Niyə pullu xidmət həkimə olar, repetitora olar, vəkilə olar, TV-lərə olar, ASAN Xidmətə olar, dil öyrədənə olar, mollaya da olar, dəlləyə də olar, amma jurnalistə olmaz???

Ötən həftə bu məzmunda məqalə ilə çıxış etdik və böyük rezonansa səbəb oldu. Belə ki, redaksiyaya hər gün neçə-neçə şikayətçi gəlir. Hərənin bir qucaq dərdi və problemi var…  Onları dinləyirik, probleminin həllinə çarə axtarırıq… Əgər şikayət ciddidirsə, yerində araşdırırıq, aidiyyəti dövlət qurumlarına sorğu veririk, cavab alırıq, günlərlə vaxt itiririk… Hətta dəfələrlə olub ki, şikayət hansısa rayonla bağlı olub, əməkdaşımız Lerikə, Qubaya, Naxçıvana, Ağdama, Gəncəyə, Qazaxa, Ağsuya, Göyçaya, İsmayıllıya, Şəkiyə… gedəsi olub. Bəli, xüsusən də son bir-iki ildir hiss edirik ki, hətta problemini məhkəmədə mübahisələndirən vətəndaş-sahibkar, iş adamı və s. də paralel olaraq, yaxud sonda-əli hər yerdən üzüləndə mətbuata üz tutub. Və araşdırıb məqalə dərc edəndən sonra isə dəfələrlə olub ki, qarşı tərəf əsəbləşib bizi məhkəməyə verib, ya da Mətbuat Şurasına şikayət edib… Belə araşdırmalarda qazancımız bu olub ki, məhkəmə cəriməsi ödəmişik, yaxud Mətbuat Şurasının qanunsuz və əsassız «qara siyahı»sına tuş gəlmiş, əsəblərimiz tarıma çəkilmişdir və s. Sözümün mənası var: …Respublikanın tanınmış nazirlərindən birinin bank və keçmiş MTN qalmaqallarına aid müsahibəsini dərc edəndən sonra Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsinə çağrılmışam, izahatlar vermişəm, sonra həmin epizod üzrə bir neçə dəfə məhkəmələrdə şahid qismində iştirak etmişəm və s. İki gün əvvəl isə bir professor gəlmişdi. SOCAR-da uzun illər vəzifə tutub, pul qazanıb… Halal xoşu olsun. Məlum oldu ki, evində işlətdiyi xadimə «saqqızını oğurlayaraq» 5 otaqlı mənzilini banka girov qoydurub və 60 min manat pul götürüb… İndi «Parabank» evi əlindən alıb, kişi düşüb məhkəmələrə. Məhkəmələrimizdə ki, Mətbuat Şuramız kimidir, kimin adamı babatdırsa, haqq onun tərəfində olur… Professor məndən xahiş etdi ki, «…5-10 jurnalist gəlsin məhkəməyə, apellyasiya şikayətinə baxılır. Hazırlıq iclasıdır, amma hakim İlham Kərimlinin qırımından gözüm su içmir…». Dedim, 4-5 jurnalist bəs edər. Dedi ki, jurnalistlər bütün günü mənimlə olsun, müsahibəmi alsınlar, məqalə yazsınlar, sosial şəbəkələrdə yayımlasınlar və s.  Beləliklə, 4 jurnalistlə (məni də adını demədiyi bir professorun təklif etdiyini bildirdi, dirəşdi)  mən, professoru tək qoymadıq. Hakim isə jurnalist adı gələndə havalandı, qısası, axırda elə oldu ki, hakim bizim iştirakımız olmasın deyə, iclası keçirmədi və fevralın 15-nə təyin etdi. Bu gün növbəti prosesə yenə də vaxtımızı itirib qatıldıq. Amma... Professor gördü ki, onun YouTube-dəki, fb-dəki, saytlardakı və s. müsahibələri dünyaya yayılıb, jurnalistikamızın gücünün belə olacağını təsəvvür etməyini etirafladı. «Mən indiyədək 3 məhkəmə keçmişəm, vəkilin birinə 2 min, o birinə 4 min, birinə də 6 min manat vermişəm, hamısı satılıb, iş görmədilər… Sizin gücünüzü bilməyən insafsızdır…» və s. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin qarşısında soyuqda 4 saat dayanmış, müsahibələr almış jurnalistlərin hamısı, o cümlədən mən də,  xəstələndik… Hərəmiz aptekdən 30-40 manatlıq dava-dərman alıb özümüzü xilas etməklə məşğul olduq... Professor isə həmin gün də, bu gün də kefi kök getdi növbəti məhkəmə iclasına.

