan Fidan Livandakı atəşkəs razılaşmalarının Yaxın Şərqdəki münaqişənin tam həlli üçün kifayət etmədiyini bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə o, İstanbulda media nümayəndələri ilə görüşdə bildirib.
"İsrailin təcavüzü Livanda böhrana gətirib çıxarıb. Bu gün Livanda qüvvədə olan atəşkəs razılaşmalarının olmasına baxmayaraq, biz orada humanitar böhranla üzləşmişik, bunun nəticəsində bir milyondan çox insan öz yaşayış məntəqələrini tərk etmək məcburiyyətində qalıb. Atəşkəsin özü "bölgəmizdəki yanğını söndürmək üçün kifayət deyil. Fələstində axan qan dayanmasa, bölgədə sülh və əmin-amanlıq olmayacaq", - nazir deyib.
Fidan Türkiyənin "Yaxın Şərq nizamlanması üçün bütün mövcud səyləri aktiv şəkildə dəstəklədiyinə" işarə edib.
“Yaxın Şərqdə daimi sülh iki dövlətli həll tələb edir. Fələstinlilər öz vətənlərində vətənsiz, torpaqsız qala bilməzlər. Bu tarixi ədalətsizlik düzəlməzsə, Fələstin məsələsinin ədalətli və yekun həllinə nail olmaq mümkün olmayacaq”, – Fidan əlavə edib.
E.ŞİRİNOV