"2 həftəyə sevimli Kiyevdə olacağam!" deyən rəsmi Kreml rəhbərliyinin son bir neçə gündə hücum əməliyyatlarını dayandırması dünyanın diqqətindən yayınmır...
Buna çoxsaylı səbəblər var. Türkiyə mediasının Kiyevdən və Ukraynanın ayrı-ayrı bölgələrindən canlı bağlantıları, bəzi istisnalarla, nisbi sakitliyin hökm sürdüyünü təsdiqləyir... ABŞ-ın "Maxar Technologies" şirkəti isə ortaya maraqlı fakt qoyub. Şirkət Rusiya qüvvələrinin Kiyevin şimal-qərb kənarında yenidən qruplaşmasını əks etdirən peyk görüntülərini yayımlayıb. "Təzadlar" “European Truth”a istinadla xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Əvvəllər Qostomel hava limanı ərazisində görünən kalon əraziyə yayılaraq yenidən toplanıb ki, bu da paytaxta doğru hərəkət etmək cəhdinə hazırlıqlardan xəbər verə bilər. Şirkət iddia edir ki, ruslar Kiyevə ötən sutkada olduğundan 5 km daha yaxınlaşıblar. ABŞ Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən həmsöhbəti jurnalistlərə açıqlamasında bildirib ki, şimal-qərbdən Rusiya qüvvələri hazırda paytaxtın mərkəzindən təxminən 15 km, şimal-şərqdən isə 40 km məsafədədir.
Onu da xatırladaq ki, Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri, istefada olan general-leytenant Herbert Raymond Makmaster müharibənin ilk iki həftəsindən sonra Ukraynanın qalib gəlmə şansına inandığını bildirmişdi.
A.Məmmədli