*** 

…Sözüm həmkarlarımadır: baxçaya yollanan uşaq da bilir ki, TV-lərimiz müğənnilərə pullu xidmət göstərir… Pullu xidmət həkimə olar, hakimə olar, repetitora olar, vəkilə olar, ASAN Xidmətə olar, dil öyrədənə olar, dərziyə olar, dəlləyə olar, amma jurnalistə olmaz! Niyə olmaz? Ona görə olmaz ki, Prezidentin vaxtilə informasiya siyasətini nizamlayan Əli Həsənovun rəhbərliyi altında fəaliyyət göstərən Azərbaycan Mətbuat Şurası uzun illər ağızını açıb onların dediyini deməyəni «reket» adlandırdı, «qara siyahı»ya saldı. Və cəmiyyətin gözündə Sovetdənqalma və xalqa təmənnasız, pulsuz xidmət göstərəcək mətbuat imci yaratmağa çalışdılar. Özləri isə… Cəmiyyət də jurnalistə hambal, qul, pulsuz xidmət göstərən mağmın, zavallı… gözü ilə baxmağa başladı. Və indi də elə baxır.

Sual edirəm: əgər medianın- qəzetin, saytın Nizamnaməsi, VÖEN-i, Əsasnaməsi varsa, niyə də pullu xidmət göstərməsin? Məsələn, min nüsxə çıxan qəzetin bir nömrəsinin təkcə istehsalat xərci 300-500 manata başa gəlir. Bura jurnalistin maaşı, icarə, internet, telefon və s. daxil deyil. Medianın İnkişafı Ağentliyi 5-6 gündəlik qəzetə 15 min, 10-a yaxın həftəlik qəzetə isə 5 min manat yardım verir. Bəs qalan qəzet və ya yardım almayan saytlar?

Təklifim: redaksiyaya müraciət edən və hüquqlarını media platformasında müdafiə etdirmək istəyən şəxslə əməkdaşlıq müqaviləsi bağlanılsın, şərtlər müəyyən edilsin, həmin şəxs göstəriləcək informasiya dəstəyi xidməti əvəzində ödəniş etsin. Həmin məbləğ redaksiyanın hesablaşma hesabına ödənilsin, vergisi verilsin və s. Yaxud, kimsə şeir, poema və ya reklam xarakterli müsahibə, yazı və s. çap etdirmək istəyirsə, eyni qayda tətbiq edilsin. Misal üçün, «Təzadlar»a hər gün ayrı-ayrı dövlət qurumlarından, deputatlardan, ictimai təşkilatlardan, QHT-lərdən fəaliyyətləri barədə məlumatlar daxil olur. Nazirlər Kabineti, Heydər Əliyev Fondu, DİN, Baş prokurorluq, DTX istisna olmaqla, niyə yuxarıda göstərilən subyektlərlə əməkdaşlıq müqaviləsi bağlayıb pullu xidmət göstərməyək?! Vəkil məhkəmə zalında müştərisinin hüququnu qoruyur (hakim isə öz bildiyini edir), qəzet və sayt isə müştərinin hüquqlarını bütün dünyada yayımlayır, ölkə Prezidentinə, Azərbaycan və dünya ictimaiyyətinə çatdırır. Niyə məhz jurnalistin-medianın xidməti heçə alınmalıdır???  

*** 

Beləliklə, çoxsaylı jurnalist həmkarlarımız tərəfindən dəstəklənən bu ideyanı reallaşdırararaq "Təzadlar" ilkə imza atmaq niyyətindədir. Hüquqşünaslardan və həmkarlarımızdan xahişimiz budur, bu layihə kimi təqdim edilən "Əməkdaşlıq müqaviləsi"nə dair əlavələri varsa, təkliflərini bildirsinlər. 

