Salam sevimli dostlarım, hörmətli tanışlarım, əziz qohumlarım və aidiyyəti olan təşkilatlar sizlərlə bir qədər dərdləşmək üçün yenə qələmi əlimə aldım.
Hamınız mənə aid olan faktların çoxu ilə tanışsınız. Ancaq ürəyimdə qırılıb qalan xeyli sözüm var. O sözləri də sizlərə ərz etmək istəyirəm. Dünya ölüm-itim dünyasıdır. Bu sözləri özüm ilə o dünyaya aparmaq istəmirəm, sizlərlə burada bölüşmək istəyirəm.
Bilirsiniz ki, Hayların Qarabağ tələbi başlanan ilk günlərdən AzTv-nin jurnalisti, redaktoru, əməkdaşı kimi mən Adil İrşadoğlu (Əliyev) öz çəkiliş qrupum, sevimli və unudulmaz həmkarlarım ilə birlikdə 1-ci Qarabağ - Böyük Vətən müharibəsində gecə-gündüz, yorulmadan cəbhənin müxtəlif bölgələrində video çəkilişlər edib, yaddaqalan verilişlər hazırlayıb Vətənimizin gerçək tarixini yaratmışıq. Özünümüdafiə batalyonlarının döyüş əzminin yüksəldilməsində, iş adamlarını səfərbər edərək onlara maddi və mənəvi dəstək göstərməsində müstəsna xidmətlər etmişik.
Mən, telejurnalist Adil İrşadoğlu 1989-cu ilin oktyabr, noyabr, dekabr aylarında Azərbaycan Dövlət Televiziyasından ŞUŞA şəhərinə könüllü ezam edilmişdim. ŞUŞA şəhərinin Teleötürücü Stansiyasında yaratdığımız balaca Studiyadan Azərbaycanın 20 rayonuna veriliş yayımlayırdım. Daşnaq və rus birləşmələrinin separatçı təbliğatına qarşı əks təbliğat aparırdım.
Aparıcısı olduğum verilişlərimdə görkəmli, vətənpərvər şair Zeynal Vəfanın şeirlərindən verilişimin daxilində yeri gəldikcə əzbərdən istifadə edirdim. Verilişimi bu formada tamaşaçılarıma təqdim etməyim onların xoşuna gəlirdi. ŞUŞA camaatı çox həssas və diqqətli camaatdır. Hər verilişimdən sonra onlar mənimlə rastlaşanda yaxınlaşıb məhəbbətlə salam verirdilər və efirdə söylədiyim şeirləri bir daha təkrar etməyimi xahiş edirdilər. Mən şeirləri təkrar söyləyəndə onlar ciblərindən kağız, qələm çıxarıb köçürürdilər...
Şuşada teleyayımın təşkili, yerli əhalinin ruhlandırılması və özünəgüvənin artırılması üçün gecə-gündüz çalışanların biri də mən idim. Öncə qeyd edim ki, Vətən uğrunda əyninə hərbi forma geyib səngərlərə gələn insanların və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Heç kimin haqqını danmaq olmaz. Gerçəkdən canını fəda edən insanları kölgədə qoyub təsadüfi adamları fədai kimi, xilaskar kimi təqdim etmək yolverilməzdir. Bu, bizi təhqir etməkdir.
Vətən uğrunda, torpaq uğrunda mən də 8 il canımı qoydum, həyatımı, ailəmi təhlükəyə atdım. Rəhmətlik jurnalist Salatın Əsgərovanın qətlə yetirildiyi Şuşa, Turşsu, Laçın yolunu Əlisaab (Əlisahib) Səftər oğlu Orucovla və çəkiliş qrupumla birlikdə dəfələrlə o baş, bu baş qət etdik, videoçəkilişlər apardıq, operativ verilişlər hazırladıq, çəkişmələrdən narahat qalan Azərbaycan əhalisinin gözünü yolda qoymadıq, onları mütəmadi baş verən hadisələrlə məlumatlandırdıq.
Rəhmətlik Çingiz Mustafayevin cəbhə boyu qarış-qarış gəzdiyi səngərlərdə biz də olduq, biz də videoçəkilişlər edib Vətən qarşısında borcumuzu yerinə yetirdik. Başqa cür fikirləşməyin, özümü və digər cəbhə yoldaşlarımı Çingiz Mustafayevlə müqayisə etmək fikrim yoxdur.
Çingiz Mustafayev başqa aləm idi. O, Qarabağ müharibəsi haqqında səkkiz ay ərzində 18 ədəd sənədli film hazırlamışdı. Çingiz Mustafayev müharibədə təkcə jurnalist kimi iştirak etmirdi. O, həm də səngərdə özünü mənim kimi əsgər, zabit, hətta komandir hiss edirdi. Allah Salatına da, Çingizə də qəni-qəni rəhmət eyləsin. Qəbirləri nurla dolsun.
