Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltəraş-rəssam Cümşüd Rəşid oğlu İbrahimli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini, Azərbaycan Rəssamlar İttifaqının İstehsalat-Yaradıcılıq Kombinatını, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Qurban oğlu Xəlilovu və Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Yusif qızı Məmmədəliyevanı məhkəməyə verib.

Bu barədə Tezadlar.az-a heykəltəraş-rəssam Cümşüd İbrahimli özü məlumat verib.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edən C.İbrahimlinin surəti redaksiyamıza daxil olan iddia ərizəsində bildirilir ki, hələ 1989-cu ildən Azərbaycan SSR Nazirlər Sovetinin 7 aprel tarixli 5 saylı Qərarına əsasən Şuşa şəhərində Pənah xana memorial abidə ucaldılması qərara alınıb.

Belə ki, AR Mədəniyyət Nazirliyi ilə Azərbaycan Rəssamlar İttifaqının İstehsalat-Yaradıcılıq Kombinatı (İYK) arasında 616 saylı, 1990-cı il tarixli müqavilə və 7 dekabr 1990-cı il tarixli 661778,14 rubl həcmində smeta sənədləri imzalanıb: “Mədəniyyət Nazirliyinin təklifi ilə hazırladığım eskiz kompozisiya bəyənildikdən sonra İYK-ə mənimlə müəllif müqaviləsi bağlanması üçün yazılı müraciət edildi və İYK ilə mənim aramda 04.01.1991-ci il tarixli 71 saylı müəllif müqaviləsi bağlandı.

Mən abidənin əsas layihəsini hazırlamaq üçün ustad memar, akademik Mikayıl Hüseynova müraciət etdim, yaratdığım şahə qalxmış at belində, üzəngidə ayaq üstə kaman kimi gərilmiş, məğrur, zəhmli duruşunda sol qolunu gərmiş, beş barmaqları ilə şəhərə tərəf tuşlayaraq, sağ əlindəki səlahiyyət rəmzi “Xan toppuzu” (Tarix muzeyində qorunur) başı üstə yellədərək, sanki yağı düşmənlərə xəbərdarlıq kimi “Bu şəhərə, bu torpaqlara kəm baxanların analarını ağlar qoyaram” mesajı verən eskiz kompozisiyanı çox bəyəndi.  Tapşırıq verdi ki, təcili Şuşaya ezamiyyətə gedib şəhər rəhbərliyi və ziyalılarla görüşərək “Pənah xan” abidəsinin ucaldılacağı yeri təyin edək, sonra layihə işinə başlayaq.

Avqust ayında Şuşada oldum, icra başçısı Mikayıl Gözəlov və şəhərin ziyalıları ilə müzakirələrdən sonra “Gəncə qapısı”nın bayır tərəfindən, “Xan qızı” bağının qala divarlarının önündə hündür postament kürsü üzərində şəhərin hər yerindən görünməsi nəzərdə tutulan layihənin hazırlanması tapşırıldı.  Mən Bakıya qayıdıb təklif olunan yerin fotoşəkillərini ustad memara təqdim etdim və tezliklə həcmli, möhtəşəm abidə layihəsi hazırlamağa başladıq. 10 metr hündürlükdə qala divarları istər-istəməz abidənin şəhər tərəfdən görünüşünü örtürdü. Mikayıl müəllim təklif etdi ki, 7 metr hündürlüyündə atlı heykəli, 10 metr hündürlüyündə postament ilə birlikdə 3 metr hündürlüyündə nal şəkilli yarımzirzəmi-muzey quraq ki, muzeyin dam örtüyünə qaldırmaqla şəhər tərəfdən postamentin bir hissəsi ilə birlikdə heykəl görünə bilsin.  Bununla belə, postamentin sol və sağ tərəfindən nal şəkilli yarımçevrə yarımzirzəminin (muzeyin) enində 2 ədəd iri, qala divarlarından 1-2 metr hündür qranit üzlüklə (çəhrayı) üzlənmiş portal (baş tağ) qapılar açılaraq gələcəkdə şəhər sakinlərinin və qonaqların artmasını nəzərə alıb “Gəncə qapısı”ın yükünün bir qismini öz üzərilərinə götürməklə, müasir milli memarlıq həllində layihələndirməklə, abidənin ümumi həcminə, möhtəşəmliyinə və monumentallığına yardım edər.

