Bu, onun ən böyük arzusu idi...
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə Şuşaya yollanan diaspor nümayəndələri arasında Çexiyanın Plzen Konservatoriyasında təhsil alan gənc azərbaycanlı skripkaçı Canel Nəcəfli də olub. Ən böyük arzusu Şuşada, Cıdır düzündə skripkada ifa etmək olan Canel, nəhayət ki, bu arzusuna çatıb.
Komitədən əldə etdiyimiz məlumata görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülmüş istedadlı skripkaçı Cıdır düzündə skripkada “Ay Laçın” xalq mahnısını ifa edib. Canel Nəcəflinin ifası diaspor üzvlərinə xoş təsir bağışlayıb.
Xatırladaq ki, əslən Şuşadan olan Canel Nəcəfli 2002-ci ildə Bakı şəhərində anadan olub. Hələ uşaq yaşlarından musiqiyə böyük maraq göstərib.
Bülbül adına orta İxtisas Musiqi Məktəbində təhsil aldığı dövrdən müxtəlif konsert və beynəlxalq müsabiqələrdə cıxış edib. Hazırda BMA-nın simli alətlər kafedrasının qiyabi təhsil üzrə, Çexiya (Plzen) Konservatoriyasının isə əyani təhsil üzrə III kurs tələbəsidir.
İlk solo cıxışı 2014-cü ildən başlayıb. C.Nəcəfli 2015-ci ildə Polşada keçirilən “Karavan Kulturi” adlı Beynəlxalq Müsabiqə-Festivalda iştirak edərək I yerə, 2016-cı ildə Cexiyada keçirilən “Josef Micka” adına festival-müsabiqədə Prokofyevin “Zoluşka” əsərinə görə Fəxri Diploma, 2016-cı ildə “Rodniki duşi” adlı Respublika müsabiqəsində I yerə, 2016-cı ildə Bakı şəhərində keçirilən “Futures Stars” adlı Beynəlxalq müsabiqədə I yerə layiq görülüb.
C.Nəcəfli 2016-cı ilin may ayında V.Spivakov Fondunun təşkil etdiyi “Moskva dostları qarşılayır” Beynəlxalq Festivalın iştirakçısı olub. 2017-cı ildə Bakı şəhərində keçirilən “Testene Art Baku” Beynəlxalq müsabiqəsinə qatılaraq I yerə layiq görülüb. 2018-ci ilin 28 Mart-1 Aprel tarixlərində Brüsseldə keçirilən “Grumiaux” (keçmiş “Bravo”) Beynəlxalq müsabiqədə çıxış edib və III yeri qazanıb. Məhz bu diplom ona BMA-da müsabiqədənkənar təhsil almağa şans verib. Onu da qeyd edək ki, Canel 2019-cu tədris ilində musiqi üzrə müsabiqədənkənar ali təhsil ocağına qəbul edilmiş yeganə tələbə olub.
Gənc ifaçı 2018-ci ilin aprel ayında Bakı şəhərində keçirilən Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsində iştirak edərək I yeri tutub.
2019-cu ilin fevral ayında Bakı şəhərində keçirilən Azad Əliyev adına violinçilərin I Beynəlxalq Müsabiqəsində, eləcə də 2020-ci il 17-24 fevral tarixlərində Bakı şəhərində keçirilən III Beynəlxalq “World Harmony” müsabiqəsində I yerə layiq görülüb.
Qeyd edək ki, Canel Nəcəfli hazırda Bakı Musiqi Akademiyasında Xalq artisti Zəhra Quliyevanın sinfində qiyabi və Çexiyada Plzen Konservatoriyasında professor Roman Fedçukun sinfində əyani təhsilini davam etdirir. O, keçən il Çexiyada musiqi sahəsində “İlin adamı” mükafatına layiq görülüb.
ELBAR