(Yarıyumoristik)
...Dünən facebook səhifəsini qurdalayarkən gözümə tanış sifət sataşdı və birdən də yox oldu, səhifəni itirdim. Xeyli çətinliklə tapdım, gördüm ki, çox hörmət etdiyim, köhnə tanışım Rauf Arifoğlu Vasif Talıbova və oğlanlarına hökm oxuyur ki, onlar Bakıya gətirilməlidirlər və barələrində tədbir görülməlidir. Baxmayaraq ki, Vasif Talıbovu Bakıya dəvət edirlər, o gəlməkdən imtina edir.
Bu gün də baxıram ki, Naxçıvanın Babək rayonunun Sirab kəndinin camaatının şikayətləri var ki, onlar uzun illərdir su problemi yaşayırlar. 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu məhz Sirab kəndində istifadəyə verilib. Sovet ittifaqı dağılandan sonra Vasif Talıbov 2004-cü ildən zavodu “Gəmiqaya Mineral Sular” MMC şirkəti adı ilə özəlləşdirib. Ondan sonra sirablılar bir “qruşka” suya həsrətdilər ki, başlarına töksünlər.
Hadisələrin gedişindən, yayılan həqiqətlərdən və şayiələrdən məlum olur ki, “Naxçıvan xanı” Vasif Talıbov və talibovçular 30 ilə yaxındır ki, Naxçıvanı söküblər, xalqın və dövlətin yüz milyonlarla pulunu oğurlayıblar, fağır, yazıq, biçarə, “anası ölmüş” naxçıvanlılara qan uddurublar, onların haqqını tapdalayıblar. Acınacaqlı, təəccüblü hal odur ki, nə əcəb dövlətimiz Talıbovu və talıbovçuları 5-10 milyon manat dövlət əmlakını mənimsəyəndə ifşa etməyib, yüz milyonların mənimsənilməsini gözləyib??? Bunun qarşısı vaxtında alınsaydı evimiz yıxılıb, çırağımız keçməzdi. Başlarına min bir oyun açılan naxçıvanlı qardaşlarımız infarkt olmazdı, şəkərə tutulmazdı, evini, ocağını qoyub qaçmazdı. Kim qaytaracaq onlara çəkdikləri maddi və mənəvi zərərin haqqını, kim sağaldacaq onların aldıqları mənəvi-psixoloji travmaları?
İndi dostum-qardaşım Rauf Arifoğluna demək istəyirəm ki, azaruyalım (bu söz Ucarın Şilyan kəndi camaatının sözüdür, müraciət formasıdır ki, “azarını alım”) bax bu Bakı şəhərində Vasif Talıbovun yolunu gedən istənilən qədər naxçıvanlı və qeyri-naxçıvanlı talıbovçular var. Ölkədə demək olar ki, hər yer talıbovçulardı, amma onlara dəyib dolaşan yoxdur.
Niyə!? Çünki top artıq meydandan çıxıb. Bunların öhdəsindən gəlmək mümkünsüzləşib.
***
Bu xalqın ən işıqlı kişilərindən biri olan ölməz, ruhu şad olmuş Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalının 26 may 1908-ci il tarixli 21-ci nömrəsində “Çuval” adlı bir məqalə dərc edib. Çuval keçi qılından toxunmuş materialdan tikilmiş, dənli bitkiləri saxlamaq üçün nəzərdə tutulan böyük kisədir.
Mirzə belə yazır: “Bir çuval ki, köhnəldi, o tərəfdən, bu tərəfdən hey başlayacaq yırtılmağa, süzülməyə və dəlinməyə.
- Ədə, çuval dəlinib, çuvalduzu (görünür çuvalduz iynə qıyıx deməkdir) ver mənə deşiyi tikim.
Elə ki, bir tərəfdən yamayırsan görürsən o biri tərəfdən yenə çuvalın içindən darı başlayır tökülməyə.
- Ədə, çuvalduzu ver mənə...
Bu dəliyi də tikirsən. Elə ki, çuvalı qaldırıb yükləyirsən eşşəyin belinə, yenə darı başlayır su kimi axıb yerə tökülməyə.
- Ədə yavaş sür! Yavaş sür! Bu zəhrimar çuval yenə dəlinib.
- Hoqquş, hoqquş... Qoyma, qoyma darı töküldü.
Osmanlı hökümətinin darı çuvalı o qədər çürüyüb ki, hər gün çuvalın bir yeri dəlinir.
- Ədə çuvalduzu ver bu dəliyi tikim.
Sonra baxıb görəcəksən ki, yenə darı bir ayrı yerdən tökülür, çünki çuval köhnəlib, çürükdür. Osmanlı hökümətinə bir o qalır ki, çuvalı təzələsin, çünki çuval köhnəlib.
***
Hə... İndi bizim hökümətimizin də talıbovçuları bir yerə yığıb əl-ayağını kəsmək üçün olan-qalan çuvalı köhnəlib, çürüyüb. Onu ordan-burdan tikməklə içinə darı yığmaq olmaz. Bir əlac ona qalıb ki, hökümət çuvalını dəyişə, təzə çuval ala...
İkram Abdullayev,
Azərbaycan Vəkillər Kollegiyasının üzvü