Layihəni 3 noyabr 1991-ci ildə, vaxtından iki ay əvvəl tamamlayıb İYK-nə və Mədəniyyət Nazirliyinə təqdim etdik, bəyənildi, Bədii Şura və Nazirlik tərəfindən qəbul edilib 2№-li Aktla qeydə alınmaqla mədəniyyət naziri Polad Bülbüloğlu AR Nazirlər Sovetinə hesabat-təqdimat göndərdi. Mən sonralar bu aktı Mədəniyyət Nazirliyinin Arxivində öz gözlərimlə oxudum. Amma sonuna az qalmış arxivin qapısı açıldı və nazirliyin sektor müdiri Qabil Qasımov tövşəyərək içəri girdi, məni “niyə arxivə burnunu soxmusan” deyə təhqir etdi və həmin aktı dartıb əlimdən alıb arxiv müdiri Rübabə xanıma verdi, məni oradan polislə çıxartdı. Mən ona “artıq  2№-li Aktı öz gözlərimlə görüb oxumuşam, onu daha gizlədə bilməzsiniz” deyib oradan çıxdım (Mənə arxivə girməyə icazəni Nazirliyin baş mühasibi İmran müəllim vermişdi). Əvvəllər mən öyrənəndə ki, bizim layihə qonararları Nazirliklə Kombinat əvəzimizə qol çəkib qonorarlarımızı (layihə, maket və 1,7 metr hündürlüyündə keçid modelinin qonorarını) mənimsəmişlər. Nazirlikdə və Kombinatda boyunlarına almadılar, sonra düşündüm ki, belə işin mühasibatlıqda da “izi” olmalıdır və İmran müəllim etiraf etdi ki, bəli, 2№-li Akt arxivdədir, Nazirin birinci müavini Ədalət Vəliyevə ərizə yazın, mənə dərkənarla göstəriş versin, 2№-li Aktın surətini sizə verim. Ədalət müəllimə 3 dəfə ərizə yazdım, cavab vermədi. Son dəfə İmran müəllimə müracət etdikdə arxivə zəng etdi ki, Cümşüd müəllimə həmin 2№-li Aktı göstər. Sonra isə həmin əhvalat...)

Başa düşə bilmirəm, mən zərərçəkənəm, məni yox, cinayət törədənləri dəstəkləyirlər. Niyə? Nə üçün?

Mən məsələni 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qaldırdım. Nazirliyin və Kombinatın məhkəməyə verdikləri yazılı təqdimatlarda yalan, saxta və uydurulmuş ittihamlarla məni günahlandırdıqları üçün hakim Vüsalə Baxışova 2-2(81)-1701/2016 saylı, 05.10.2016-cı il tarixli qətnamə ilə iddiamı rədd etdi. Hakim ədalətin mən tərəfdə olmağına baxmayaraq, bərabərlik, çəkişmə prinsipinə vəsatətlərimə məhəl qoymadan ədalətsiz qətnamə qəbul etdi. Qətnamədən apellyasiya şikayəti verdim. Hakim Sərvət Hüseynov 2-2(103)108/2017 saylı, 31.03.2017-ci il tarixli qərardadda qeyd etdi ki: “Məhkəmə məruzəçi hakimin dəlillərini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1701/2016 iş üzrə 05.10.2016-cı il tarixli qətnaməsi ləğv edilməli, iş mülki icraat qaydasında baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməli, iddiaçının apellyasiya şikayəti isə qismən təmin olunmalıdır.

Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, məhkəmə aidiyyəti həll edilərkən ilk növbədə iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir.

