İnanırıq ki, gənc Rüfanə Məmmədxanqızı növbəti dəfə bizləri daha püxtələşmiş şeirləri ilə tanış edəcək
Dekabrın 4-də şair dostum Abil İslamın Yazıçılar Birliyində 65 illik yubileyi keçirilərkən, olduqca gənc olan Rüfanə xanımla tanış oldum. Məlum oldu ki, Sənaye-Pedaqoji Kollecində Abil İslamın tələbəsi olub və hazırda Rəssamlıq Akademiyasını arxivində sadə bir işçidir. Amma bu balaca qızın geniş şair ürəyi varmış. Abil bəy də söhbətimizdə bildirdi ki, Rüfanənin həm şeiri dəlicəsinə sevdiyini, həm də şeir yazdığını bilir, amma yazdığı şeirləri dəfələrlə istəsə də, üzə çıxarmır. Mən təklif etdim ki, şeirlərini mənə kompüter yazısı ilə təqdim etsin. Əgər şeirin qaydalarına müəyyən qədər cavab versə, öz saytımızda dərc edərik. Onu da qeyd etdim ki, mən şeirə qarşı çox tələbkaram, xoşuma gəlməsə, açıq deyəcəyəm. Görünür mənim belə deməyim Rüfanə xanımı bir az qorxutmuşdu deyə, sonrakı günlərdə şeirlərini təqdim etməyə utanırdı ki, şeirləri çox pis olar və bəyənmərəm. Nəhayət, bu balaca qızın qəlb çırpıntıları olan bir neçə şeiri ilə tanış ola bildim. Özünün dediyinə görə şeirləri çoxdur. Amma hələ ki, bir neçəsini utana-utana mənə təqdim etdi.
Gənclərə mənəvi dəstək olmaq, onlara yol açmaq, içindəki duyğuları üzə çıxartmaq, biz böyüklərin müqəddəs borcudur. Nə bilmək olar, bəlkə bu balaca qız gələcəkdə tanınmış bir şair olacaq? Bunu gələcək göstərər. Ustad şairimiz Nəriman Həsənzadənin isə, bu barədə belə bir şeiri var:
“Mənim də gəmim yan alır sahilə,
Sular lal dayansa, o gələ bilməz.
Həyatda ən böyük istedad belə,
Bir sığal görməsə, yüksələ bilməz!”
Gənclərə dayaq durmaq təbii ki, həmişə lazımdır.
Şeirlərinin dərc olunacağını eşidəndə, Rüfanə sevincindən uşaq kimi göz yaşlarını saxlaya bilmədi. Bu da onu göstərir ki, gənc Rüfanənin şeirə, ədəbiyyata çox möhkəm bağlılığı var. Şeirlərinin ilk dəfə dərci də onu təbii ki, ruhlandıracaq. Çünki şeir yazmaq üçün bu qızda potensial görürəm. İndi Rüfanə Məmmədxanqızının ilk qələm təcrübəsi olan şeirlərini birinci dəfə “Təzadlar”ın oxucularının diqqətinə təqdim edirəm.
SEVGİ GƏRƏK
Eyləyib sevgimi qəlbimdə qərib çərxi-fələk,
Bu qədər hicrana, zülmə söylə, yarım nə gərək.
Arzumdur, biz səninlə bir ağlayıb, birgə gülək,
Söylə, sənsiz dözərmi alışıb, yanan bu ürək?
İstəməm dövləti, malı, bu fani dünyada mən,
Gəl sən ol dövlətim, varım, mənə dünya nə gərək?
At sən bu qürur daşın, sil gözümdən axan yaşı,
Neyləyim eşq savaşın, çün bu qəlbə sevgi gərək.
MƏHƏBBƏT BADƏSİ
Həyatda yel kimi hər yana əsmə,
Bir iş tutan zaman heç vaxt tələsmə.
Çalış hər yetənlə duz-çörək kəsmə,
Kəsdinmi, qədrini biləsən gərək!
Bir deyil qiyməti zərlə, gümüşün,
Özünlə yanaşı daşqasın düşün.
Təsiri az olur saxta gülüşün,
Güləndə ürəkdən güləsən gərək.
Vəzifə düşkünü olma həyatda,
Xoşbəxtlik axtarma toyda, büsatda,
Dövran dəyişibdir, hər bir saatda,
Hər günün qədrini biləsən gərək.
Özündən gücsüzə vurma silləni,
Arxadan heç kimə atma gülləni,
Zülümlə qalxmısan sən bu pilləni,
Enmək çox asandı, biləsən gərək.
Gəl heç bir nadanla oturub-durma,
Əhlikef adamla məclislər qurma,
Hər yoldan ötənlə badələr vurma,
Ayıqkən dostunu seçəsən gərək.
Axtarma vəzifə, uyma sən vara,
Sına dostlarını, düşəndə dara,
Çox da bel bağlama vəfasız yara,
Bu dərsi əvvəldən keçəsən gərək.
Bu mənəm, nə paxıl, nə də ki, xain,
Hərə həyatda götürür payın.
Qoy hər kəs düşünüb, tapsın öz tayın,
Yaxşılıq yolunu keçəsən gərək.
Artıq tamam olub bu gündə yaşım,
Yaxşını, yamanı çox çəkib başım.
Yanımda əyləşib yarım, yoldaşım,
Məhəbbət badəsin içəsən gərək.
SEVGİ DASTANIDIR
Hər solan güllər qəlbə nisgil salar,
Acını, kədəri hər kəsdən danar.
Vəfasız eşqlərin oduna yanar,
Hər solan güllər sevgi dastanıdır.