Bu da həmin "Əməkdaşlıq müqaviləsi": 

ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ

 Bakı şəh. -------------- 2022-ci il               

 Bir tərəfdən -------------(vətəndaş) ------------------, (bundan sonra «Sifarişçi»), digər tərəfdən "Təzadlar" qəzetinin baş redaktoru  A.Məmmədov (bundan sonra "Redaksiya") aşağıdakı şərtlərlə əməkdaşlıq müqaviləsi bağlayırlar.

"Təzadlar" qəzeti:

1.1.Redaksiya aşığıdakı şərtlərlə ------------ 2022-ci il tarixdən əməkdaşlıq müqaviləsi bağlayır:

1.2. Müqavilənin qüvvədə olduğu müddətdə Redaksiya «Sifarişçi» tərəfındən təqdim edilən şikayət ərizəsini və ya ona aid sənədləri araşdırır, aidiyyəti dövlət qurumlarına rəsmi sorğu göndərir, şikayətin məzmununa uyğun araşdırma aparır, «Media haqqında» Az. Resr. Qanununa uyğun olaraq qarşı tərəfin mövqeyini öyrənir, qəzetdə, yaxud saytda hüquqi sənədlərə əsaslanan məqaləni, yaxud video-müsahibəni, şikayətçinin ərizəsini və s. dərc edir (yayımlayır).

Eləcə də, vətəndaşlar tərəfindən təqdim olunan bədii cəhətdən normalara uyğun gələn yaradıcılıq məhsulunu ictimailəşdirir, yaxud şəxsin haqqında redaksiya tərəfindən reklam xarakterli məqalə hazırlanıb qəzetdə və ya saytda yayımlanır (çap edilir).

1.3. Şikayətin məzmununa və redaksiyaya təqdim edilən sənədlərin etibarlılığına «Sifarişçi» məsuliyyət daşıyır.

1.4.Redaksiya qəzetdə dərc edilmiş araşdırma yazılarının son variantını «Sifarişçi» ilə razılaşdırır.

1.5.Redaksiya dərc edilən hər araşdırma yazısının maddi məbləğini hesablayır, hesab vərəqəsini (qəbz) «Sifarişçi»yə təqdim edir, vəsait redaksiyanın bank hesabına köçürülür.

SİFARİŞÇİNİN VƏZİFƏSİ

2.1. «Sifarişçi» redaksiyanı dərc ediləcək materialın əsasını təşkil edən materialla (rəsmi və ya mötəbər sənədlərlə) təmin etməyə borcludur.

2.2. «Sifarişçi» araşdırma yazısının hazırlanması zamanı jurnalistin qanuni fəaliyyətinə, müstəqilliyinə müdaxilə etmir.

2.3.Dərc olunmuş araşdırma yazısının və ya şikayətçinin məktubunun dərc edilmiş (və ya saytda yerləşdirilmiş) hər kvadrat santimetrini qəpiklə hesablayır, pulunu nəqd və ya köçürmə yolu ilə (altından xətt çəkməli) bank hesabına ödəməlidir.

ÜMUMİ QİYMƏTLƏNDİRMƏ

  1. Redaksiya tərəflərin razılığı ilə qəzetdə dərc olunmuş məqalənin hər kv.sm. sahəsinin qiymətini razılaşma yolu ilə hesablayır.

TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsinə (təqdim edilən sənədlər etibarlı olmadığı təqdirdə ayrıca şərt müəyyənləşdirilir) görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 Bu müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə hazırlanır.

Müqavilənin müddəti:

Hazırki müqavilə --------------- 2022-ci il tarixdən qüvvədədir, -------- ay müddətinə bağlanır.

Tərəflərin hüquqi ünvanları və rekvizitləri

Redaksiya: Bakı ş., mətbuat Pr. 529-cu məhəllə, «Azərbaycan» nəşriyyatı, 8-ci mərtəbə.

Tel. 012-510-17-74

Redaksiya:                                               A.Məmmədov

İmza və möhür:

 "Kapitalbank", Nəsimi filialı,

 Kod: 200112, SWIFT KOD: AIIBAZ2X,

 "Təzadlar" qəzeti, VÖEN: 1300456291,

 H-H: AZ82AIIB400400C9445750810111

                     

 «Sifarişçi»          -----------------

*** 

Asif MƏRZİLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN