Aİ Şurası Rusiyanın Ukraynaya hücumuna görə daha 217 fiziki və 18 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər barədə qərar verib.
Bu barədə Ukrayna KİV-i Şuranın saytındakı bəyanata istinadən məlumat yayıblar.
Belə ki, yeni siyahıda rusiyalı məmurların, oliqarxlar - Moşe Kantor, Boris Rotenberq və Oleq Deripaskanın, enerji, maliyyə, media, müdafiə və hərbi sənaye kimi iqtisadiyyatın əsas sektorlarında çalışan digər tanınmış iş adamlarının, həmçinin sanksiya tətbiq edilmiş şəxslərin ailə üzvlərinin adları da var. Həmçinin siyahıya Rusiya prezidenti Vladimir Putinin qızları - Mariya Vorontsova və Yekaterina Tixonovanın da adları daxil edilib.
Qeyd edilir ki, sanksiya siyahısına qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın qondarma nazirləri və “Xalq Şurası”nın üzvləri də daxildir.
Sanksiyaya məruz qalan 18 quruma Rusiyanın dörd iri bankı – “Otkrıtıe Bank”, “Novikombank”, “Sovcombank” və “VTB”, Rusiya Federasiyasına məxsus nəqliyyat sektorunda fəaliyyət göstərən şirkət, “Kalaşnikov” konserni də daxil olmaqla, hərbi-sənaye kompleksi şirkətləri də daxildir.
Qeyd edək ki, ümumilikdə Aİ-nin məhdudlaşdırıcı tədbirləri 1091 şəxsə və 80 təşkilata şamil edilir. Siyahıda yer alan şəxslərin aktivləri dondurulur və Aİ vətəndaşları və şirkətlərinin onlara vəsait verməsi qadağan edilir.
Fiziki şəxslər həm də Aİ ərazilərinə daxil olmaq və ya tranzit keçməyə icazə verilməyəcək səyahət qadağasına da məruz qalırlar.
***
Xatırladaq ki, fevralın 24-ü səhər saatlarında Rusiya “xüsusi əməliyyat” adı ilə Ukraynaya hücüm edib.
Rusiyanın Ukraynaya hücumundan sonra ABŞ, Aİ ölkələri Rusiyaya qarşı xeyli sanksiyalar tətbiq etdi və etməkdə də davam edir.
Lakin Ukrayna prezidenti Volodimir Zelenski indiyədək Rusiyaya qarşı tətbiq edilən sanksiyaları yetərsiz hesab edib. O, bu barədə bu gün verdiyi açıqlamada yenidən bəyan edib.
“Şəxsən mən 5-ci sanksiyalar paketinə görə minnətdaram, amma hesab edirəm ki, bu, kifayət deyil", -deyə bildirib.
Qeyd edək ki, artıq Rusiya 40 gündən artıqdır ki, Ukraynaya hərbi hücum edib. Hazırda 3 milyonadək ukraynalı ölkəsindən didərgin düşüb. Minlərlə insan həyatını itirib, şəhərlər, kəndlər dağıdılıb, Ukrayna iqtisadiyyatına milyardlarla dollar ziyan dəyib.
Hər iki tərəfin nümayəndə heyyətinin dəfələrlə görüşməsinə baxmayaraq, sülhə nail olunmayıb.
Y.MƏMMƏDLİ