Xəbər verildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev son vaxtlar barəsində səslənən ittiham və tənqidlərə sərt reaksiya verib. Dünən "Təzadlar"ın rəsmi saytında AMEA-nın saytına istinadla AMEA-nın mətbuat xidmətinin həmin rəsmi cavab- açıqlaması yayılmışdır.
Cavabda Ramiz Mehdiyev ona qarşı başlanan hücumların sifarişli olduğunu açıq mətnlə bəyan etməsi başa düşüləndir. Lakin həmin cavab mətninə diqqətlə baxanda mətnin məhz R.Mehdiyev tərəfindən yazıldığı tam təsdiqini tapır. Cavab mətnində çoxsaylı məqamlar var. Bunlardan biri və bəlkə də ən maraqlısı R.Mehdiyevin deputat Etibar Əliyevin saxta yolla millət vəkili olmasının bir daha təsdiq edilməsidir. Sitat: «…Son günlər bəzi KİV-lərdə AMEA-ya və şəxsən onun prezidenti akademik Ramiz Mehdiyevə qarşı növbəti qaralama və böhtan kampaniyası həyata keçirilməkdədir. Açıq-aşkar sifariş mahiyyəti daşıyan və diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmağa hesablanmış bu tamaşanın birinci pərdəsində əsas rollar xalq arasında daha çox… Milli Məclisin ənənəvi növbətçi trollarından olan Etibar Əliyev kimi saxta deputatlarına ayrılmışdır. Maraqlıdır ki, Etibar Əliyev elə bir məşhur personajdır ki, haqqında uzun-uzadı danışmağa belə lüzum yoxdur. Etibar Əliyev də həmkarı Fəzail Ağamalı kimi Milli Məclisə biabırçı şəkildə düşüb. Digər tərəfdən bu adamın pul müqabilində illərlə ona-buna qarşı sifarişli yazılar yazdığı, böhtanlar atdığı bilinən bir həqiqətdir. Etibar Əliyev öz mahiyyəti və davranışı etibarı ilə daha çox Üzeyir bəy Hacıbəyovun “O olmasın, bu olsun” əsərindəki 5-10 manat qarşılığında hər kəsi ləkələməyə hazır olan saxta qələm sahibi Rzaqulu bəyi və Əbdürrəhim bəy Haqverdiyevin “Ac hərflər” əsərində “İftira” qəzetinin tənqidi və tərifi bir kotlet müqabilində alınıb-satılan müxbirini xatırladır. Fərq yalnız ondan ibarətdir ki, bu iftiraların daha ucadan səslənməsi üçün Etibar Əliyevi millət vəkili təyin edib ona ciddi don geyindirməyə çalışıblar, ancaq görünən odur ki, bunu bacarmayıblar. Yeri gəlmişkən bir neçə gün bundan öncə “Xural TV” internet televiziyasının rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı Etibar Əliyevin kəsb etdiyi mahiyyət və məzmun haqqında olduqca sərrast ifadələr səsləndirdi və hesab edirik ki, həmin fikirlərə nə isə əlavə etməyə də lüzum yoxdur…»
Etibar Əliyevin saxta deputatlığı təsdiqləndi…
Əvvəla xatırladaq ki, akademik Ramiz Mehdiyev uzun illər Prezident Administrasiyasının rəhbəri kimi parlament seçkilərini idarə edən, nəzarətdə saxlayan siyasi şəxs olub. Deməli, o, Etibar Əliyevin parlamentə necə və hansı saxtakarlıqla düşdüyünü gözəl bilir… İkincisi, R.Mehdiyevin «…Milli Məclisin ənənəvi növbətçi trollarından olan Etibar Əliyev kimi saxta deputatları…» ifadəsi yetər ki, Etibar Əlyiyevin kimliyi bəlli olsun.
Ramiz Mehdiyev Etibar Əliyevin reketçiliyini ən yüksək tribunadan təsdiqlədi…
Bundan əlavə, Akademik Ramiz Mehdiyev Etibar Əliyevin böhtançı olduğunu və sifarişli yazılar yazmasını da bir daha təsdiqlədi. Sitat: «…Digər tərəfdən, Etibar Əliyein pul müqabilində illərlə ona-buna qarşı sifarişli yazılar yazdığı, böhtanlar atdığı bilinən bir həqiqətdir. Etibar Əliyev öz mahiyyəti və davranışı etibarı ilə daha çox Üzeyir bəy Hacıbəyovun “O olmasın, bu olsun” əsərindəki 5-10 manat qarşılığında hər kəsi ləkələməyə hazır olan saxta qələm sahibi Rzaqulu bəyi və Əbdürrəhim bəy Haqverdiyevin “Ac hərflər” əsərində “İftira” qəzetinin tənqidi və tərifi bir kotlet müqabilində alınıb-satılan müxbirini xatırladır. Fərq yalnız ondan ibarətdir ki, bu iftiraların daha ucadan səslənməsi üçün Etibar Əliyevi millət vəkili təyin edib ona ciddi don geyindirməyə çalışıblar, ancaq görünən odur ki, bunu bacarmayıblar…».
Bəli, yetənə yetib, yetməyənə daş atan, daha doğrusu, Ramiz Mehdiyevin təbirincə desək, pul verəni tərifləyib, verməyəni şantaj edən Etibar Əliyevin «təhsil ekspert»liyi və özü kimi deputatlığının da saxta olduğu təsdiqlənirsə, bu artıq o deməkdir ki, Milli Məclisin aidiyyəti qurumları bu məsələni araşdırmalı, Etibar Əliyevin vaxtından əvvəl geri çağırılması təmin edilməlidir. Əgər o saxta yolla seçilibsə, seçiciləri də ona etimadsızlığını (özünün etibarsızlığı artıq sübut edilir) ortaya qoymalıdır…
«Təzadlar»