İş materiallarından görünür ki, iddiaçının tələbi 04.01.1991-ci il tarixdə bağlanmış müəlliflik müqaviləsinə əsasən onun tərəfindən hazırlanmış “Pənah xan” abidəsinin 1:50 miqyasında maketin və heykəllərin 1:50 və h.50 sm ölçülərdə, habelə (qala divarında asılacaq 5 ədəd qorelyef heykəllərin, tarixi döyüş səhnələri və s.) naturada 3 m. olacaq əsərlərin 1:10 miqyasında (30 sm) ölçüdə plastilində eskizlərininin qonorarını (9000 manat) və sonradan heykəlin 7 metr böyüdülməsi üçün 1.7 metr hündürlüyündə atlı heykəlin böyüdülmə modeli hazırlanmasına görə 50.000 (əlli min) manat məbləğində qonorarın cavabdehlərdən tutulmasından ibarətdir.

AR MM-nin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi müəlliflik hüququ və əlaqəli hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər hüquqi qanunvericlikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

Lakin iş materiallarından göründüyü kimi, hazırki mübahisənin predmeti müəlliflik hüquq münasibətləri ilə bağlıdır. Müəlliflik hüquq münasibətləri isə mülki hüquq münasibətləri hesab olunur.

“Müəlliflik hüquqları haqqında” Qanunun 15-ci maddəsinə əsasən  Müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir (İYK ilə).

Həmin Qanunun 25.3-cü maddəsinə əsasən, bu qanunla müəyyən edilmiş qorunma müddətləri bu qanunun qüvvəyə mindiyi tarixə (05.06.1996) qədər qorunma müddəti bitməmiş bütün əsərlərə şamil edilir (bütün həyatı boyu+70 il!).

Həmin Qanunun 28-ci maddəsinə əsasən, (Müəlliflik hüququnun verilməsi və keçməsi) Müəllifin bu qanunla nəzərdə tutulan əmlak hüquqları müəllif müqavilələri üzrə verilir və vərəsəlik qaydasında keçir.

...Belə ki, hazırki mübahisə iddiaçının sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, müəlliflik hüququ ilə bağlı münasibətən yaranmışdır.

AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyəti qaydaların pozulmasına yol verilmir.

Qeyd olunan beynəlxalq normaların mənasına görə hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və zərərsiz məhkəmə tərəfindən araşdırılması hüququ isə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmilş müvafiq yuridiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur.

Bakı Apellyasiya Məhkəməsinin 31.03.2017-ci il tarixli 2-2(103)-108/2017 saylı qərardadı Nəsimi Rayon Məhkəməsinə göndəriləndə İYK-dən təklif etdilər ki, məhkəməni dayandıraq, məsələni sülh yolu ilə həll edək.

Çox vaxt itirdim. Bir ilədək məni uşaq bilib “konfetlə aldatmaq” istəyirdilər. Bu ərəfədə hakim Xumar Mərdanovaya nəql etdim, o ərizəmi baxılmamış saxladı.

Araya qaçqınlar, köçkünlər, Qarabağ savaşı düşdü, 8 may 1992-ci ildə Şuşamız erməni-rus birləşmələri tərəfindən yağmalandı və abidə işimiz düz 30 il dayandı. Bu müddətdə dövlətimiz, ordumuz gücləndi və 8 noyabr 2020-ci ildə Qarabağımız və onun tacı Şuşamız rəşadətli əsgər və zabitlərimizin, ölməz şəhidlərimizin, dönməz qazilərimizin, habelə xalqımızın və müzəffər Ali Baş Komandanı İlham Əliyevin qüdrətli hərbi taktikaları, habelə dost ölkələrin dəstəyi ilə azad olundu. Ölkə Prezidentimiz “Əziz Şuşa! Sən azadsan! Əziz Şuşa! Biz səni dirçəldəcəyik” - deyə, Şuşanı “Mədəniyyət paytaxtı” və 8 noyabr 2022-ci ildə Şuşanın 270 illik yubileyinin təntənəli keçiriləcəyini elan etdi, bir qədər sonra 2022-ci ili “Şuşa ili” elan etdi.