Hər solan güllər öpər göz yaşını,
Saxlayar vəfasız eşqin yasını.
Atır bir-bir kədər, qəmin daşını,
Hər solan güllər, sevgi dastanıdır.
Hər solan güllər, qəmə bir qəm qatır,
Tənha gecələrdə puç olub batır.
Eşq adlı oyunlar belə son tapır,
Hər solan güllər, sevgi dastanıdır.
ALDATDI GÖZLƏRİN MƏNİ
Qəlbimi yerindən sanki çıxardı,
Nə yaman aldatdı gözlərin məni.
Məni sonsuzluğa alıb apardı,
Nə yaman aldatdı gözlərin məni.
Sanırdım dünyanın ən xoşbəxtiyəm,
Göylərin buludu, duman, çəniyəm.
Bilməzdim eşqində şam tək əriyəm,
Nə yaman aldatdı gözlərin məni
ÜRƏYİ YARALIYAM MƏN
Tanrım, çox sınaqdan keçirdin məni,
Hələ də ürəyi yaralıyam mən.
Qırdın, parçaladın sevən qəlbimi,
Gör necə taleyi qaralıyam mən.
De, günahım nədir, səhvim hardadır?
Yollarım bağlanıb, gözüm yoldadır.
Bu zalım dünya da məni aldadır,
Sevgi məskənindən aralıyam mən.
***
Gənc Rüfanə xanımın 2020-ci ildə başlayan və çoxsaylı can alan koronavirus dövründə insanların qorxusu, bir-birinə dəstək olması, ümumi bəlaya qarşı birgə sinə gərməsini və s. çox incə bir duyğularla qələmə aldığı bu yazı xeyli maraqlıdır. Bu duyğularla da sizləri baş-başa buraxıram. Əziz oxucular, inanıram ki, gənc Rüfanə xanımın Pandemiya dövründə keçirdiyi hissləri sözə çevirib yazdığı bu kövrək sətirlər, sizlərin də marağına səbəb olacaq.
***
KARANTİN BARƏDƏ DÜŞÜNCƏLƏRİM
Həyatımızda çox qəribə bir dövran başlayıb. Qapılar var, amma onları hər kəs keçə bilmir. Pəncərələrimiz var, amma onlar nəfəs almağımıza mane olur. Əvvəllər olduğu kimi, istədiyimiz yerlərə (park, teatr, əyləncə mərkəzləri və s.) rahatca getmək mümkün deyil. Sevdiklərimizə toxuna bilmirik və özümüzü qorumağa çalışırıq ki, ətrafdakılara zərər gəlməsin. Bu böyük sınaq zamanı, insanlar əlində olanla razı olmağı öyrənir və sevdiklərinin qədrini daha yaxşı qiymətləndirməyə çalışırlar.
Bəli, bir virusun qarşısında bəşəriyyət insanı acizliyini göstərir. Bütün dünya bu bəlaya əsir olub. Hərdən vallah, düşünmək də asan deyil. Bəziləri isə, vəzifələrində, dövlət işlərində, başqalarını alçatmaqda və ya başlarına gələnləri bilmədən qınamaqda davam edirlər. Bu, eyni zamanda, insanlar arasında sevgi, mərhəmət və hörmətin tamamilə itirilmiş olduğu bir dövranın göstəricisidir.
Hər birimiz sadəcə özünü düşünür və özü üçün yaşayır, təbəqələşmə artmaqdadır. Bu isə, yalançı dostları, tanışları və qohumları daha da uzaqlaşdırmağa və qırmağa səbəb olur. Həmişə deyirdim və bir daha deyirəm – sevdiklərinizlə bərabər, ən çox da ailənizi düşünün.Çünki çətin anlarda məhz ailə dəstəyini hiss etmək ən çox vacibdir.
Bir virusin təsiri ilə dostlarımızı itiririk və bu gün başqa səbəblərlə yalnız qalmaq təhlükəsi ilə üzləşirik. Həyatda ən yaxın dostumuz, sirdaşımız ayna qarşısına keçdiyimiz anlardır. Unutmayın ki, özünüzə güvənmək, inanmaq və başqa heç kəsə ehtiyacınız olmadığını bilmək, ən mühüm amildir. Bu virus insalara bir çox dərslər verir. İnsanlar təmizlik qaydalarına əməl etməyi, nəzakət və bir-birinə hörmət etməyi öyrənirlər. İnsanlar daha çox bir-birinə yardım etməyi və əllərindəkilərə qane olmağ çalışır, həyatın, insanların dəyərini daha yaxşı başa düşür.
Bu pandemiya dövründə insanlar arasında sevgi və mərhəmət əsasında yaşamaq, təşviq etmək mümkün olmur, lakin “Evdə Qal” şüarı ilə birgə dayanmağı və bir-birimizə dəstək olmağı öyrəndik.
Beləliklə, 2020-ci ilin karantin həqiqətləri ilə baş-başa qalarkən, bir-birimizə dəstək olmağı, qarşılıqlı hörmət göstərməyi, sevgi və mərhəməti unutmamağı başlıca amil kimi qəbul etdik. Çox zaman, insanların dünyaya baxışı bir pəncərənin arxasından görünür. Fərqli ölkə və şəhərlərdə yaşayan insanlar isə, eyni təəssüratları, fərqli şəkildə hiss edirlər. Lakin bu dövrdə, hər kəs müxtəlif yerlərdə, öləkələrdə eyni qorxulu mənzərəni birləşmiş şəkildə seyr edirlər.
Rüfanə Məmmədxanqızı
Hazırladı və təqdim etdi:
Elçin MƏMMƏDLİ