Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və A.Şaiq adına 2 nömrəli kitabxana filialı Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə birgə “Böyük Qələbəmizin ilk addımları” adlı tədbir keçirdilər.
Mərkəzi Kitabxanadan "Təzadlar"a bildirilib ki, tədbir Azərbaycan Milli Ordusu tərəfindən Qarabağ cəbhəsinin Füzuli rayonunun Horadiz qəsəbəsinin və bir sıra Arazboyu kəndlərinin erməni işğalından azad edilməsinin 30 illiyinə həsr olunmuşdu.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq, ötən əsrin 90-cı illərində ölkəmizdəki siyasi vəziyyət, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi, onun qətiyyətli addımları haqqında məlumat verdi. O qeyd etdi ki, Ulu Öndər daima çıxışlarında bu sözləri deyirdi: “Azərbaycanın işğal olunmuş torpaqları azad olunacaq!..Əminik ki, bütün torpaqlarımız azad ediləcək, o cümlədən Şuşa da, Laçın da azad olunacaq, şuşalılar, laçınlılar öz evlərinə, yurdlarına, torpaqlarına qayıdacaqlar. Buna heç şübhə yoxdur.” L.Məmmədova Azərbaycan ordusunun ilk qələbələrindən məlumat verdi və qeyd etdi ki, qəhrəman şəhidlərimiz adlarını tarixə yazdılar. O, bizə Zəfər sevincini yaşadan Ali Baş Komandana minnətdarlığını bildirdi.
A.Şaiq adına 2 nömrəli kitabxana filialının müdiri vəzifəsini icra edən İradə Hüseynova Azərbaycan Milli Ordusunun ilk qələbəsindən danışdı. Şəhidlərimizin Vətən uğrunda canlarından keçdiklərini, işğal altında olan torpaqlarımızın rəşadətli ordumuzun sayəsində alınmasından qurur hissi ilə məlumat verdi.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Mayrux Cavadova “Böyük Qələbəmizin ilk addımları” adlı məruzə ilə çıxış etdi.
“Azərbaycan Respublikasının şəhid ailələri, müharibə əlilləri və veteranlarının müdafiəsi” İctimai Birliyin Cəbrayıl rayonu şöbə sədri, qazi, leytenant Səməd Atakişiyev keçdiyi döyüş yolundan, onunla bir yerdə ön cəbhədə döyüşənlərin mərdliyindən, Vətən uğrunda hər an canından keçməyə hazır olan igid oğullardan danışaraq ötən 30 ilin xatirələrini yada saldı.
Respublikanın Əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-Tədqiqat Mərkəzinin elmi işçisi Zülfiyyə Vəliyeva öz fikirləri ilə tədbir iştirakçıları ilə bölüşərək mənfur, yağı düşmənin qəddar olmasından danışdı.
“Haqq-ədalət yolu, türk dünyası” İctimai Birliyinin sədri, xeyriyyəçi Şükufə Qarabağlı şəhid ailələrinə, qazi və könüllü Vətən fədailərinə yaxından dəstək olmasından, onlarla qürur duymasından söhbət açdı.
“Qızıl Qələm” mükafatı laureatı, vətənpərvər şair Nazlı Yazar ”Qələbə qazandılar Ulduz Hilalıyla” şeirini söyləyərək, şeirdə canlandırdığı uca məqamlı şəhidlərimizin əsl Vətən oğulları kimi Vətən uğrunda ölümün gözlərinə dik baxmasından, onların şücayətindən danışdı.
Qazi, veteran, Xocalı soyqırımının şahidi Valeh Hüseynov müharibə zamanı əsirlikdə olarkən başına gələn acı xatirələrindən bəhs etdi. O bildirdi ki, müharibə illəri necə ağrılı-acılı olsa da, oğullarımız düşmənə qarşı döyüşərək igidlik nümayiş etdirdilər. Qazi vurğuladı ki, onun gitarada ifa etdiyi “Qarabağ şikəstəsi”nə görə əlləri yandırılmış, barmaqları sındırılmışdır. Uzun illər gitaranı əlinə almayan qazimiz “Qarabağ şikəstəsi”ni ifa edərək kövrəldi.
Şəhid Əmrulla Əliyevin atası Vahid Əliyev oğlu haqqında danışaraq qeyd etdi ki, evin yeganə oğlu olan Əmrulla şəhid oldu. O, oğlunun müharibədə göstərdiyi igidlikdən danışaraq, onun yoxluğundan sarsıntı keçirməsinə baxmayaraq, Zəfərdən fəxrlə danışdı. Övlad acısının böyük olduğunu, lakin onun şəhid adıyla qürurlandığını qeyd etdi.
Qazi, Birinci Qarabağ və Vətən müharibəsi döyüşçüsü Zərxanım Rəsulova ilk qələbədən fəxrlə danışdı. O qeyd etdi ki, torpaqlarımız şəhidlərin qanı bahasına azad olundu. Və belə faciəli anların bir də yaşanmamasını arzu etdi.
44 günlük Vətən müharibəsində iştirak etmiş qazilərdən Emin Piriyev, Roman İsmayılov, Tacir Bayramov çıxışlarında qeyd etdilər ki, Vətən müharibəsi bizim şanlı tariximizdir və bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək, ərazi bütövlüyünü bərpa etdi. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.
Tədbirdə iştirak edən qazilər Kənan Əhmədov, Akif Yunusov, Səbuhi Məhərrəmov, Cəfər Məmmədov, İlham Ulchuxanov, Seyfulla Niftalıyev, Azər Əhmədov, Ədalət Məhərrəmov və başqa qazi və veteranlarımızın keçdikləri döyüş yolundan və şahid olduqları ağrı-acılardan, müharibə zamanı yaralı əsgərlərə göstərdikləri qayğıdan danışdılar. “Azərbaycan Respublikasının şəhid ailələri, müharibə əlilləri və veteranları müdafiəsi” İctimai Birliyin Cəbrayıl rayonu şöbə sədri S.Atakişiyev tərəfindən hər zaman şəhid ailələrinin, qazilərin tədbirlərində təmənnasız xidmətlərinə görə İradə Hüseynova Fəxri fərmanla təltif olundu.
Tədbirin bədii hissəsində vətənpərvər mövzusunda şeirlər səsləndirildi, mahnılar ifa olundu. Vətənpərvər şair Nazlı Yazarın söylədiyi şeirlərin sədasıyla opera sənətçisi, “Türk dünyasının dərvişi” İlham Əsgər oğlu, “Musiqiçilər” İctimai Birliyinin sədri, 2019-cu ildə Bakıda keçirilən Gürcüstan-Azərbaycan Musiqi Festivalının laureatı Elxan Rəsuloğlu, gitara ifaçısı Valeh Xocalı, Vətən müharibəsi iştirakçısı, xanəndə Nail Laçınlı, 239 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi turba çalğı alətinin və vətənpərvər mahnıların ifaçısı Kərim Cəlilov, gitarada qazilər Emil Piriyev və Roman İsmayılov musiqi nömrələri ilə çıxış etdilər. Tədbirdə böyük Qələbəmizin ilk addımlarının 30 illiyinə həsr olunmuş videoçarx nümayiş olundu. Tədbir iştirakçıları Ulu Öndərin Yasamal rayon Heydər Əliyev mərkəzindəki abidəsini ziyarət etdilər.