İndiyədək Mədəniyyət Nazirliyi ilə münaqişələrdə mübarizə aparıram. Qarabağımız, Şuşamız azad olunandan sonra real şans yaranmışdı ki, sülh yolu ilə Şuşanın 270 illiyinə şəhərin, onun qalasının və Qarabağ xanlığının qurucusu, vaxtilə Nadir şahın məğlubedilməz sərkərdəsi olmuş Pənah xanın atlı abidəsini (bürüncdən, hündürlüyü 7 metr) yubileyə ən böyük töhfə kimi hazırlayıb təqdim edək. 2 il vaxtımız var idi, yüksək səviyyədə, təntənəli açılışı ola bilərdi.

Artıq Şuşada genişmiqyaslı bərpa və abadlıq işləri aparılır, burada beynəlxalq görüşlərin, simpoziumların, əvvəlki “Xarıbülbül” musiqi festivalının, habelə ənənəvi “Vaqif” poeziya günlərinin keçirilməsi davam etdirilir. Şuşa artıq beynəlxalq səviyyədə tanınaraq “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Şuşanın 270 illik yubileyinin keçirilməsi üçün Prezidentimiz can yandırır, təşəbbüs göstərir ki, həmin müddətə qədər şəhər xeyli abadlaşsın. Bunun üçün Şuşada müxtəlif layihələr icra olunur. Mən də memar, akademik M.Hüseynovla dövlət sifarişi əsasında yaratdığımız möhtəşəm abidə layihəsini ilahi qüvvələr tərəfindən yaradılmış aktual fürsət, şans hesab edərək istifadə etməklə, abidənin sifarişçisi AR Mədəniyyət Nazirliyi və podratçı Azərbaycan Rəssamlar İttifaqının İstehsalat-Yaradıcılıq Kombinatının əvəzinə, ölkə rəhbəri cənab İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya, Baş Nazir Əli Əsədova, AR Mədəniyyət Naziri Anar Kərimova, Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimova, Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevaya, “Qarabağ” Cəmiyyətinin sədrinə çoxsaylı məktublar, faks və teleqramlarla müraciət etmişəm. Lakin bunların heç biri ölkə Prezidentinə çatdırılmadı, bütün məktublar orta instansiyalardan Mədəniyyət Nazirliyinə göndərildi. Məni isə abidənin müəllifi kimi (müəllif müqaviləsinə görə) tərəf-müqabili olmağıma baxmayaraq, məni qəbul etmədilər, Mədəniyyət Nazirliyinə girişdə və 3-cü mərtəbədə polis dayanacağından nazirin və müavinlərinin yanına keçə bilmədim. Məktublarıma isə cavabı dəftərxana müdiri İsmayıl Əbdüləzimov absurd, səriştəsiz və müəmmalı cavablarla təkrarlayaraq "Qaldırdığınız məsələyə Şuşa şəhərinin yenidənqurma və bərpa planı çərçivəsində baxıla bilər” deməklə işini bitmiş hesab edir. Mən növbəti ərizəmlə soruşuram: "Bəs yazdığınız Şuşanın yenidənqurma və bərpası planına kim müraciət etməlidir? Mən, yoxsa abidənin sifarişçisi AR Mədəniyyət Nazirliyi?" cavab verilmir! Mən 2021-ci ildə Prezidentin Şuşada xüsusi nümayəndəsi Aydın Kərimova ərizə yazdım, cavab almadım. Sonra köməkçisinə WhatsAppla layihənin fotolarını göndərdim. Aydın müəllimə çatdırıb, çox xoşuna gəlmişdi və bildirmişdi ki, “mənlik bir iş yoxdur, Şuşanın bərpası, abadlaşdırılması və icrası AR Mədəniyyət Nazirliyinə tapşırılıb, onlarla danışılsın"...".

(Davamı olacaq)

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN