Bakı Slavyan Universitetində (BSU ) 8 Noyabr-Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

BSU-nun mətbuat xidmətindən "Təzadlar"a bildirildi ki, tədbirdə Milli Məclisin deputatları, universitetin rəhbərliyi, professor-müəllim heyəti, Vətən müharibəsi  qaziləri, şəhid valideynləri iştirak ediblər.  Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Zəfər Gününə aid videoçarx nümayiş etdirildikdən sonra çıxış edən BSU-nun rektoru Anar Nağıyev Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib. Rektor bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi xəttini və ideyalarını uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad edən şanlı Azərbaycan Ordusu xalqımıza möhtəşəm Zəfər Günü bəxş edib. Anar Nağıyev Prezident İlham Əliyevin bu müjdəsinin  xalqımıza tarixi qələbə sevincini yaşatdığını, gələcək üçün yol xəritəsini müəyyən etdiyini deyib. Rektor Azərbaycan Respublikasında Zəfər Gününün təsis  edilməsi haqqında  Azərbaycan Respublikasının Prezidentinin 3 dekabr 2020-ci il tarixi   Sərəncamının tarixi əhəmiyyətindən danışıb.  Artıq  ikinci ildir ki, iftixar hissi ilə qeyd etdiyimiz  Zəfərimizin qəhrəman şəhidlərimizin  qanı və canı bahasına qazanıldığını qeyd edib.

Anar Nağıyev XX  əsrin sonları , XXI əsrin əvvəllərində Azərbaycan xalqı və dövlətinin bütöv  bir əsrə bərabər dinamikliyi ilə  zəngin olan hadisələrə şahid olduğunu vurğulayaraq, Vətən müharibəsi ilə işğala bağlı təcavüzün sonlandırıldığını və yeni, daha sürətli inkişaf səhifəsinə başladığını  deyib.  Anar Nağıyev Vətən müharibəsi dönəmində Birinici vitse-prezident  Mehriban xanım Əliyevanın müstəsna rolu olduğunu, bu fəalliyyətin torpaqlarımızın dirçəldilməsi dönəmində də mühüm əhəmiyyət kəsb etdiyini  bildirib. Ötən əsrin 70-ci illərindən etibarən tarixi və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olan BSU-nun  gənclərin  vətənpərvər ruhda formalaşmasında rolunu vurğulayıb. Rektor xalqımızın 30 illik işğala son qoyması ilə   Azərbaycanın  yeni tarixi dönəmə - daha da inkişaf edən, daha da çiçəklənən dövrə  qədəm qoyduğunu deyib. Milli Məclisin deputatı Arzu Nağıyev “Azərbaycanın təcavüzkar üzərində qələbəsinə səbəb olan siyasi addımlar və əsas istiqamətlər” adlı məruzəsində 44 günlük  Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyinin hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdiyini vurğulayıb. 

 

Müzəffər Ali Baş Komandanın düşünülmüş uğurlu siyasi  addımları nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələrinin də məhz Azərbaycanın şərtləri ilə icra edildiyini diqqətə çatdırıb. Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd “Azərbaycanın tarixi qələbəsinin nəticələri (tarixi xronika)” adlı məruzəsində  44 gün davam edən bu əməliyyatlar nəticəsində işğal olunmuş torpaqların geri qaytarılması ilə Azərbaycanın suveren haqlarının bərpa olunduğunu deyib. Bu tarixi qələbə nəticəsində Azərbaycanın Cənubi Qafqaz regionunun lider ölkəsi olduğunu bütün beynəlxalq ictimaiyyətə sübut etdiyini bildirib.

Milli Məclisin deputatı Elman Nəsirov çıxışında 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Qarabağ nisgilinə son qoyan qəhrəman oğullarımızdan danışıb.

Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə “Zəfərimiz dünya mətbuatında” mövzuda məruzəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prinsipial mövqeyinin informasiya  məkanında da uğurlarımızı təmin etdiyini deyib. Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələrin informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurduğunu bildirib.

Milli Məclisin deputatı Vüqar Bayramov “Vətən müharibəsindən sonrakı dövrdə Qarabağın və Şərqi Zəngəzurun siyasi-iqtisadi inkişafına bağlı strategiyası” adlı məruzəsində Vətən müharibəsinin başa çatdığı ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə əsas kommunikasiyaların bərpası və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlanılmasından danışıb. O, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasının dünya səviyyəsində də Azərbaycanın strateji rolunu artıraraq, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsini, nəqliyyat və logistika sektorunun əhəmiyyətli səviyyədə inkişafını təmin edəcəyini bildirib.

Sonra BSU-nun şəhid məzunlarına həsr olunmuş videoçarx nümayiş olunub. BSU-nun şəhid məzunu Elnur Allahverdizadənin anası Süsən xanım şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

N saylı Hərbi hissənin zabiti, leytenant Pərvin Əzimov keçdiyi döyüş yolu barəsində təəssüratlarını bölüşüb. Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı Vətən müharibəsinin qəhrəmanı olan gənclərimizin  dastana dönən şücaətindən bəhs edib.  Bu tarixi zəfərin yalnız bir ünvanının Müzəffər Ali Baş Komandan və Azərbaycanın rəşadətli Ordusu olduğunu deyib.

Sonda BSU-nun Məktəb-lisey kompleksinin şagirdlərindən ibarət xor kollektivi “Yaşa Azərbaycan!” mahnısını ifa edib.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN