Uzun illər Azərbaycan jurnalistlərinin məbədi sayılan "Azərbaycan nəşriyyatı" artıq bundan sonra MMC kimi fəaliyyətini davam etdirəcək...
Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” MMC-ni dövlət qeydiyyatına alıb. Yeni kommersiya qurumu nəşriyyatın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında qeydiyyatdan keçib.Onun nizamnamə kapitalı 4 078 550 manat, qanuni təmsilçisi isə gözlənildiyi kimi Leyla Ağa Əli qızı Güləliyevadır. Xatırladaq ki, Nazirlər Kabineti bu il yanvarın 15-də “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Azərbaycan” Nəşriyyatının təşkilati-hüquqi forması dəyişdirilib, nəşriyyat kommersiya qurumuna çevrilib.
***
Uzun illər diqqətdən kənarda qalmış nəşriyyatda artıq yeni ab-hava hiss olunmaqdadır. İnanırıq ki, nəşriyyat keçmiş ənənələrini tezliklə özünə qaytaracaq və nəşriyyatdan köçüb getmiş redaksiyalar geri qayıdacaq, bura KİV-lərin əvvəlki məbədi kimi diqqətdə olacaq...
A.Məmmədli