Allah ölməyən cəbhə jurnalistlərinə və onların çəkiliş qruplarının üzvlərinə də rəhmət eyləsin. Ölməyənlərin günahları odur ki, ölmədilər, ölə bilmədilər...
Mən, Azərbaycan Dövlət Universitetində ali təhsil alarkən (1972-1977) Universitetin hərbi kafedrasında da paralel olaraq 5 il hərbi təhsil almışam və imtahan verib motoatıcı vzvodun komandiri adına, leytenant rütbəsinə layiq görülmüşəm. Sonra isə mütəmadi olaraq ehtiyatda olan zabitlərin ümumrespublika hərbi toplantılarına çağırılmışam. 1-ci Qarabağ - Böyük Vətən müharibəsi başlayandan sonadək cəbhəyə könüllü ezamiyyətə getmişəm, birbaşa əməliyyatlarda iştirak edib videoçəkilişlər aparmışam.
Tale elə gətirdi ki, 1999-2001-ci illərdə Qarabağ Əlillərinin orqanı olan “Əlillər” qəzetində məsul redaktor kimi çalışdım. Qəzetin baş redaktoru tələbə yoldaşım rəhmətlik Müştəba İsmayıloğlu idi. Qəzetin bütün yaradıcı və texniki proseslərində yaxından iştirak edirdim. Baş qazi rəhmətlik Etimad Əsədovun və qazilər heyətinin razılığı ilə “Əlillər” qəzetinin içərisində Çeçenstan Respublikasından bizə pənah gətirmiş qazilər və onların ailələri üçün rus dilində “Salam” adlı qəzet buraxmağa başladıq. O vaxt bütün qəzetlər hələ də Kiril əlifbasıyla çap edilirdi. Mənim təşəbbüsümlə Azərbaycanda ilk dəfə “Əlillər” qəzeti Kiril əlifbasından Latın əlifbasına keçdi.
Buvaxtadək mənə nə "MÜHARİBƏ İŞTİRAKÇISI", nə də "MÜHARİBƏ VETERANI" adı verilməyib. Dövlətin heç bir qayğısı ilə mükafatlandırılmamışam. Təəssüf ki, mənim kimi digər cəbhə jurnalistləri də öz layiqli qiymətini almayıb. Ancaq "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Kərim oğlu Əliyevin və birliyin idarə heyyəti üzvlərinin təşəbbüsü ilə məni xidmətlərimə görə "Qarabağ qaziləri" ictimai birliyinə üzv qəbul etdilər və halalca qazi adımı rəsmiləşdirib özümə qaytardılar. Bunu AzTv-nin arxivindəki, şəxsi arxivimdəki ön cəbhədən hazırladığım saysız-hesabsız verilişlərim, çəkilən fotolarım və yazılarım sübut edir. Yadınızda saxlayın ki, müharibədə savaşı aparan qazi, savaşda həlak olan isə şəhiddir. QAZİ YARALI ƏSGƏR DEMƏK DEYİL !
1-ci Qarabağ - Böyük Vətən müharibəsinin gerçək iştirakçıları, gerçək qəhrəmanları indi səfalət içərisində yaşayır. Aidiyyəti qurumlar gəlib araşdırma aparsınlar ki, bu torpağın uğrunda canını qoyan, öz həyatını, ailəsinin həyatını təhlükəyə atan kimlər olub, kimlərə dəyər vermək vacibdir.
Təsəvvür edin, bizim sağlığımızda, gözümüz görə-görə tarix saxtalaşdırılır, haqqı olanların haqqı danılır.
1-ci Qarabağ - Böyük Vətən müharibəsi dövründə torpaqlarımız uğrunda vuruşan, canını qoyan adamlar heç yada düşmür.
YAP icra katibinin müavini Siyavuş Novruzovun “Yeni Müsavat”a verdiyi müsahibədə səsləndirdiyi bəzi fikirlər rezonans doğurdu. O, Azərbaycanda 90 min nəfərin cibində müharibə veteranı vəsiqəsi olduğunu bildirdi. YAP funksioneri saxta müharibə veteranı statusu qazananların məsələsini bir daha gündəmə gətirdi. “Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min iki ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib”.
Əslində S.Novruzov fikirlərində bəzi həqiqətləri dilə gətirib. Ölkəmizdə 90 min müharibə veteranı statusu qazananların buna necə nail olması suallar doğurur.
“Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu isə deyir ki, Azərbaycanda rəsmən 49 minə yaxın müharibə veteranı var. Bura əsasən Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin tərkibində olan döyüşçülər daxildir. “Digər tərəfdən əgər müharibə veteranlarının sayı şişirdilibsə, bunun günahı o zamankı müharibə batalyonlarında deyil, aidiyyəti strukturların daxilində olan komissiyalardadır. Məhz onların rüşvətxorluğu, yaratdıqları korrupsiya hallarına görə mövcud vəziyyət yaranıb. Bəli, mən də razıyam, müharibə veteranlarının sayında şişirdilmə var. "Cənab nazirimiz Zakir Həsənov Müdafiə Nazirliyinə rəhbərlik etməyə başlayanda ona açıq məktub yazmışam. O məktub bu dəqiqə də saytlarda var. Orada da veteranların vəsiqələrini ala bilməmələrini yazmışam. Həqiqi veteranlar kənarda qalıb, dələduzlar, yaramazlar pul verərək, arayış alıb müharibə veteranı statusu daşıyırlar. Bu da yenə deyirəm, 90 min deyil, 49 min civarındadır. Doğrudur, o vaxtlar batalyonlarda sənədləşdirmədə problemlər olub. O zaman ordu təzə yaranırdı, dövlət yeni qurulurdu, onun üçün də belə problemlər var idi. Bunu heç kəs inkar etmir. Amma faktdır ki, bu gün bəzi şəxslər rüşvət vermə yolu ilə veteran statusları alıblar. Məsuliyyət isə dövlət qurumlarının boynundadır. Zəhmət çəkib əvvəlcə o rüşvətxorluğun qarşısını alsınlar. Komissiya yaradırlar, nə üçün ora müharibə veteran təşkilatlarının, Qarabağ qazilərinin, şəhid ailələrinin nümayəndələrini daxil etmirlər? Belə olsa, şəffaflıq yaranacaq, əsl həqiqətlər üzə çıxacaq. Şəffaflıq olmadığından belə problemlər yaranır... Həqiqi döyüşən insanlar var ki, bu günləri də veteran statusu ala bilmirlər".
Rey Kərimoğlu deyir ki, “Ümumiyyətlə, Qarabağ döyüşlərində açıq hərbi əməliyyatlarda iştirak edən insan az olub. Amma cəbhəyə ezamiyyətə gedən, birbaşa əməliyyatda iştirak etməyən xeyli insana da veteran statusu verilib. Məsələn, ezamiyyətə olan polislər olub ki, cəbhə xəttindən 30-40 kilometr aralıda pasport rejimini yoxlayıb. Və ya Bakıdan və digər rayonlardan göndərilən ərzaq yardım maşınlarını müşayiət ediblər. Bu gün onlar da veterandır. Bəli, Qarabağ döyüşündə polislərimizin xüsusi xidməti olub. Döyüşüblər, şəhid olublar, Qarabağ əlili olanları var. Amma ezamiyyətə gedib, cəbhə xəttindən 40 kilometr kənarda xidmət keçənlərlə onlar arasında fərq qoyulmalıdır. Biri gedib Ağdamın həmin vaxt heç mərmi üzü görməyən ərazisində telefon və ya işıq dirəyi basdırıb. O da indi cibində veteran vəsiqəsi gəzdirir. Axı o, döyüş görməyib! Bu məsələlər ciddi şəkildə araşdırılmalıdır, bir təsnifatı olmalıdır. Döyüşən, döyüşdə iştirak edən və arxa cəbhədə xidmət edənlər bilinsin”.
© Vision TV-nin baş redaktoru jurnalist Şöhrət El-Dəniz:
1-ci Qarabağ savaşının ilk günündən son gününə kimi cəbhə bölgəsində çəkilişlərdə olan, Müstəqil Azərbaycanın ilk hərbi jurnalistikasıni yaradanlardan sayılan Adil İrşadoğluna vətən üçün etdiyinin qarşılığı vaxtında verilməliydi. Bu qədər gecikməyinin səbəbi nə olursa olsun bağışlanmazdır. Adil müəllimin haqqını yeyənlər utanmalıdırlar. Və gec də olsa haqq yerini tutmalıdır.
© Azərbaycan İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahira Məmmədova:
Adil müəllim, siz Azərbaycan hərbi jurnalistikasının bünövrəsini qoyanlardan birisiniz. Mən elə bilirdim ki, dövlətimiz sizin bütün ehtiyacınızı çoxdan ödəyib. Əfsuslar olsun...
Qarabağ döyüşlərındə ön çəbhədə olmusunuz. Real çəkilişlər etmisiniz, verilışlər hazırlamısınız, gerçək tariximizi yaratmısınız. Bugünə gədər fəal, öndə gedən jurnalistsiniz. Nədən bunu indıyədək görməməzliyə vurublar?!
