…Dünən görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi Türkiyədə, Rusiyada, yüksək səviyyədə, Azərbaycanda isə təntənəli qeyd olundu...
Bəli, Ulu Öndərin vəfatından sonra onun Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinə layiq olaraq xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görülmüşdür. Bu işlərin siyahısında təbii ki, ən diqqəti çəkən H.Əliyevin vəsiyyətinə uyğun Qarabağın 30 il ərzində erməni silahlı birləşmələrinin işğalında olmuş torpaqlarımızın, xüsusən də Şuşanın düşməndən azad edilməsi idi.
***
…Dünən rəsmi və müstəqil mediada Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı çoxsaylı yazılar dərc olunmuşdur, sənədli film və sujetlər göstərilmişdir. Bu media məhsullarında Ulu Öndərin həyatımızın ayrı-ayrı sahələrindəki misilsiz xidmətləri qeyd olunmuşdu… Lakin AzTV-nin bir sujeti isə Heydər Əliyevin Azərbaycan kinosunun inkişafına verdiyi töhfələr, dəyərlər və s. barədə idi. Lakin naşılıq həmin verilişi uğursuz etmiş oldu. Belə ki, Azərbaycanın ayrı-ayrı filmlərindən nümunələr göstərildikcə titrdə belə bir təqdimat yazılırdı: «Heydər Əliyevin Azərbaycan kinosundakı rolu».
Ən pisi o idi ki, milli filmlərimizdən kiçik nümunələr göstərildikcə mənfi obrazlar da ekrana gətirilirdi və yenə də titrdə «Heydər Əliyevin Azərbaycan kinosundakı rolu» sözləri tamaşaçının diqqətini cəlb etməyə bilmirdi. Nabələd tamaşaçı hardan biləydi ki, bu sözlər Ulu Öndərin təqdim olunan kinodakı hansısa roluna aiddir, yoxsa Heydər Əliyevin Azərbaycan kinosunun inkişafındakı misilsiz roluna.
Bax belə. rəsmi Dövlət Televiziyası adlandırılan AzTV-nin yaradıcı heyəti və proqramların direktorları-rejissorlar, xüsusən də sədri Rövşən Məmmədov Azərbaycanın görkəmli siyasətçiləri, dövlət xadimləri barədə verilişlər hazırlayanda son dərəcə diqqətli olmalıdırlar.
A.Məmmədli