© Qobustan rayonunun Dərəkənd kəndində biologiya müəllimi Yusif Dirili:
Adil müəllim müharibə başlayandan sonadək cəbhəyə könüllü ezamiyyətə gedən, birbaşa əməliyyatlarda iştirak edib videoçəkilişlər aparan kifayət qədər təcrübəli jurnalistdir, vətənsevər, xalqsevər ziyalıdır, müharibə iştirakçısıdır, yaradıcı şəxsdir. Əlbəttə, dövlətin qayğısına ehtiyacı olan belə insanlarımıza diqqət gərəkdir, təminatı yüksək səviyyədə olmalıdır ki, daha yaxşı işləmək üçün şəraiti, imkanları artsın. Jurnalist Adil İrşadoğlunun hərtərəfli təmin olunmasını dəstəkləyirəm və düşünürəm ki, onun buna yüz faiz haqqı çatır.
© İqtisadçı, daimi oxucu Tofig Cəfər oğlu Aliyev:
Adil müəllim az zaman kəsiyində bir çox qəzet redaksiyalarının yaradılmasında xüsusi rolu olmasıyla bərabər, bu redaksiyalarda aparıcı vəzifələrdə işləmişdir. Qarabağ müharibəsi zamanı Adil müəllim məhz bir əlində silah, digərində qələm və mikrofonla, erməni səngərləriylə üzbə-üz, 250 - 300 metr məsafədə döyüşə-döyüşə fəaliyyət göstərən çox az jurnalistlərimizdəndir.
Adil İrşadoğlu (Əliyev) layiq olduğu peşə imtiyazlarından və dövlət tərəfindən qiymətləndirilmələrdən kənarda qalsa da, bu, onun sənətinə olan sevgisini azaltmamış və xalqına, dövlətinə olan məhəbbətinə xələl gətirməmişdir.
Kaş bir çox digər həmkarlarınızdan müsbət yöndə fərqləndiyiniz kimi, yəni köklü, ziyalı nəsildən olmanız və keçdiyiniz aktiv, işgüzar, xalqımız üçün səmərəli fəaliyyətinizlə bərabər, bir az da müasir zəmanənin nəbzini tuta biləydiniz, Adil müəllim. "Nebzin" nədən ibarət olduğunu, zənnimcə sizin kimi arif adama anlatmağa ehtiyac yoxdur.
Amma yox ! İnanmıram ki, fenomen bioqrafiyaya malik bir insan, öz şəxsiyyətinə "nəbz" - lə işləməyi sığışdırsın. Mən həyatımda heç vaxt "Kişi oğlu, Kişi" adını hansısa işlərə görə verilən imtiyazlara dəyişmərəm və nə yaxşı ki, bu AD sizindir, nə yaxşı ki, siz bu ADI qoruyursunuz. Rəhmət olsun sizi bu zavallı Vətənimizə bəxş edən valideynlərinizə.
© Bakı şəhər icra hakimiyyətinin əməkdaşı Hümbət Soltanov:
-Hörmətli Adil müəllim, sizin qədər peşəsinə bağlı ikinci kimsə görmədim. Çox vətənpərvər, dövlətinə, xalqına bağlı peşəkar bir jurnalist, yüksək mədəniyyətə malik şəxsiyyətsiniz. Siz müharibədə ən qaynar döyüş bölgələrindən reportajlar, verilişlər hazırlayıb AzTv-nin efirindən (1988-1996) yayımlamısınız. Xalqımızı cəbhə ilə bağlı məlumatlandırmısınız. Sizin dövlət və xalq qarşısında xidmətləriniz böyükdür.
Bu ilin noyabr ayında sizin 70 yaşınız tamam olur. İnanıram ki, bu münasibətlə dövlət başçımız və əlaqədar təşkilatlar - Azərbaycan Jurnalistlər Birliyi (AJB), Azərbaycan Mətbuat Şurası (AMŞ) bütün ehtiyacınızı nəzərə alıb sizi tezliklə sevindirər. Əvvəlcədən dövlət başçımıza və bu təşkilatlara təşəkkür edirəm.
© Azərbaycan Texniki Universitetinin Nəşriyyatında redaktor, jurnalist Sədaqət Şahbazova:
Ümid edirəm ki, QƏLƏMİ ilə, geniş miqyaslı fəaliyyəti ilə ön cəbhədəki qədər vuruşan bir JURNALİSTİN müraciəti cavabsız qalmayacaq. Sənəti ilə xalqa xidmət edən tələbə yoldaşım dövlətin qayğısı ilə mükafatlandırılacaq.
© Jurnalist Adil İrşadoğlu (Əliyev):
Mən də ümid edirəm ki, hərbi jurnalist Adil İrşadoğlu (Əliyev) və cəbhədə xidməti olan digər həmkarlarım tezliklə öz layiqli qiymətini - "Müharibə iştirakçısı", "Müharibə veteranı" adlarını alacaq, dövlətin qayğısı ilə mükafatlandırılacaq və ədalət bərpa olunacaq.
Hörmətlə,
Adil İrşadoğlu (Əliyev) ©
Qocaman televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).
03.06.2023.